Aysel Xanlarqızı ilə müsahibə – Havar Şəfiyeva

19.08.2024 - 08:16

Zərif Kölgələr” – in növbəti müsahibi yazıçı, deputatlığa namizəd Aysel Xanlarqızıdır. Müsahibəmizi oxuculara təqdim edirik.

Aysel xanım, qarşıdakı seçkilərdə sizə uğurlar diləyirik! Vətəndaşların sizi daha yaxından tanımaları üçün özünüz barədə məlumat verərdiniz.

– Mən Aysel Xanlar qızı Səfərli, 1982-ci ildə doğulmuşam. Gənc yaşlarımdan yaradıcılıqla məşğulam, şeirlər yazıram. Bir neçə kitab müəllifiyəm. Bir müddət müxtəlif saytlarda, az müddət də televiziyada çalışmışam. Hazırda Vətəndaş Həmrəylik Partiyasının Qadınlarla İş üzrə şöbə müdiriyəm. Həmçinin Müstəqil.az saytının redaktoruyam.

Namizədliyinizi irəli sürdüyünüz seçki dairəsində seçicilərlə görüşləriniz necə keçir?

– Hər şey qaydasındadır. Sadəcə insanların bəziləri bir az aqressivdir, bəzi insanlar isə ümidlidirlər. Onların sözlərinə görə namizəd olduğum 33 saylı Xətai birinci seçki dairəsi uzun müddət deputatsızdır. Bəziləri deyir: “Biz çox sevinirik ki, siz gəlirsiniz. Uzun müddətdir görmürdük ki, kimsə gəlib məhəllələri dolaşıb, insanların problemləri ilə maraqlansınlar. Uzun müddət idi ki, biz buna həsrət idik”. Təbii ki, gənc bir xanımın bu işdə həvəsli olması və potensialının olmasını onlar xoş qarşılayırlar.

Onların aqressiyalarını nə ilə əlaqələndirirsiniz?

– Yəqin ki, uzun müddətdir Xətai rayonunun problemlərinin səssiz qalmasına görədir. Mən bununla əlaqələndirirəm. Çünki insanların bir çoxu orada binaların zirzəmisinin su ilə dolu olduğunu, siçanların olmasını, antisanitariya vəziyyətində olduğunu deyirlər.

Müraciətlər əsasən hansı mövzularda olur?

– Elə sadaladığım mövzulardır. Xalq istəyir ki, millət vəkili onlarla mütəmadi maraqlansın, xalqın içində olsun, onların problemlərini, dərdlərini dinləsin.” Ümidvaram ki, kim seçilərsə seçilsin, layiqli namizəd olar və Xətai rayonu üçün nələrsə etməyə çalışar.

Seçicilər hansı amillərə görə sizi seçməlidir?

– Ən azından bir qadın kimi anaların, qadınların səsi ola biləcəyəm. Bu işdə həvəsli, bacarıqlı, məsuliyyətli insan olduğum üçün çox şey edə biləcəyimə inanıram. Dövlətin maraqları ilə xalqın maraqlarını eyni vaxtda irəli aparmaq üçün mübarizə aparacağam. Özümə inanıram və güvənirəm. Bilirəm ki, mən bacarıqlıyam. İndiyədək hansı addımı atmışamsa, onun öhdəsindən layiqincə gəlmişəm. Bu işdə də alnıaçıq, üzü ağ olacağıma inanıram. Azərbaycan qadınlarının necə güclü olduğunu bilirsiniz. Həm anadır, həm evinin xanımıdır, həm işində mükəmməldir. Düşünürəm, mən də onlardan biri olacağam.

Aysel Xanlarqızına görə namizədin xalq tərəfindən tanınması üçün hansı təşəbbüsləri həyata keçirməlidir ?

