DAĞTUMAS: “oğurlanmış” kəndin tarixçəsi. Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”

17.03.2023 - 14:18

Dağtumas Cəbrayıl rayonunun kəndidir. Kəndin keçmiş adı “Tumas” idi. Sonra bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları) və Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra birini digərindən fərqləndirmək üçün dağ yamacında yerləşdiyinə görə, bu kəndə Dağtumas adı verilir. Kənd İşğal olunduqdan sonra ermənilər kəndin adını dəyişib “Tovmas” etmiş, kəndin özünü isə Kaşatağ (Laçın) rayonunun tərkibinə daxil etmişdilər. Ermənilərin kənd haqqında ağlasığmaz və təhrif olunmuş iddiaları var: ”Abidə üzrə ekspert Samvel Karapetyan araşdırmışdır ki, qəsəbənin köhnə adı Tovmasdır. Tumas adı isə sonralar köhnə ad Artsax ermənilərinin ləhcəsində dəyişdirilərək, “Tumas”a çevrildiyi zaman yaranmışdır. Kənddə yerləşən dağın adı da Tovmasardır. Dağ Artsax dağlarının bir hissəsidir, dağın yaxınlığından Ağavno çayı axır. Tovmas ətrafında bir sıra kəndlərin izləri qorunub saxlanılmışdır. Kənddən 5 km şərqdə, dar dərədə Craberd kəndinin xarabalıqları qorunub saxlanılmışdır. Azərbaycanlılar həmin kəndi Çelyabilyar adlandırıblar ki, bu da Craberd adının təhrif olunmuş formasıdır. Digər kənd kənddən 3,5 km şimalda yerləşir, onun şimal-şərq kənarında kiçik hövzə də qorunub saxlanılmışdır.Qayalardan axan bulaqların suları ilə qidalanır. Azərbaycanlılar kəndi Xanaqyabulaq adlandırırlar. Digər kənd isə Tovmasaberddən 1 km şimal-şərqdə yerləşir. Dağıntılar sulu və geniş dərədə qorunub saxlanılmışdır. Kənddə Tovmasaberd adlı qala yerləşir. Kənddə kilsə də var. Kəndin mərkəzində daşqın suları axan xatirə bulağı var idi. Husağbyurun köhnə bərk daşları onların orta əsrlərə aid olduğunu göstərirdi. Məlumdur ki, bulaq sonuncu dəfə 1929-cu ildə Artsaxın erməni ustaları tərəfindən təmir edilmişdir”.

Cəbrayılın ən yüksək dağ zirvəsi Dağtumas dağıdır.(hündürlüyü 1580 metr) Dağ elə həmin kənddə yerləşir. Dağın adını ermənilər təhrif edib “Tovmasar” qoymuşdular. Craberd Cəbrayıl rayonunun,Tovmasaberd “Başıkəsik Gümbəz”in təhrif olunmuş adıdır. Qısacası burada da ermənilər öz saxtakarlıq və oğurluq əməllərindən çəkinmədilər. Cəbrayıl rayonu 23 oktyabr 2020-ci ildə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına və Cənab Prezidentin səyi nəticəsində işğaldan azad edilmiş,Dağtumas kəndi də adı ilə bərabər azadlığına qovuşmuşdur.

Dağtumas kəndi şəhidləri ilə tanınır. Həmin şəhidlərdən biri də Mahir Allahquliyevdir. Allahquliyev Mahir Məhəmməd oğlu 1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanağabulaq kəndində anadan olub. Anası Dağtumas kəndindən ibtidai sinif müəllimi Rasta Hüseynova, atası aşıq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinfə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Stavropol vilayətində başa vurduqdan sonra vətənini namusu bilib 1988-ci ildə könüllü olaraq, özünümüdafiə dəstəsində döyüşlərə qatılır. 1993-cü ilin 12 aprel tarixində ailə həyatı quran Mahir 1993-cü il avqustun 23-də itkin düşür. 1994-cü il fevralın 5-də övladı Sadiq Allahquliyev dünyaya gəlir. 2-ci Qarabağ müharibəsindən sonra rusiyalı jurnalist sosial şəbəkələrdə bəzi materiallar yayımlayır, bununla da Mahir Allahquliyevin erməni gülləsinə tuş gələrək, şəhid olduğu öz təsdiqini tapır. Şəhidin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində büstü qoyulub. Şəhidin digər qardaşı Qarabağ müharibə veteranı Mahmud Allahquliyevdir. Şəhid Mahir Allahquliyev və onunla bərabər çiyin-çiyinə vuruşan, şəhidlik zirvəsinə ucalan digər silahdaşları- İbrahimov Novruz İbiş oğlu, İbrahimov Sərvər Rəşid oğlu, Məmmədov Səftər Novruz oğlu, Həmidov Şəmsi Məhəmməd oğlu, Məmmədov Məzahir Məhəmməd oğlu (qəzetdəki şəkildə yuxarıdan aşağıya doğru) daxil olmaqla 6 vətənpərvər oğulların fotoları digər Dağtumas şəhidlərinin fotoları ilə bərabər lövhəyə vurularaq,Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən İnçə körpüsündə- 6 qəhrəmanın şəhid olduğu ərazidə yerləşdirilmişdir. Ruhları şad olsun.

