Toylara icazə verildi, bəs yaslar NECƏ OLACAQ? – AÇIQLAMA

24.06.2021 - 16:38

 

Toylara icazə verildi, bəs yaslar NECƏ OLACAQ? - AÇIQLAMA

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycanda müəyyən şərtlər nəzərə alınmaqla toy, nişan, ad günləri kimi kütləvi şənliklərin keçirilməsinə icazə verildi. Toylara qoyulan qadağanın iyulun 1-dən etibarən aradan qaldırılması yas mərasimlərinin təşkili məsələsini də gündəmə gətirib. Qeyd edək ki, bugünədək yas mərasimlərinin keçirilməsinə qoyulan qadağalarda yumşalma olmayıb.

Publika.az yas mərasimlərinin təşkilinə qoyulan qadağaların necə və hansı şərtlər daxilində aradan qaldırılmasının mümkünlüyünü araşdırıb.

Millət vəkili Naqif Həmzəyev bildirib ki, toy şənliklərinin keçirilməsi hazırkı durumda mümkündürsə, yas mərasimlərinin də təşkil olunması eyni qaydaları tətbiq etməklə mümkün ola bilər: “Allah heç kimin evinə yas qismət etməsin. Lakin ölüm haqdır və hər kəsin evində gözlənilir. Belə olan təqdirdə həmin mərasimin keçiriləcəyi yerlə bağlı öncədən icazə ala bilmədikləri üçün ən azı 50 nəfərlə ilkin yas mərasimini qeyd edə bilərlər. Bunun üçün COVID-19 pasportuna da ehtiyac yoxdur”.

O əlavə edib ki, daha sonra 3 və 7 mərasimləri üçün aidiyyəti qurumlardan icazə almaqla məclisləri keçirə bilərlər: “Bu halda mütləq maska taxmaq şərt olacaq. Ancaq açıq havada maska taxılmır, məzarlıqlarda da buna ehtiyac yoxdur. Elə etmək lazımdır ki, insan sayı çox olmasın və sosial məsafə gözlənilsin. Ancaq il mərasimlərini keçiriləcək zallarla öncədən danışıb təşkil etmək olar. Əsas odur ki, qaydalara riayət edək. Vətəndaşlarımız da yas sahibini çətin vəziyyətdə qoymasın”.

Deputat Ceyhun Məmmədov hesab edir ki, yas mərasimlərinin təşkili ilə bağlı bir sıra dəyişikliyə ehtiyac var. Onun sözlərinə görə, növbəti mərhələdə bununla bağlı məsələ gündəmə gələ bilər:

“Bu gün yoluxma çox azalıb, ölüm demək olar ki, sıfıra enib. Ancaq bu, rahatlıq yaratmamalıdır. Vətəndaşların narahatlıqları nəzərə alınaraq toylarla bağlı tətbiq olunan qadağalarda yumşalmalara gedildi. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Biz bu prosesə mərhələli şəkildə keçməliyik. Birdən-birə tam yumşalmaya getməyin tərəfdarı deyiləm. Nəzərə alsaq ki, Azərbaycanda bir sıra hallarda yas mərasimləri təmtəraqlı təşkil olunur. Burada bəzən israfçılıq halları olur, müəyyən narahatlıqların şahidi oluruq. Birinci növbədə toyların başlamasına icazə verilməli idi. Bu, əhalinin artımı baxımından vacib idi, çünki bu məsələ bir müddət sonra demoqrafik duruma təsir göstərəcək. Yasların bu qədər mürəkkəbləşdirilməsinin isə tərəfdarı deyiləm”.