– Ən birincisi özümü tanıtdırmaq və seçiciləri buna inandırmaq lazımdır. İkincisi mən xalqın içindən olan bir insanam. Yəni, ən çətin şərtlərlə həyatda mübarizələrlə gəlib nələrəsə nail olmuşam. Buna görə onları daha yaxşı anlayacağam, daha yaxşı hiss edəcəyəm. Namizəd olaraq bir çox insanlar söz verir. Mənim sözüm budur ki, mən ancaq parlamentdə problemləri qaldıra bilərəm. Amma bu dəqiqə kimsə deyirsə ki, “yol çəkdirəcəyəm, bina tikdirəcəyəm”- bu, millət vəkilinin işi deyil. Millət vəkilinin səlahiyyətlərinə nə daxildirsə, əlimdən gələni etməyi çalışaram.

Bildiyimiz qədərilə mədəniyyət sahəsini bitirmisiniz, ədəbiyyatçısınız. Bu sahədə kifayət qədər uğurlarınız var. Necə oldu ki, siyasətə keçid etməyi düşündünüz ?

– Siyasət bizim ruhumuzda var. Çünki gözümüzü açandan Azərbaycan xalqının nümayəndəsi kimi erməni tərəfindən necə əziyyətlərə məruz qaldıq, problemlər yaşadıq, müharibədə xalqın içindən olan gənclərimiz şəhid oldu, qazi oldu. Elə bilirəm ki, doğulan gündən siyasətin içindəyəm. Mən qarabağlı olmasam da, Şuşa ağrısını özümdə hiss eləmişəm və Şuşa, Qarabağ haqqında çoxlu yazı, şeir və məqalələrim olub. Türk dünyası ölkələrində çıxışlar edərkən belə Qarabağ haqqında çıxışlar etmişəm.

Şuşaya ilk dəfə gedəndə gözümün yaşı dayanmırdı. Sanki şəhid ruhları bizə kənardan baxıb, bizi qarşılayırdılar. Onların ruhu şaddır. Bu düşüncələrlə əvvəldən siyasətin içində olduğumu deyə bilərəm . Xalqın yaşadığı ağrıları qələmə alaraq mətbuatda da işıqlandırmışam. 44 günlük müharibə dövründə gecə səhərə qədər informasiya mübarizəsi aparırdıq. Düşmənin yaydığı yalan məlumatlarla arxa cəbhədə savaşırdıq. Hətta hərbi səfərbərlik zamanı qeydiyyatdan belə keçdik ki, ehtiyac olarsa, döyüşə getməyə hazır olaq.

Sizcə seçkilərdə qalib gəlmək şansınız var?

– Əgər xalq dəstəkləyərsə, tanıyarsa, səs çoxluğu ilə irəlidə olaramsa, qalib gələ bilərəm. Əslində bu barədə tam olaraq heç bir şey deyə bilmirəm. Dairədən mənimlə bərabər 6/7 nəfər də namizədliyini irəli sürüb. Hamısına da uğurlar arzulayıram. Qadın olaraq isə özümə heç kəsi rəqib görmürəm. Çünki, mən Azərbaycan xanımıyam. Azərbaycan xanımı mənəviyyatı ilə, ləyaqəti ilə həmişə ucadadır. O seçkilərdə qazanmasam da, özümü qalib hiss edirəm. Çünki, bu günə qədər alnı açıq, layiqincə irəlilədiyimi düşünürəm. Buna görə də özümü qalib sayıram.

Bəs qalib olmasanız, növbəti dəfə üçün namizədliyinizi irəli sürmək fikriniz var ?

– Bu barədə bir fikrim yoxdur, zaman göstərəcək. Müharibədən sonra ilk dəfə olaraq Azərbaycanda seçki keçiriləcək. Əslində özümü buna görə xoşbəxt sayıram ki, mənim də qismətimdə bu seçkilərə namizəd olmaq oldu. Ölkədə bir çox müsbət yeniliklər olduğu üçün düşünürəm ki, qalib də yeni namizədlərdən olacaq. Gənclərə, çalışma potensialı olan, bacarıqlı insanlara üstünlük veriləcək. İnşallah 5 il ərzində onların necə nəticə göstərəcəklərini də görəcəyik. Parlamentdə, xalqın içində necə olacaqlarını görəcəyik. Ona uyğun fikirlərimizi, qərarlarımızı növbəti 5 ilin sonunda verə bilərik.