Dağtumas kəndinin öz savadı və təvazökarlığı ilə yaddaşlarda iz qoyan ən tanınmış siması az öncə adını çəkdiyim şəhid Mahir Allahquliyevin anası, ibtidai sinif müəllimi Rasta müəllim idi. Rasta Məhəmməd qızı Hüseynova 1935-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub.Füzuli rayonu Pedaqoji İnstitutun məzunu olub. Qısa müddət pedaqoji fəaliyyət göstərməyinə baxmayaraq, biliyi və səmimiyyəti ilə şagirdlərinin sevgisini qazanıb, nə şagirdləri ondan narazı olub, nə də o şagirdlərindən. Rasta müəllim müdriklik abidəsi idi, mənlə həmsöhbət olanda hər zaman qiymətli sözlər deyir, pedaqoji təcrübələrini bölüşürdü: “Hər şagird müəllimdən özünə bir parça aparır, məktəbi bitirib getsə də, müəllimin şagirddə qoyduğu iz heç vaxt silinmir. Sabah bir adam özünü yaxşı aparmasa, o saat soruşurlar ki, onun müəllimi kim olub? Müəllim gərək arxasınca heç vaxt özü haqqında pis sözlər dedirtməsin, elə gözəl dərs keçib elə gözəl nümunə olsun ki, sabah şagirdlərinə baxıb camaat fəxr etsin,desin, bunun müəllimi özü kimi nə mərifətli adam olub, şagirdləri böyüyüb müəllim,həkim olsun, işini vicdanla, savadla yerinə yetirsin”. Doğurdan da, Rasta müəllimin şagirdlərinin çoxu bugün müəyyən peşə sahibləri, ziyalılardır.

Müasir dövrdə bəzi müəllimlər sovet dönəmində şagirdlərə məktəbdə şiddət göstərildiyini əsas gətirərək, “Biz sovet müəllimi deyilik, müasir müəllimik, şagirdləri sevgi ilə böyüdürük” şüarı ilə məktəblərdə guya dərs keçirlər, lakin indi məktəblərin çoxunda müəllimə nə hörmət var, nə də keyfiyyətli dərs. Rasta müəllim də şiddətə qarşı idi. Heç vaxt şagirdlərə şiddət göstərməmiş, onları döyməmişdi, halbuki sovet dövrünün müəllimi idi, “döysəm, dərsimə gələrdilər?!” deyirdi. Üstəlik, hörməti də vardı, dərsinin keyfiyyəti də. Şagirdləri Rasta müəllimin 1 May bayramını (Dünya zəhmətkeşlərinin həmrəyliyi günü) təntənəli şəkildə qeyd etmələrini, idman dərsini maraqla keçməsini xatırlayardılar. Rasta müəllimin yaddaşında şagirdlərinin adları qalmışdı, adlarını çəkdikcə, başı ilə təsdiqləyər, onlar haqqında qısa məlumat verərdi. Özündən ümumi soruşanda ki, kimlərə dərs demisən, deyərdi ki, “ha çoox”. Bugün şagirdləri həmin biliklərin bəhrəsini görürlər.

Rasta müəllim poeziya vurğunu idi, şeir deməyi çox sevirdi, ən çox Səməd Vurğunun şeirlərini səsləndirərdi, misralarını unutmamışdı. Bir də mənə tez-tez dediyi bir şeir vardı: “Bir məclisə ayaq basıb varanda, Yaxşı əyləş, yaxşı otur,yaxşı dur, Dindirəndə mərifətdən xəbər ver, Qoy desinlər bərəkallah yaxşıdı”.

