Vətənə və xalqa layiqli xidmət nümunəsi

26.08.2022 - 08:49

Mehriban xanım Əliyeva istər ictimai, istərsə də dövlətçilik fəaliyyətində hər zaman doğru-dürüstlüyə, həqiqətə söykənib. Əxlaq və mənəviyyata üstün qiymət verib, şəfqət və xeyirxahlığı ilə cəmiyyətin sevgisini qazanıb. Gerçəkləşdirdiyi bütün işlərin, əməllərin əsasında alicənablıq və insana sevgi dayanıb. Bütün bu keyfiyyətlər doğma valideynlərindən rişələnib. Həyatının böyük bir hissəsinin ulu öndər Heydər Əliyevin yanında keçməsi də xarakterinə təsirsiz ötüşməyib. Mehriban xanım bu barədə xatirələrində yazıb: “Xoşbəxtəm ki, müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.
Mehriban xanım həyatda bəxtəvərliyi cəmiyyətə gərəkli və faydalı olmaqda, insanların ona inanmalarında, onu dəstəkləmələrində görüb. Xoşbəxtliyi vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsi kimi dəyərləndirib. Bax, elə bu keyfiyyətləri ilə o, Vətənə, xalqa daim layiqli xidmət nümayiş etdirib. Özü isə bu barədə müsahibə verməyi, danışmağı sevməyib. Bu, onun təvazökarlığından irəli gəlib. “Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu, mənim üçün ən yüksək mükafatdır”,- deyə bildirib.
Birinci vitse-prezident ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri, insanlara qarşı yüksək humanizmi, mərhəməti, diqqət və qayğısı, Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyası ilə nəinki respublikamızda, eləcə də dünyada böyük ehtiram sahibi kimi tanınır. Ulu öndərimizin, eləcə də Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan, humanizm və insanpərvərlik ideallarını rəhbər tutan Mehriban xanım Əliyeva gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə xalqın güvənc ünvanı olaraq sevilir.
Azərbaycanın birinci xanımı ilə bağlı qeyd edilən bütün bu dəyərlər onun 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində özünü qabarıq büruzə verir. Artıq 18 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan adı çəkilən Fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri uğurla həyata keçirir.
Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük sədaqətlə gerçəkləşdirir, respublikamızın yaradıcı və elmi potensialının inkişafında mühüm rol oynayır, uşaq müəssisələrinin infrastrukturunun müasirləşdirilməsinə, ekoloji tədqiqatların dəstəklənməsinə, sağlam həyat tərzinin qorunmasına önəmli təsir göstərir. Bütün bunlarla bərabər, dini tolerantlıq, vətəndaş cəmiyyəti quruculuğu, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin yaşadılması kimi prioritet məsələlərin icrasını diqqət mərkəzində saxlayır.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edərkən, mühüm bir məqama xüsusilə diqqət yetirmək istərdik. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparılması ilə bağlıdır. Belə ki, Fondun fəaliyyəti dövründə müxtəlif ölkələrdə Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, həmçinin Xocalı qətliamı ilə bağlı saysız layihələr reallaşdırması bunun bariz ifadəsidir.
Bu məqamda xatırladaq ki, Mehriban xanım Əliyeva koronavirus pandemiyasının dünyanı təhdid etdiyi dövrdə təkcə öz insanlarımızın deyil, həm də bəşəriyyətin sağlamlığının qorunmasını ən ümdə vəzifə sayıb. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi mühüm qərarlarda fəallıq göstərib.
Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsi, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu kimi məsələlər önəmli yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri getdikcə möhkəmlənir. Təsadüfi deyil ki, Birinci vitse-prezident bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinlikləri, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.
Beləliklə, Mehriban Əliyeva bu gün Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı olmaqla müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi böyük nüfuza sahibdir. Şübhəsiz ki, bu amil xalqımızda böyük qürur doğurmaqla bərabər, beynəlxalq aləmdə də güclü nüfuz qazandırır.

Emin Bağırov,
Mexanika üzrə fəlsəfə doktoru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=181005

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031