Bir az da ədəbiyyatdan danışaq.

– Bir neçə gün öncə “Kağız Təyyarələr” adlı yeni kitabım çapdan çıxdı. İçində məktublar və şeirlər var. Yaradıcı və publisistik yazılarla da mətbuatda müntəzəm olaraq dərc olunuram. Ən son yazım Vaqif Səmədoğlunun 85 illiyi haqqında idi və Qobustan jurnalında dərc olunmuşdu. Türkiyədə bu yaxınlarda “Sən Gəldin” adlı yeni kitabım çap olunacaq. Tərcüməçisi İmdad Avşardır. İmdad bəyə də öz təşəkkürlərimi bildirirəm. Hazırda yeniliklərim bunlardır.

– Dediniz kitabım payız aylarında hazır olacaq, niyə payızda?

– Çünki, indi yaydır, insanlar istirahətdədir. Həmçinin seçkilərlə bağlı hamının başı qarışıqdır. Biz özümüz də siyasi partiya olaraq gərgin iş rejimində çalışırıq. Və düşündüm ki, sentyabr ayında artıq insanlar istirahət etdikdən sonra, məktəblər açıldıqdan və tədbirlər bərpa olunduqdan sonra tədbir keçirsəm, daha məqsədəuyğun olar.

Ədəbiyyata yeni addım atan gənc yazarlara nə demək istəyərdiniz?

– Sadəcə bunu demək istəyərəm ki, heç kəs özündən razı olmasın. Şair deyib ki, “bircə ondan razıyam ki, özümdən narazıyam”. Ədəbiyyat sahəsində insan nə qədər özündən narazı olarsa, öz üzərində bir az daha çox çalışacaq, yenilik edəcək. Öz yazdığına deyəcək ki, “daha yaxşısını edə bilərəm.” Və bir də şöhrətpərəstliyi kənara qoysunlar. Yəni, şair olmaq şöhrətpərəstlik yolunda addımlamaq üçün bir vasitə deyil.

Bəs hazırda ədəbiyyatımızda varmı belə gənclər?

– İstedadlı gənclərimiz də var. Lakin istedadı zəif olub, ancaq reklamla məşğul olan, sırf tanınmaq üçün çalışan insanlar üçün də üzülürəm. Çünki, onlar bir müddətlik qalacaqlar. Son sözü Ədəbiyyat və tarix deyəcək.

Ümumiyyətlə yazar üçün reklam nə dərəcədə rol oynayır?

Yazarın reklamı onun yaradıcılığıdır. Bizə doğma olan,mənəvi ata bildiyimiz bir həkim var . Bir müddət onun köməkçisi kimi çalışmışam. Televiziyalardan zəng gəlirdi. Deyirdim ki, filan televiziyadan zəng gəlir, səni həkim verilişinə çağırmaq istəyir və yaxud filan yerdə səninlə söhbət etmək istəyirlər və reklamını vermək istəyirlər və s. niyə getmirsən? Deyirdi ki, mənim reklamım pasiyentlərimdir, göstərdiyim nəticədir. Çünki, xəstə gedib öz ətrafındakına deyəcək ki, “mən sağaldım, sən də bu həkimin yanına get”. Beləliklə onun qapısında xəstə əskik olmurdu. Doğru ünvana gəlib, şəfa tapırdılar. İndi mən də eyni şeyi düşünürəm ki, yaradıcı insanın reklama ehtiyacı yoxdur. Bir cümləsi bəzən kifayət edir.

Son olaraq namizəd kimi vətəndaşlara sözünüz?

– Xalq olaraq bir olsunlar, susmasınlar. Həmişə doğrunun yanında olsunlar. Yəni, sürü düşüncəsi yaşamasınlar. “Bizi hara sürükləyirlər, ora da gedək” deməsinlər. Mən bilirəm ki, xalq bir yumruq olarsa, dövlətimiz də onunla birlikdə olacaq. Necə ki, 44 günlük müharibədə xalq dövlətimizlə bir yumruq oldu, biz qalib gəldik.

 

Havar Şəfiyeva

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=203244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031