Ən böyük arzusu ölmədən öncə doğma kəndinə getmək idi. Hər gün o kəndi arzulayırdı. Ona söz vermişdim ki, Dağtumasa-kəndinə aparacam, arzusu çin olsun. Ömür vəfasız çıxdı. 2022-ci il oğlunun şəhid olduğu tarixdən 5 gün sonra 28 avqust dünyasını dəyişdi. Bu kənd sanki ana ilə bala arasında sarsılmaz bir “körpü” oldu, o dünyada bir-birlərinə qovuşdular. Buna görə də bu təxəllüsü götürmək qərarına gəldim ki, bu “körpü” daha da möhkəm olsun, mənə nənəmi və dayımı xatırlatsın. Nənəmdən geriyə bir fotoları qaldı, bir də səsyazmaları. Həə, unutmuşdum: bir də bu yazım. Məkanı cənnət olsun.

Dağtumas kəndində vicdanla, ləyaqətlə pedaqoji fəaliyyət göstərən digər müəllim Nəzərxan

Dağtumas kəndinin digər tanınmış şəxsiyyəti Rasta müəllimin qardaşı jurnalist Raqub Şıxlıdır.(Mustafayev) Raqub Mustafayev “Şıxlı” imzası ilə hələ sovet dönəmindən tanınmış bir jurnalist idi. AzTv-də günün xəbərləri proqramında rayonlardan reportajlar hazırlayırdı. Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ rayonlarının bölgə müxbiri idi. Jurnalist ədəbi şəxsiyyətlərin bir çoxundan müsahibə almış, onların yaradıcılıq fəaliyyətini diqqət mərkəzində saxlamışdı. Jurnalistlə ədəbi fəaliyyəti haqqında illər öncə həmsöhbət olmuşduq. O, bir çox yazıçılarla dostluq münasibətləri qurmuşdu. Məsələn, deyərdi ki, Əli Kərim yaxşı yazıçı idi, amma əsəbi idi, onunla yaxın dost idi. Nizami Gəncəvinin heykəli təhqir olunduğu üçün Raqub Şıxlı bununla bağlı kəskin bir məqalə yazmışdı. Şair Mikayıl Müşfiqin qaranlıq taleyi haqqında müəyyən düşüncələrini də bölüşməkdən çəkinmirdi.

Raqub Şıxlı rayonlardan kənd təsərrüfatlarının vəziyyəti ilə bağlı çəkilişlər etməyə gedəndə rayon rəhbərlərinin, katiblərinin canına vəlvələ düşürmüş. O, heç vaxt rüşvət almayıb. Bir dəfə böyük bir cinayətin açılmaması üçün jurnalistə külli miqdarda rüşvət təklif olunsa da, o, bundan imtina edib. Raqu Şıxlı tələbəlik illərində boks üzrə Azərbaycan çempionu olub. AzTv-də də onu çox sevməzdilər. Şübhəsiz, Qarabağda da reportajlar hazırlayırdı. İndi isə jurnalistlərimizin bəziləri şou-biznes müğənnilərinin brend geyimlərinin, evlərinin, maşınlarının “təhqiqatçısına” çevrilib, jurnalist dönüb olub detektiv. Sənəti, səsi olmayan müğənnilərdən müsahibə alırlar, az qalırlar ki, onların şərəfinə bir heykəl də ucaltsınlar, buna görə də hazırda çoxumuz bayağı informasiya bolluğundan əziyyət çəkirik. İndi bəzi jurnalistlərdən soruşsam, axırıncı dəfə muzeyə nə vaxt getmisiniz, nə vaxt bir yazıçıdan, bir yazıçının, bəstəkarın övladından, nəvəsindən müsahibə almısınız? Baxa-baxa qalacaqlar.

Dağtumas kəndindən olan Dağtumas kənd xəstəxanasının baş həkimi şəhid Əli Mahmudovu, xüsusilə də mərhum Şəmil həkimin adını (Məmmədov Oruc Əhməd oğlu) qeyd etməyi özümə borc bildim. Həm Əli həkim, həm Şəmil həkim öz peşələrini vicdanla yerinə yetirmiş, əsla mənfəət güdməmişdir. İndi bəzi həkimlər soruşur ki, “pulla gəlmisən, ya pulsuz?” Əli həkimi heç vaxt görməsəm də, Şəmil həkimlə bağlı xoş xatirələrim var, haqqı heç vaxt ödənməz. Məkanları cənnət olsun.

Müəllif: Sərvanə Dağtumas

Ədəbiyyatşünas

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=190052

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930