Qüdrət Həsənquliyevdən inqilabi proqnoz: Dördüncü respublikaya doğru…

09.03.2021 - 12:36

“Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 6 partiyanın Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi və ümumiyyətlə hakim partiyanın qurultayının yekunlarına münasibət bildirərkən deyib. Əslində siyasi liderlərin və politoloqların çoxsaylı təklif-proqnozları sırasında bu fikirlərə diqqət ayırmamaq da olardı. Amma Azərbaycan siyasi sisteminin diqqətli izləyiciləri, analitiklər fərqində olmalıdır ki, BAXCP sədri proqnoz və təklifləri yüzdəyüz gerçəkləşən az sayda siyasilərdəndir. Təsdiq üçün cumhuriyyet.az olaraq yaxın tarixə qısa bir ekskurs edək.
2017-ci ilin ortalarında millət vəkili Q.Həsənquliyev növbədənkənar prezident seçkilərlə bağlı məsələ qaldırdı, sonra bu təklifə başqa siyasətçilər də qoşuldu. Amma YAP rəsmiləri qeyd edirdilər ki, seçkilər vaxtında keçiriləcək. Lakin zaman və şərait əksini göstərdi. Ardınca Qüdrət bəy parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin proqnozunu verib, bunun hüquqi bazasını əsaslandırdı. O 16 iyul 2019-cu il tarixində “Yeni Müsavat”-a verdiyi müsahibəsində eynilə belə demişdi: “YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”. Millət vəkilinin 2020-ci il 9 fevral seçkilərindən 6 ay əvvəl Nostradamus dəqiqliyi ilə verdiyi proqnoz özünü doğrultdu. Xatırladaq ki, Qüdrət Həsənquliyev mətbuata məlum açıqlamanı verəndə özünü Azərbaycanın hüquq dahisi sayan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deputatın fikrini yaxına buraxmaq istəməmişdi. Amma yenə də eyforiya yox siyasi təfəkkür haqlı çıxdı.
Təxminən bir il öncə Q.Həsənquliyevin Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı fikirlərində Rusiyaya yaxınlaşma, MDB-nin daha mükəmməl bir birliyə çevrilməsi haqda təklifləri də bəzi şəxslər tərəfindən birmənalı qarşılanmadı. Siyasi reallığı populist vətənpərvəlikdə dəfn edən bəzi “analitiklər” az qala BAXCP sədrini “vətən xaini” elan etmişdilər. Əslində o zaman BAXCP sədri “Məni Moskvanın təbliğatını aparmaqda ittiham edən kuklalara demək istəyirəm ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz” fikri ilə həmin “politoloqlara” həqiqəti qısa və net şəkildə anlatmışdı. İkinci Qarabağ müharibəsi, ondan öncəki və sonrakı gepolitik gedişat isə millət vəkilinin nöqtə atışı qədər dəqiq xətt cızdığını göstərdi. 2020-ci ilin mart ayında deyilən “Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz” fikri 8 ay sonra 10 noyabr üçtərəfli sazişdə öz təsdiqini tapdı.
Yaxın tariximizə aid siyasi proseslərdə bu qədər dəqiq və mükəmməl ikinci bir proqnozlar ünvanı yoxdur. Elə bu səbəbdən də Qüdrət bəyin son fikirləri xüsusi olaraq diqqətə alınmalı və təhlil edilməlidir. Çünki təklif yalnız ölkədə fəaliyyət göstərən partiyaların sayı ilə yekunlaşmır. Qüdrət Həsənquliyev qeyd edib ki, YAP-ı təmsil edən bütün hökumət üzvləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, pariyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər, daha yaxşı olardı: “YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı pariyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”. BAXCP sədrinin sözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub: “Bu açıqlama çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq”. Bütün bu fikirlərin konkret ifadəsini Qüdrət bəy hələ ötən il dilə gətirib: “ Biz seçkilərdən dərhal sonra yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü ilə çıxış edirik. Hesab edirik ki, ölkədə 4-cü Respublika qurulmalıdır. İndiyə qədər 3 Respublika olub – 1918-20-ci ildə parlament respublikası, sonra Sovet Sosialist Respublikası, indi prezidentli respublikayıq və 4-cüsü də yenidən parlamentli respublika olmalıdır. Biz əslində 1918-20-ci ildəki cümhuriyyətin varisiyik, səhvimiz Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən əldə edəndən sonra parlamentli respublika qurmamağımız olub”. Bir sözlə son illər bütün proqnoz və təklifləri reallaşan partiya sədri ölkənin siyasi sisteminin dəyişilməsi anonsunu verib.
Reallıqda Azərbaycan cəmiyyəti iqtidar və müxalif mövqelərinin ənənəvi baxışılarından nəinki bezib, hətta bundan ziyan çəkir. Müxalifət bu gün xalqa nağıl danışır ki, biz bu reallıqda birdən uğurlu demokratik dövlət ola bilərik, hakimiyyət isə iqtisadi və institusional islahatların həyata keçirilməsi məsuliyyətindən yayınır, komfort zonasından çıxmaq istəmir. Bu baxışın, münasibətin və bütövlükdə siyasi sistemin dəyişməsi vacibdir. Dövlətin ehtiyacları və hakimiyyətin içində müdrik insanların özünüqoruma instinkti bu gün bunu tələb edir. Dövlətin və bu millətin marağları da bu gün ilk növbədə daha açıq və inklusiv siyasi-iqtisadi sistemin yaradılmasını diktə edir. Bu addım atılmadan biz irəliyə gedə bilmərik. Nə vaxtsa gələcəkdə simvolik yox, uğurlu və dayanıqlı demokratik dövlətin yaradılması üçün bizə güclü dövlət və varlı cəmiyyət lazımdır. Belə bir cəmiyyətin qurulması isə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev kimi siyasi mövqeyindən asılı olmayaraq mahiyyəti qaraguruh olan kəsimin reaksiyasına, səs-küyünə fikir vermədən millətə və dövlətə gərəy olan həqiqətləri dilə gətirməkdən keçir. Gələcək bu mövqenin yanındadır. Azərbaycanda yeni bir nəsil yetişib. Onlar çox praqmatikdilər, çox real hədəflərə inanırlar. Həmin gənclik və milli-azadlıq hərəkatının təcrübəsini özündə yaşadan Qüdrət Həsənquliyev kimi liderlər Azərbaycanın mərhələli inkişafını yaxın illər ərzində tam təmin edə də biləcəklər.
Nəsimi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930