Qazaxda Vətən müharibəsi şəhidi həkim tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə xatirəsi anılıb

26.10.2021 - 09:34

2020-ci ilin 27 sentyabr tarixi Qarabağ adlı haqq savaşımıza çıxdığımız gün kimi xalqımızın yaddaşına əbədi həkk olundu. O gün ki, yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoydu. Uzun illərin ayrılığından sonra işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda, amal uğrunda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu.
Bu gün hər birimizin fəxri olan tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu da Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdandır.
Oktyabrın 25-də qəhrəman şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. İgid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin məktəbin müəllim və şagirdləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, şəhər sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad olunub. Qəhrəman şəhidimizin təltif olunduğu “Şuşanın azad olunmasına görə” medalı atasına təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. 25 yaşında Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidimizin döyüş meydanında göstərdiyi fədakarlıqdan danışan natiq Adilin qısa ömrünə yüz illərin qəhrəmanlığını sığdırdığını, hər kəsə nümunə olacaq həmin qəhrəmanlığı ilə adını tarixə yazdırdığını söyləyib. Onun bu şücaətinin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, Adil Əfəndiyevin ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını şəhidimizə verilən ən böyük dəyər kimi qiymətləndirib.
A.Vəliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran Adil kimi igid Vətən oğullarının xatirələrinin daim əziz tutulacağını qeyd edib. Adil tək qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu söyləyib. Şəhidlərimizi yad etməyin, xatirələrini əziz tutmağın, ən əsası da igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığı gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu qeyd edib. V.Əliyev əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha dilə gətirib.
Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan A.Vəliyev həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə rayon rəhbərliyi tərəfindən hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Adil Əfəndiyevin ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrıldığını diqqətə çatdırıb.
Şəhid atası Qədir Əfəndiyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı Adil və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Adilin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167882

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930