NAXÇIVANIN GÜC STRUKTURLARI BAKIDAN TƏYİN OLUNMALIDIR” – “Vasif Talıbov iddialı və təkəbbürlü adamdır” (VİDEO)

04.12.2022 - 11:14

“Vasif Talıbovun Naxçıvanda idarəetməsi qorxu üzərində qurulmuş idarəetmədir”.

Bu sözləri LAF TV-nin efirində Naxçıvanda baş verən son prosesləri şərh edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Deputat Muxtar Respublikanın iqtisadi göstəricilərinə toxunub və deyib ki, burada ciddi disproporsiya var: “Naxçıvanın 2023-cü ildə büdcəsi 646,9 milyon manat olacaq. Bunun 487 milyon 900 min manatı Azərbaycanın dövlət büdcəsindən ayrılmış dotasiya və subvensiyalar təşkil edəcək. Bu isə bütün Azərbaycan üzrə yerli büdcələrə ayrılan vəsaitin 98,8 faizidir. Naxçıvanın özünün vergidən, gömrükdən, sahibkarlıq subyektlərindən yığılan vergilərin məbləği 158,5 milyon manat olacaq. Amma baxın, bir oğurluq faktı ondan çox məbləği üzə çıxartdı”.

 

Deputat deyib ki, Prezident İlham Əliyev 2019-cu ildə Naxçıvanın ali şəxsini qəbul edərək, ondan gəlirlərdə şəffaflığın yaradılmasını tələb etdi. Amma heç bir nəticəsi olmadı: “Naxçıvanın bu günkü büdcəsi yerli gəlirlər hesabına cəmi 24 faizi formalaşır. Ona görə də Naxçıvanda müəyyən addımlar mütləq atılmalı idi”.

Q.Həsənquliyev deyib ki, Konstitusiyaya görə, Naxçıvanın səlahiyyətlərinə yerli vergiləri toplamaq, yerli əhəmiyyətli inkişaf proqramlarının qəbul olunması, elm, təhsil, səhiyyə və turizm daxildir. “Amma faktiki olaraq orada Bakıda olan dövlət strukturları burda da paralel olaraq yaradılmışdı. Camaatın bu məmurlardan canı boğazına yığılmışdı”.

Deputat deyib ki, Naxçıvanda güc strukturları yalnız Bakıdan təyin olunmalıdır. Onların Muxtar Respublikanın rəhbərliyinə aidiyyatı olmamalıdır.

Ali Məclisin sədri Vasif Talıbovla olan münasibətləri barədə danışan Q.Həsənquliyev deyib ki, Milli Məclisdə Naxçıvanın sosial vəziyyəti ilə bağlı çıxışları Talıbovu qəzəbləndirib: “Vasif Talıbov çox iddialı və təkəbbürlü adamdır. Mən birbaşa onun özünə yönələn heç nə deməmişdim. Sadəcə demişdim ki, Naxçıvanı inkişaf elətdirmək lazımdır. İran Culfası ilə müqayisə edib demişdim ki, 90-cı ilərdə oralar xarabalıq idi, amma 90-cı illərdən sonra Naxçıvandan İran Culfasına baxanda görürdük ki, orada hündür mərtəbli binalardan ibarət böyük bir şəhər salınıb. Naxçıvanda isə 5-10 yeni bina tikilib-tikilməyib. İlk dəfə İğdıra gedəndə yollarda at-araba ilə gəzirdilər, indi İğdır müasir şəhərə çevrilib. Naxçıvanda yollar Mərkəzdən ayrılan dotasiya ilə çəkilib. Naxçıvanda qaz var, amma camaat pulunu verə bilmədiyindən odun yandırır”.

Deputat deyib ki, Azərbaycanda Birinci vitse-prezident postuna Mehriban Əliyevanın namizədliyini təklif etməsi Vasif Talıbovun ona olan münasibətini kəskinləşdirib: “Mən Mehriban Əliyevanın Birinci Vitse-prezidentliyə namizədliyini irəli sürmüşdüm, demişdim ki, Vasif Talıbov da vitse-prezidentlərdən biri ola bilər. Bununla da onun sivil qaydada Naxçıvandan Bakıya gətirilməsi imkanını düşünürdüm. Düşünürdüm ki, Naxçıvan bəlkə bu yolla ondan xilas ola bildi. Bu təklif Vasif Talıbovun xoşuna gəlməmişdi. Bundan sonra Talıbovla münasibətlər tamam kəsildi”.

Q.Həsənquliyev deyib ki, Vasif Talıbov Naxçıvanda özünü “qızıl qəfəsə” salınmış şəxs hesab edirdi. “Bilirdim ki, çox acıqlıdır. Narazılığı artıq nifrətə keçib. Bir müddət sonra ağır fəsadları ola bilər”.

 

 

“Bu gün heç kim İlham Əliyevə minnət qoya bilməz ki, onun Heydər Əliyevin hakimiyyətə gəlməsində rolu olub. Heydər Əliyevi hakimiyyətə bu adamlar gətirməyiblər. Elçibəy Heydər Əliyevi Bakıya dəvət edəndə bunu ona görə eləməmişdi ki, yanında Vasif Talıbov, yaxud başqası var idi. Heydər Əliyev təcrübəli dövlət adamı kimi dəvət olunmuşdu. Onlar isə Heydər Əliyevin ətəyindən tutub hakimiyyətə gəliblər. Nəsə xidmət göstəriblərsə də, qarşılığını milyon dəfələrlə alıblar. Digər tərəfdən, özünü Heydər Əliyevə, İlham Əliyevə yaxın bilən adam xalqı onlardan narazı salmamlıdır”-deyə deputat vurğulayıb.

Q.Həsənquliyev deyib ki, Vasif Talıbovun Naxçıvanda idarəetməsi qorxu üzərində qurulmuş idarəetmədir: “Mənim “Naxçıvanın inkişaf proqramı hazırlanmalıdır” çıxışımdan sonra qardaşımın hərbçi olan kürəkəninin gecə ilə evinə girib, ailəni-uşağı ayağa qaldırdılar, xidməti mənzilindən çıxartdılar, bütün mebelini maşına vurub, ata evimizə daşıtdırdılar…”

Deputat deyib ki, hazırda insanları maraqlandırır ki, bu həbslərin və proseslərin sonu necə olacaq? “Fikrimcə, Naxçıvanda mütləq bu islahatlar aparılmalıdır. İnsanlar dəyişiklikləri hiss etməlidirlər. Naxçıvana qayıtmaq böyük vaxt aparacaq. Camaatın heç olmasa bir hissəsi Naxçıvana qayıtsın. Orada dövlətçiliyin əsaslarını tətbiq etmək lazımdır.

İnsanların bir çoxu mənə deyir ki, 31 oktyabrda Naxçıvanda DTX-nın ləğv edilməsi Naxçıvanın Azərbaycanın yurisdiksiyasına qaytarılması günü kimi yadda qalacaq”. (AzPost)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031