“İlham Əliyev gələcək problemlərinin əsasını qoydu”

01.01.2014 - 22:41
“Azərbaycan hakimiyyətinin məğlubiyyətdən başqa perspektivi yoxdur”

 
“Azərbaycan hakimiyyətinin məğlubiyyətdən başqa perspektivi yoxdur”
 

Əli Kərimli: “2013-cü il çox ciddi siyasi proseslərin başlanğıcı oldu”

 

 

Azərbaycanda mühüm siyasi hadisələrin baş verdiyi 2013-cü ili arxada
qoymaq üzrəyik. İsmayıllı, Quba olayları ilə başlayan 2013-cü ildə
kifayət qədər önəmli hadisələr baş verib. Müxalifətin son 20 ildə ilk
dəfə olaraq böyük siyasi koalisiya yaradaraq seçkiyə vahid namizəd,
vahid komanda ilə getməsi də məhz bu ilə təsadüf etdi. İlin son
günlərində Qarabağ qazisi Zaur Həsənovun hüquqlarının tapdanmasına
etiraz əlaməti olaraq özünü yandırması və dünyasını dəyişməsi də
cəmiyyətdə canlanmaya səbəb oldu. AXCP sədri Əli Kərimli ilə
müsahibəmizdə ilin siyasi yekunlarına qiymət verməklə yanaşı, gələn illə
bağlı gözləntilərini də öyrəndik.

– 2013-cü il kifayət qədər dinamik siyasi hadisələrlə, proseslərlə
zəngin bir il oldu. Təəssüf ki, il daha çox əsgər Ceyhun Qubadovun ölümü
ilə xarakterizə olundu. Ilin sonunda da hamımız Qarabağ qazisi Zaur
Həsənovun özünü yandırması nəticəsində faciəvi şəkildə dünyasını
dəyişməsinin şahidi olduq. Il ərzində yenə də xeyli sayda əsgər
ölümləri, saysız-hesabsız siyasi həbslər baş verdi. Yenə də əvvəlki
illərdəki haqsızlıq, hüquqsuzluq, ədalətsizlik davam etdi. Amma bu ilin
ərzində pozitiv məqamlar da oldu. Əsgər ölmlərinə etiraz zamanı məlum
oldu ki, Azərbaycanda artıq etirazçıların yeni təbəqəsi formalaşıb.
Internetin meydana gətirdiyi gənclik, fəal vətəndaş cəmiyyəti artıq
hakimiyyətə qarşı yeni cəbhə açıb. Bu gün Azərbaycan hakimiyyətinə qarşı
yalnız müxalif siyasi partiyalar dayanmır. Eyni zamanda bu ada layiq
olan vətəndaş cəmiyyətinin təmsilçiləri, ziyalılar, gənc fəallar
prosesdə iştirak edirlər.
2013-cü il həm də Quba, Ismayıllı
hadisələrinin baş verməsi ilə yadda qaldı. Qubada, Ismayıllıda baş
vermiş hadisələr  aydın şəkildə sübut etdi ki, Azərbaycan hakimiyyətinin
uzun zaman öyündüyü və zor gücünə əldə olunmuş sabitlik, nisbi
anlayışdır. Azərbaycanda gerçək, uzunmüddətli, xalq iradəsinə dayanan
sabitlik yoxdur. 2013-cü il bu həqiqəti də bariz şəkildə nümayiş
etdirdi.
Təəssüf ki, ağır, məhrumiyyətli ili indi də acı
təəssüratlarla yola salırıq. Nəinki Qarabağ qazisi Zaur Həsənovun özünü
ölüm həddinə çatdırılmasıyla bağlı heç bir tədbir görülmədi, cavabdeh
şəxslər cinayət məsuliyyətinə  cəlb olunmadı, əksinə, hökumət bu
hadisəni ört-basdır etdi. Qazimizin özünü yandırmasına etiraz edən
mübariz gənclərimizi insafsızcasına, namərdcəsinə həbs etdilər. Indi
onlar 2014-cü ili həbsxanada qarşılamalı olacaqlar. Millətin
vətənpərvər, vicdanlı kəsiminin Zaur Həsənovun acısını yaşadığı bir
gündə paralel olaraq Sumqayıtda öz düşük tortkəsmə mərasimini həyata
keçirdilər. Yenə 52 metrlik tort kəsib, alçaltdıqları, ac saxladıqları
azərbaycanlıları sonra da o tort qırıntıları ilə sevindirib, xalqı bu
qədər aşağlaya bilməklərindən zövq aldılar. Belə acı notlarla il təhvil
olunur.
Fürsətdən istifadə edib, növbəti ildə bütövlükdə Azərbaycan
xalqına daha yaxşı bir il, cansağlığı, şəxsi həyatlarında uğur
arzulayıram. Daha ləyaqətli həyat nəsibləri olsun.

“Demokratik düşərgə üçün uğurlu il”

– Bu ili demokratik düşərgənin qarşısına qoyduğu məqsədlərə çatmaq baxımından necə dəyərləndirmək olar?

