Etibar Əliyev: “Məktəblərimizi urvatsız edən kimlərdir?” – “Məhəbbətin klanı”nın yalnız bir həlqəsi

28.09.2021 - 00:56

Mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bu heç də onun əlində olan inzibati resurslarla, maliyyə rıçaqları ilə bağlı deyil. Medianın dördüncü hakimiyyət olması onun cəmiyyətə təsir imkanları ilə ölçülür. Demokratiyanın təməl prinsipi olan söz azadlığının təmin olunması təkcə geniş xalq kütlələri üçün deyil, elə hakimiyyət üçün də vacibdir. Sir deyil ki, iqtidar mənsublarının doğru informasiya ilə təmin olunmasında müstəqil KİV-lərin böyük rolu var. İstər Heydər Əliyevin, istərsə də İlham Əliyevin hakimiyyət dövrü üçün bu barədə onlarla nümunə çəkmək olar. Onların dəfələrlə “Jurnalistlərin dostu” adlandırılması da təsadüfi sayılmamalıdır.

Müstəqillik tariximizdə Azərbaycan mətbuatı ziddiyyətli, həm də şərəfli yol keçib. Eyni zamanda istər Ulu öndərin, istərsə də İ.Əliyevin media mənsublarına dəstəyi danılmazdır. Bəzən ən sərt tənqidlərə rəğmən müxalif media mənsublarının dəstəklənməsi faktları dediklərimizin təsdiqidir. O da gizlin deyil ki, yüksək vəzifə mənsublarının mediaya savaş açdığı zamanlar da olub. Azad sözü düşmən gözündə görən belələri əllərində olan imkanlardan istifadə edərək müstəqil mətbuatı çökdürməyə çalışıblar. Məhkəmə çəkişmələri, yüksək məbləğli cərimələr, hətta həbslər… Amma belələrinin dövranı başa çatıb vəzifə kreslosundan atılandan sonra yardım üçün mətbuatın qapısını döydüyünü, müdafiə üçün dil tökdüyünü də görmüşük. Necə deyərlər sap dönər kəsər dönər, gün gələr hesab dönər !

Vəzifə mənsubları arasında geniş yayılmış “özünümüdafiə instiktindən” biri də şərəf və ləyaqətin təhqir olunması iddiasıdır. Nə sirr-xudadırsa bunlar haqqında tənqidi yazı yazanda, azacıq qırmızı cizgilərini keçəndə şərəf və ləyaqətləri “təhqir olunur, alçaldılır.” Məgər insanın şərəf və ləyaqəti onun tutduğu vəzifə kürsüsünəmi bağlıdır? Onda mənsəb sahibləri tərəfindən haqqı tapdalanan milyonlarla sadə vətəndaşın şərəf və ləyaqəti yoxdurmu?
Yazırsan ki, rəhbərlik etdiyi sahəni özəl müəssisəsinə çevirib, xətrinə dəyir. Korrupsiyaya qurşanıb, rüşvətxordur, inciyir. Vəzifəyə gəlmək üçün bir qucaq pul verib, göyə çıxır. Bir az da dozasını artıranda məhkəməyə baş vurur ki, bəs mənim şərəf və ləyaqətimi təhqir ediblər. Amma bir soruşan yoxdur ki, sənin şərəf və ləyaqət dediyin kriteriyalar üçün Cinayət məcəlləsində neçə bənd maddə var,əfəndim.

Bu yaxınlarda Rubrika.az saytının baş redaktoru Nicat Mahmudov da belə bir olayla qarşılaşıb. Onun 20 saylı məktəbin direktoru barəsində yazdığı tənqidi materiallar da nədənsə müəllimənin şərəf və ləyaqətinə toxunub və üz tutub məhkəmələrə. Esmira Ağayeva az qala bildirib ki, Azərbaycan təhsili bu gün ayaqda qalmasına görə ona borcludur və onun haqqında tənqid söyləmək göydə Günəşi danmaq kimi bir şeydir. Rubrika.az saytında gedən yazılarda səsləndirilən fikirləri demək olar ki, təhsillə yaxından-uzaqdan bağlılığı olan hər kəs bilir. Bəlkə bir az da artığını.

