Rus ordusu gücünü hardan alır

19.01.2021 - 10:38

Ərazimizdə sülhyaratma fəaliyyətiylə məşğul olduğu üçün Rusiyada baş verənlərə artıq ikiqat diqqət ayırmağa məcburuq. Çünki Xankəndində, Qarabağda durum Moskvada və Sankt-Peterburqda, Xabarovsk və Maqadandakı siyasi-ictimai vəziyyətdən çox asılı olacaqdır. Əslində 300 ilə yaxındır belə idi, arada müəyyən qısa dövrlərdə azadlıq üzü görməyimizi çıxsaq Qafqaz o ünlü şairin yazdığı “altımdadır” durumundan heç çıxmamışdır. Bu bizə həmişə bədbəxtlik gətirib, yoxsa müsbət cəhətləri də olub – bu artıq başqa temadır. Ancaq bir müqayisəni yazmaqdan özümü saxlaya bilmirəm: rusların Qafqaza ancaq fəlakət gətirdiyini düşünəndə hərdən Arazın o tayındakı soydaşlarımızın vəziyyətini göz önünə alın. Fars rejiminə baxanda rus rejimi şükürlü idi. İmam üçün ağlayanda, Yezidə də bir-iki damcı saxlayaq. Keçək mövzumuza.

Hazırda rus müxalifətinin lideri Aleksey Navalnı Moskvaya dönüb və onu elə hava limanında tutub zindana basıblar. Bildiyimiz kimi, onu keçən ilin yayında “Noviçok” zəhəriylə öldürmək istəmişdilər. Çağdaş dünyamızda öz müxalifət liderini zəhərlə öldürmək istəyən dövlətlər elə də çox deyil, bu mənada Rusiya ilə qonşuluqdan çalışıb “həzz almalıyıq” – müqavimət haqda o populyar afyorizmdə deyilən kimi. İndi isə Navalnını gətirən təyyarəni başqa aeroporta yolladılar, qarşılamağa gələnləri tutub döydülər və sairə. Bəlkə, yalan olmasın, uçağı göydə vurmağa hazır idilər. Dünən ona polis şöbəsində məhkəmə qurulmuşdu – şimalda hər yer məhkəmə binasıdır.

Qərb dövlətlərinin demək olar hamısı Rusiya hökumətinə bu məsələ ilə bağlı etirazlarını bildirdilər. Rusiya xarici işlər naziri Lavrov isə həmin dövlətləri öz işləriylə məşğul olmağa səslədi. Sitat: “Qərb siyasətçiləri liberal inkişaf modelinin dərin böhranından diqqəti yayındırmaq istəyirlər”. Lavrov haqlıdırmı? Mən hörmətli oxucuların diqqətini bu mövzuya yönəltmək istərdim.

Doğrudan da son illərdə Qərb dövlətlərində, demokratik dünyada çoxlu problemlər ortaya çıxır. Orta Doğudan axan miqrant seli, Britaniyanın AB-ni tərk etməsi, Fransada “sarı jiletlilər” hərəkatı, İtaliyada korrupsiya qalmaqalı, nəhayət, ABŞ-da Tramp böhranı… Gördüyümüz kimi, Qərbin, liberal demokratiyanın problemləri xirtdəyə qədərdir. Ancaq nədənsə bu problemlər həmin dövlətləri insanlar üçün yenə də cəlbedici olmaqdan məhrum etmir. Dünyanın hər yerindən şəxsi problemləri olan, işsizlik, sosial ədalətsizlik, insan haqlarının min cür problemiylə üzləşənlər Qərbə axışırlar. Elə Lavrovun Rusiyasından Qərbə qaçanlar milyonları keçir. 2017-ci ildə Rusiyanı 337 min nəfər tərk eləmişdi. Ümumilikdə Putinin hakimiyəti dövründə Rusiyanı 10,7 milyon nəfər tərk eləyib ki, bu da emiqrant sayına görə dünyada 3-cü yerdir və hətta Pakistan və Suriyanı qaçqınların sayına görə keçməkdədir. Rusiyanı tərk edənlər əsasən elə o Lavrovun dediyi “liberal böhran yaşayan” ölkələri – Almaniya, ABŞ, İsrail, Fransa, Polşa, Finlandiya, Yaponiya və sairə dövlətləri seçirlər. Həmçinin, bu miqrantlar arasında yüksək intellektuallar, pullu adamlar, müxalifətçilər çoxluqdadır.

Ümumiyyətlə, liberalizm şəxsin azadlığını dövlətdən üstün tutan sistemdir. Avtoritar rejimlərdə isə insanları dövlət naminə, ümummilli maraqlar adı altında əzməyə çalışırlar. O üzdən müəyyən məsələlərdə Rusiya kimi rejimlər demokratik Qərbdən güclü görünür. Qısa desək, burada güclü vətəndaşın zəif dövlətiylə mağmın vətəndaşın zorba rejimi üz-üzə gəlir. 1990-97-ci illərdə Bolqarıstanın prezidenti olmuş, keçmiş dissident Jelyu Jelev-in hələ 1967-ci ildə yazdığı “Faşizm” adlı kitabda bu tip müqayisələr yaxşı analiz edilib. (“Faşizm” kitabı sosialist Bolqarıstanında dərhal qadağan edilmişdi. Yeri gəlmişkən, 2005-ci ildə bizim Slavyan Universiteti bu maraqlı əsəri Rövşən Ramizoğlunun tərcüməsində dilimizdə çap edibdir). Həmin kitabdan sitat: “Əmək azadlığını boğmaqla, qeyri-iqtisadi məcburiyyət formaları tətbiq etməklə faşist dövləti işsizlik problemini də aradan qaldırır – feodalizmdə işsizlik problemi olmadığı kimi, həbs düşərgələrində də bu problem yoxdur… Faşist dövləti liberal burjua sistemindən fərqli olaraq, təsərrüfat effekti verməyən, amma hərbi baxımdan son dərəcə əhəmiyyətli işlərə (avtobanların, sərhədyanı istehkamların, körpülərin və s. tikintisinə) böyük həcmdə maliyyə vəsaiti sərf edir… Faşist dövləti ənənəvi burjua demokratiyasının heç təsəvvürünə belə gətirmədiyi bir tərzdə ən müasir hərbi iqtisadiyyatı sürətli templə inkişaf etdirir”. Sitatın sonu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930