Bu il bütövlükdə müxalifətin birləşməsi tendensiyasının gündəmdə olması
ilə xarakterizə olundu. Bildiyiniz kimi, yanvar ayında Rüstəm
Ibrahimbəyov tərəfindən Milli Şuranın yaradılması təşəbbüsü irəli
sürüldü. Sonradan mayın 28-də Milli Şura elan olundu. Nəticədə ölkənin
demokratik qüvvələri nəhayət ki, uzun illərdən sonra vahid bir
koalisiyada birləşərək, prezident seçkilərində vahid namizədlə iştirak
etdilər. Bu, Azərbaycan xalqının müxalifətdən uzun illərdən bəri
gözləntisi idi. Düzdür, bu seçkilər də saxtalaşdırıldı. Amma birləşmiş
müxalifətin vahid namizədi Cəmil Həsənli seçkilərdə iştirak edən
seçicilərin əksəriyyətinin səsini ala bildi. Mübarizənin kifayət qədər
qeyri-bərabər şərtlərlə aparılmasına baxmayaraq, Azərbaycanın birləşmiş
müxalifəti yenə də mənəvi-siyasi qələbəsini qazana bildi. Nəhayət ilk
dəfə olaraq Azərbaycanda keçirilən seçkilərin saxtalığını beynəlxalq
aləm etiraf etdi. Bu, iyirmi il ərzində bir ilk idi. Bütün dünya, ATƏT,
ABŞ, Avropa Birliyi, Böyük Britaniya Azərbaycanda keçirilmiş seçkilərin
beynəlxalq standartlara uyğun olmadığını, saxtalaşdırıldığını açıq və
rəsmi şəkildə  bəyan etdilər. Beləliklə, 2013-cü ildə Ilham Əliyev
hakimiyyətini daha bir müddət uzatmağa müvəffəq olsa da, təkcə
Azərbaycan xalqı deyil, bütün dünya onun legitimliyini sual altına
qoyub. Əslində bununla da Ilham Əliyev özünün gələcəkdə problemlərlə
üzləşməsinin əsasını qoymuş olub.
Bu ilin ərzində bir sıra başqa
ciddi siyasi proseslər də baş verib. Birləşmiş müxalifət çoxlu sayda
etiraz aksiyaları keçirib. Son illərdə ən kütləvi etiraz aksiyaları məhz
bu ilin ərzində keçirilib. Eyni zamanda çox təəssüfedicidir ki, ilin
sonları həm də qiymət artımı və gələn ilin büdcəsində böyük kəsirlərlə
xarakterizə olundu.
Belə ümumiləşdirə bilərik ki, bu il çox ciddi
siyasi proseslərin başlanğıcı oldu. Ilk növbədə ölkədə təkcə müxalifətin
deyil, vətəndaş cəmiyyətinin güclənməsi prosesi başladı. Hökumətə qarşı
geniş bir spektrin birləşməsi, səfərbər olunması bir tendensiyadır. Bu
tendensiya davam edəcək və sonrakı mərhələdə hakimiyyət üçün daha ciddi
problemlər yaradacaq. Hakimiyyətin legitimliyinin sarsılması bu il baş
verən növbəti bir tendensiyadır. Ölkədə sosial-iqtisadi vəziyyətin
dözülməz olması və bu prosesin davam etməsi əlavə sürprizlər yaradacaq.
2013-cü il Azərbaycan xalqının qəbirstanlıq sabitliyindən imtina etdiyi,
dinamizimlə mübarizə apardığı bir il oldu. Baxmayaraq ki, bu il uğrunda
mübarizə apardığımız məqsədlərin heç birinə nail ola bilməmişik. Hesab
edirəm ki, bu ilin ərzində böyük siyasi proseslərin əsası qoyuldu və
onlar gələn il inkişaf edəcək.

“2014-cü il müxalifətin daha ciddi təşkilatlanması ilə xarakterizə olunacaq”

– 2014-cü illə bağlı gözləntiləriniz nədən ibarətdir? Demokratik proseslərin inkişafı baxımından Azərbaycanı nə gözləyir?