Hamı bilir ki, Esmira Ağayevanın gəlişindən sonra 20 saylı məktəbdə sular durulmaq bilmir. Narazılıqlar hər gün bir az da artır. Artıq məktəbdə baş verən “dərs növbəsi davaları” Milli Məclis səviyyəsində işıqlandırılır. Valideynlər kütləvi narazılığa səbəb olan bu “növbə davası” barədə ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar. Bu davadan yeganə qazanan tərəf isə məktəb rəhbərliyi-şəxsən Esmira Ağayevadır. Belə ki, məktəbdə sinif çatışmazlığından yaranan bu problemi yaradan elə direktorun özüdür. Məktəbdə sinif otaqlarının azlığına baxmayaraq, Təhsil nazirliyinin xüsusi layihələrini-rəqəmsal bacarıqlar və STEAMı ibtidai siniflərdən başlayaraq tətbiq etməklə mövcud problem süni olaraq yaradılıb. Belə ki, həm müəllimlərin sayı çoxalır, siniflər bölünür, həm də “növbə davası”nın həlli üçün valideynlər hərəkətə keçirlər. Çünki məktəbdə şagirdlərin ikinci növbəyə salınmaması üçün mütləq “birinci növbəli məsələləri” həll etmək lazım olur. Bu isə heç də siz düşündüyünüz qədər ucuza başa gəlmir.

Təhsillə maraqlanan hər kəs 20 saylı məktəbdə birinci siniflərə qəbul zamanı baş verən müdhiş maxinasiyalardan da xəbərdardır. Bu barədə deyilənlər təhsil adına sadəcə rəzalət, utancdır. Esmira Ağayevanın “məktəbində” baş verənlər bununla da yekunlaşmır. Bildirilir ki,  məktəb başlar başlamaz artıq “şirinlik mövsümü”nə də start verilib. Bir “təbrikin” valideynlərə 200 manata başa gəldiyini söyləyirlər.

Esmira Ağayevanın ədəbiyyatı nə qədər sevdiyini bilməsək də onun Qoqolun yaradıcılığına, xüsusilə “Ölü canlar” əsərinə rəğbəti şəksizdir. Çünki rəhbərlik etdiyi məktəbdə saxladığı “ölü canlar” hər ay ona bir xeyli qazanc gətirir. Adamın yadına məhşur tamaşadakı sual düşür-“ölünün də qıdığı gələr?”

Göründüyü kimi Esmira Ağayeva bütün bunları aradan qaldırmaq əvəzinə məhkəmələrdə “şərəf və ləyaqətini” qorumaqla məşğuldur. Bəlli dairələrdə  “Məhəbbət Vəliyevanın kadrı” kimi tanınan direktor paytaxtın təhsil sferasında “Məhəbbətin klanı”nın yalnız bir həlqəsidir. Nazir müavini olarkən paytaxt məktəblərinin böyük qisminə öz yaxınlarını yerləşdirən Məhəbbət Vəliyeva bu gün də görünməz qüvvə kimi təhsil sistemində öz idarəçilik gücünü saxlayır. Onun kadrlarından yalnız biri haqqında sadaladığımız faktlar bu klanın nə qədər təhlükəli olduğunu göstərir. Təcrübəli məktəb direktorlarını müxtəlif bəhanələrlə vəzifədən uzaqlaşdırıb öz adamlarını yerləşdirən xanım Vəliyeva bu yolla təhsil müəssisələrini öz nəzarətində saxlayır. Maraqlıdır ki, direktorların bir qismi 65 yaş bəhanəsiylə işdən çıxarılsa da digərləri 70-dən çox yaşı olmasına baxmayaraq gənclik şövqüylə işləməkdə davam edirlər. Elə 20 saylı məktəbin təcrübəli, təhsil sistemində öz sözünü demiş sabiq direktoru da bu tayfa-klan oyunun qurbanına çevrildi.

