Rəşad Mahmudov: Alternativi olmayan seçim ölkəmizi dünyada qalib və qüdrətli dövlət kimi tanıtdı

12.10.2021 - 22:50

Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurların təməlində ulu öndər Heydər Əliyev müdrikliyinin, uzaqgörənliyinin əsasları dayanıb. Bu əsaslar Azərbaycanın güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahələrdə inkişafına əlverişli şərait yaradıb. Ən başlıcası isə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsini – böyük Zəfərin qazanılmasını şərtləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev illər öncə bütün bunların müdriklik fəhmi ilə Prezident İlham Əliyev tərəfindən gerçəkləşəcəyinə inanırdı. Ona görə də Ümummilli Lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisinin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Çətin, ağır günlərdə Azərbaycanı üzləşdiyi bəlalardan xilas edən dahi öndərin hər sözünə varlığı qədər inanan xalqımız bu dəfə də ona sadiqliyini göstərdi, onun siyasətinin davam etdirilməsini və ölkədə sabitliyin qorunmasını, müstəqilliyin möhkəmlənməsini reallaşdıra biləcək şəxsi müəyyənləşdirdi: 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi.

Bəli, bu səsçoxluğu, əslində, xalqımızın ümummilli liderə sevgisinin və inamının təzahürü, ifadəsi idi. Bu seçim xalqımızın sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, quruculuq və sabitlik təşnəsi olduğundan xəbər verirdi. Xalqımız, eyni zamanda, müstəqilliyin ilk illərində ağrı-acılar yaşadığını yaxşı xatırladığından ölkədə bu siyasətə alternativ olmadığını görürdü.

Rəşad Mahmudov açıqlamasında, həmçinin bildirib ki, dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən başlayaraq, Azərbaycanın dayanıqlı inkişafı üçün əsaslı addımlar atıb. Müstəqilliyimizin və ideoloji əsaslarımızın təməlinin daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını diqqət mərkəzində saxlayıb. Eyni zamanda, bütün sahələrdə dövlətimizin milli maraqlarının qorunmasına xüsusi önəm verib. Prezident İlham Əliyevin ötən illər ərzində yürütdüyü siyasətin ən müsbət nəticələrindən biri də o oldu ki, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı getdikcə artıb, dünyanın nüfuzlu dövlətlərindən biri kimi tanınıb. Vədinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkəmizin gələcək rifahını təmin edən mühüm addımlar atılıb. İqtisadiyyatda qeyri-neft sektorunun çəkisi böyük həcmdə artırılıb. Nəhəng infrastruktur layihələri reallaşdırılıb. Nəqliyyat sisteminin yenidən qurulması respublikamızın dünyaya çıxışını təmin edib. Olimpiya idman komplekslərinin istifadəyə verilməsi gənc nəslin sağlamlığının qorunmasını, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasın şərtləndirib.

Ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu reallaşdırdı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihə həyata vəsiqə aldı.

“Dövlətimizin başçısının müdrik siyasəti, yorulmaz fəaliyyəti ilə respublikamızda “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsi strateji vəzifə kimi müəyyənləşdirildi və bu istiqamətdə önəmli göstəricilər əldə edildi. Bu mühüm məqam ötən il sentyabrın 27-də başlanan və 44 çəkən Vətən müharibəsində özünü qabarıq büruzə verdi. Belə ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşması Ordumuzda Qələbə ovqatını gücləndirdi, əsgər və zabitlərimizdə Vətən, torpaq sevgisini, düşmənə nifrət hissini alovlandırdı. Məhz bütün bu keyfiyyətlərin nəticəsi idi ki, müzəffər Ordumuzun hər bir gənc əsgəri, zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə tarixi Zəfər qazandı”, – deyə Rəşad Mahmudov fikrini yekunlaşdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167557

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930