Azərbaycan-Rusiya əlaqələri hazırda sürətlə inkişaf etdirilir
Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşməklə daim ölkələr, xalqlar arasında dostluq körpüsü rolunu oynayıb. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Azərbaycan özünün xarici siyasət kursunda Rusiya ilə dövlətlərarası əlaqələrin inkişafına xüsusi əhəmiyyət verirmişdir. İki ölkə arasında fəal siyasi dialoq mövcuddur. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Azərbaycan Respublikası ilə Rusiya federasiyası arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində iki ölkə arasında 250-dən artıq ikitərəfli sənədlər imzalanmış və onların həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır.
Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Rusiyada 11 mindən artıq Azərbaycan vətəndaşı ali təhsil alır. Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərirlər. Eyni zamanda iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi olaraq Heydər Əliyev Fondunun rolu böyükdür. Belə ki, Fondun fəaliyyəti nəticəsində mədəniyyətimiz Rusiyada geniş təbliğ olunur, çoxsaylı tədbirlər, o cümlədən sərgilər, müsabiqələr, festivallar və konsertlər təşkil edilir. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. .Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.
Azərbaycanın Tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların təşəbbüskarları sırasında Rusiya var. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında onu da qeyd etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək
Son 30 il ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində regionda sülhün təmin olunmasına töhfə verəcəkdir.
Samirə Hüseynova.
Short URL: https://www.cumhuriyyet.net/?p=203280