M.Vəliyevanın “kadrları”nın fəaliyyətinə nəzər yetirsək mənzərə tamamilə aydın olar. Onların paytaxt təhsilindəki “silinməz izləri” hələ uzun müddət metastaz verəcək. Z.Əliyeva adına liseyi özəl müəssisəsinə çevirən M.Vəliyeva hələ də öz adamını rəsmən direktor təyin etdirə bilməsə də bütün nəzarəti tamamilə əlində saxlayır. Müəllimlər günü ərəfəsində bu liseydə, eləcə də 20 saylı məktəbdə, həmçinin klanın nəzarətində olan digər təhsil ocaqlarında müəllim adına ləkə gətirən əməllərin baş verməsi isə bütün bunların vahid mərkəzdən idarə olunması təəssüratını yaradır.

Yəqin ki, bu günlərdə sosial şəbəkələrdə millət vəkili Etibar Əliyevin “Məktəblərimizi urvatsız edən kimlərdir?”  başlıqlı yazısını çoxunuz oxumusunuz.  Yazıda millət vəkili konkret olaraq M.Vəliyevanın uğursuz kadrlarının fəaliyyətindən, onların təhsil adına yaraşmayan əməllərindən bəhs edir. Paytaxtın 25-dən çox təhsil ocağını öz kadrları vasitəsilə idarə edən xanım Vəliyevanın təhsilə olan bu “məhəbbəti”nin bədəlini isə hamımız ödəməyə məcburuq. Bir mərkəzdən idarə olunan bu məktəblər sanki Təhsil nazirliyinin tabeliyində deyil. Hər halda bu təhsil ocaqlarında baş verənlər dediyimiz təəssüratı yaradır. Həmkarımız Rubrika.az saytının baş redaktoru Nicat Mahmudov da öz yazılarında bunları işıqlandırıb, ictimailəşdirib. İndi millət vəkilinin bütün bunları dilə gətirməsindən sonra Esmira Ağayeva yəqin ki, bu dəfə öz “şərəf və ləyaqətini” Etibar Əliyevdən qorumaq üçün məhkəmələrə üz tutacaq.
Məhkəmə Nicat Mahmudova min manat cərimə kəsib. Yəqin ki, Esmira Ağayeva dost-tanış arasında öyünüb ki, məhkəməni uddum və şərəf və ləyaqətimin müdafiəsi üçün min manat da cərimə alacağam. Bilmirik müəllimənin rəfiqələri şərəf və ləyaqətin maddi qarşılığının bu qədər ucuz tutulmasına irad bildiriblər ya yox. Amma bir media mənsubuna qarşı sərgilədiyi davranışa görə  yəqin ki, irad bildirərlər. Ən azından yuxarıda dediyimiz kimi təpiklədikləri qapıların qarşısında sonradan boynunu bükən bir çox sabiqlərin nümunəsini xatırlamamış olmazlar.

Bəlkə də bu boyda yazını yazmaq, heç o min manatın adını çəkməmək də olardı. Elə bilərdik itirmişik, yaxud bu barədə folklorumuzun zəngin ifadələrindən birini də işlətmək olardı. Amma Kərbəlayi İsmayıl demişkən, bəs hörmətə nə sözün, a bəy ? Bu bir jurnalistə kəsilən cərimə olsaydı dinməzdik. Bu əslində azad sözə, müstəqil mediaya kəsilən cərimədir.Onların təbirincə düşünsək jurnalistikanın şərəf və ləyaqətinin təhqir olunmasıdır. Biz isə məhkəməyə müraciət etməyəcəyik. Ən azından peşəmizin şərəf və ləyaqətinin qarşılığını pul ekvivalenti ilə ölçmədiyimiz üçün!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031