C.Məmmədov qeyd edib ki, dini baxımdan da kütləvi, xeyli insanların iştirakı ilə günlərlə davam edən yas mərasimlərinin təşkili doğru deyil: “Biz pandemiyadan sonra yas mərasimlərinin təşkili məsələsinə yenidən baxmalıyıq. Bu məclislərin təmtəraqsız, israf olmadan keçirilməsinə çalışmalıyıq. Bu baxımdan bəzi vətəndaşlarımız səbrli olsunlar, toylarla bağlı prosesin necə getdiyinə baxılsın, növbəti mərhələdə yas məclisləri ilə bağlı məsələ nəzərdən keçirilə bilər”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli də yas mərasimlərinin təşkili ilə bağlı məsələyə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, yas məclislərinin keçirilməsinə qoyulan qadağa aradan qaldırılsa da, bu mərasimlər təmtəraq olmadan, israfa yol verilmədən təşkil olunmalıdır:

“İslamda israf həddi keçən nə varsa bəyənilmir və günah əməllərdəndir. Biz karantin müddətində toy və nişanların, yas mərasimlərinin yığcam şəkildə, təmtəraqsız, şöhrətpərəstliyə dayanmdadan icrasının mümkün olduğunun şahidi olduq. Bunları sistemli şəkildə qaydalaşdırmaq isə görünür ki, dövlətin aidiyyəti orqanlarına bağlı imiş. Pandemiya bitəndən sonra dəfn mərasimlərinin, yas məclislərinin israfa dayanaraq kütləvi şəkildə, Allahın mərhəmətindən daha çox qəzəbinə səbəb olacaq formada keçirilməsinin qarşısını almalı və bu məsələnin təkmilləşməsinə nail olmalıyıq. Bu mərasimləri kütləvi şəkildə deyil, qaydalara dayanaraq, İslam prinsiplərinə uyğun şəkildə icra edəriksə, orada karantin şərtləri də pozulmaz. Çünki 3-7 məclislərini keçirib oraya 300-500 nəfəri yığmaq, bunu da sanki birilərinə nəyisə göstərirmiş kimi etmək qəti şəkildə olmaz. Biz İslama zidd ənənələrdən qurtulmaq üçün yasların kütləvi şəkildə keçirilməsinin qarşısının alınmasında karantin tədbirlərini səbəb kimi istifadə etməliyik.

Toy mədəniyyəti ilə bağlı da eyni qaydalar olmalıdır. Əvvəllər bu məclislərə 700-1000 nəfər gəlirdisə, zənginin kasıbdan xəbəri olmurdusa, Allahın nəzərinin həmin toylarda olması şübhə doğururdu. Biz ilahi hökmlərə dayanaraq bunu söyləyirik. Yas mədəniyyətini də bu cür təbliğ edə bilərik. Yasımız da, toyumuz da hazırda şöhrətpərəstliyə dayanır. Bunun qarşısını almaq üçün inzibati metodlardan istifadə etməyin mümkünlüyünü karantin müddətində gördük”.

Yas mərasimlərinin təşkili ilə bağlı Operativ Qərargaha təklifin verilib-verilmədiyi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxladıq.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, məscidlərin açılması üçün ünvanlanan təklifdə yas mərasimləri ilə bağlı hissə yer alıb. Ancaq qurum tərəfindən xüsusi təklif ünvanlanmayıb: “Biz Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq işimizi qururuq. Məscidlərin açılması ilə bağlı təkliflərimizi vermişdik, müəyyən şərtlər nəzərə alınaraq qərar qəbul olundu. Yəqin ki, bununla da bağlı yenilik olacaq. Yas mərasimləri ilə bağlı isə xüsusi təklif ünvanlamamışıq. Məscidlərlə bağlı müraciət olunanda yas mərasimlərinə uyğun məqamlar da yer alıb. Sosial məsafə saxlanılmaqla, digər məsələlər nəzərə alınmaqla, sanitar qaydalara riayət etməklə ümumi qaydalara uyğun olaraq prinsipcə bunları da etmək mümkündür. Yəqin ki, buna da icazə veriləcək. Hissə-hissə bu məqamlara aydınlıq gətirilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031