2014-cü ildə 2013-cü ildə başlamış proseslərin davamı olacaq.
Azərbaycan xalqı bu il ciddi şəkildə anons edib ki, bu vəziyyətlə
barışmaq fikrində deyil. Hökumət beynəlxalq təcridə məruz qalmaq,
Azərbaycan xalqının böyük nifrətini qazanmaq bahasına olsa da kütləvi
həbslər həyata keçirdi. Azərbaycan siyasi məhbusların sayına görə
rekordçu ölkələrin sırasına daxil olub. Amma buna baxmayaraq rejim
siyasi mübarizənin qarşısını ala bilməyib. Bu da o deməkdir ki, 2014-cü
ildə ölkədə ciddi siyasi mübarizə gözlənilir. Həm də 2015-ci il
Azərbaycan üçün mühüm üç tədbirlə xarakterizə olunacaq. Bu tədbirlər
2015-ci ilin martında Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitidir.
Ehtimal olunur ki, bu sammitin əsas mövzusu Azərbaycan ilə assosiativ
sazişin imzalanması olacaq. 2015-ci ilin mayında Bakıda Avropa
olimpiadası keçiriləcək. Ilin sonunda da parlament seçkiləri gözlənilir.
Əgər ölkədə hər hansı fors-major hadisələr olmasa belə 2015-ci ildəki
bu üç tədbir 2014-cü ili bu tədbirlərə hazırlıq ili kimi xarakterizə
edəcək. Bütün siyasi qüvvələr, vətəndaş cəmiyyəti, Azərbaycan xalqı
ciddi fəallıq içində olacaq. Hesab edirəm ki, 2014-cü il müxalifətin
daha ciddi təşkilatlanması, ölkədə siyasi duruma etirazlarla xarakterizə
olunacaq. Azərbaycan hakimiyyətinin beynəlxalq arenada ifşası 2014-cü
ildə də davam edəcək. Bu proses başlanıb və Azərbaycan hakimiyyəti heç
bir nəticə çıxarmadığına görə növbəti il bu proses davam edəcək. Amma
2013-cü il sübut etdi ki, Azərbaycanda hər bir proqnozu arxa plana
keçirən hadisələr də hər an baş verə bilər. Çünki Azərbaycanda hazırkı
durum zor gücünə əldə olunub. Azərbaycanda hər zaman sürpriz hadisələr
baş verə bilər. Bütün dünya artıq qəbul edib ki, Azərbaycan elə
ölkələrdəndir ki, burada zor gücünə əldə olunan siyasi sabitlik hər
hansı hadisə ilə tez bir zamanda, asanlıqla pozula bilər. Belə
sürprizlərə də cəmiyyət hazır olmalıdır.

“Siyasi rejimin dəyişiklikdən başqa perspektivi yoxdur”

– 2013-cü ildə avtoritar ölkələrin sırasının bir qədər
seyrəlməsini müşahidə etdik. Beynəlxalq aləm diktatura rejimlərinə qarşı
sərt mövqe nümayiş etdirir. Hazırda Azərbaycan hakimiyyəti beynəlxalq
aləmlə qarşıdurma siyasəti aparır. Növbəti il Azərbaycandakı
avtoritarizmlə bağlı beynəlxalq aləmdə hansı addımların atılmasını
müşahidə edə bilərik?

– Azərbaycan 2003-cü ilə qədər
yarımazad ölkələr sırasında idi. Yarımazad ölkələr dedikdə o ölkələr
nəzərdə tutulurdu ki, orada demokratiya olmasa da, onun imitasiyasının
müəyyən əlamətləri olur. 2003-cü ilə qədər Azərbaycan məhz belə ölkə
hesab olunurdu. Ilham Əliyev hakimiyyətə gələndən sonra 2004-cü ildən
Azərbaycan azad olmayan ölkələr sırasındadır. İlk illərdə Azərbaycanın
daxil olduğu bu qrupda, azad olmayanlar siyahısında 44 ölkə var idi.
Hazırda Azərbaycan klassik avtoritarizmin, totalitarizmin mövcud olduğu
22 ölkədən biridir. Yəni ötən müddət ərzində azad olmayan ölkələrin sayı
yarıbayarı azalıb. Bu o deməkdir ki, bu prosesin qarşısını heç kim ala
bilməyəcək və bu proses Azərbaycandan da yan keçməyəcək. Azərbaycan məhz
2013-cü ildə ciddi, nüfuzlu beynəlxalq təşkilatların sanksiyalarının
tətbiq edilməsi ehtimalı ilə üzləşib. Avropa Birliyinin Azərbaycanla
bağlı qəbul etdiyi qətnamədə bu ehtimal açıq şəkildə səsləndirilib. Eyni
zamanda çoxlu sayda ABŞ siyasətçisi də Azərbaycanla bağlı Maqnitski
qanunun tətbiq olunmasını mümkün sayırlar. Ona görə də Azərbaycanla
bağlı beynəlxalq sanksiyalar məsələsi gündəmə gələ bilər. Azərbaycan
xalqının daxildən etirazı artdıqca beynəlxalq aləmin diqqəti, beynəlxalq
təzyiqlər də artacaq. Bu, gözləniləndir. Ən əsası Azərbaycan hökuməti
özünü elə bir çevrəyə salıb ki, həmin çevrədə olanların məğlubiyyətdən
başqa perspektivi yoxdur. Onların dəyişikliklərdən başqa çarəsi yoxdur.
Dünyanın gələcəyində totalitar, avtoritar rejimlərin perspektivi yoxdur.
Onların sırası seyrəlməkdə davam edəcək. Hər ötən il daha bir
qeyri-demokratik rejimin çöküşü ilə yadda qalır. Heç bir il istisna
təşkil etmir. Bu proses qarşısıalınmaz prosesdir. Azərbaycan hakimiyyəti
bu prosesdən nəticə çıxarmalıdır. Imkan yaratmalıdır ki, Azərbaycana
gəlməsi labüd olan dəyişiklik daha böyük kataklizmlər olmadan gəlsin.
Daha böyük kataklizmlərin olması Azərbaycanı bu gün idarə edənlərin daha
acı sonluğunu labüd etmiş olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=3086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31