İlham Əliyevin adı gələndə salavat çevirirlər…

12.01.2014 - 15:31

Əvəz Zeynallı: “Bu əslində Gülərlə mənim yox,
Ramiz Mehdiyevlə İlham Əliyevin savaşıdır…”

“Mən yaxşı
bilirəm ki, prezidentlə görüşdə iştirak edən jurnalist-redaktorlardan hansı mənı
150 manatlıq müqaviləyə, hansılar 50 minmanatlıq layihəyə satıb”

“Mənim qəzetimdə İlham Əliyevə, bəli-bəli
İlham Əliyevə ağıl dərsi keçənlər, İlham Əliyevə ləbbeyk deyənlərin səngərlərinə
keçdilər”

Əvəz Zeynallı: “Bu əslində Gülərlə mənim yox,
Ramiz Mehdiyevlə İlham Əliyevin savaşıdır…”

“Mən yaxşı
bilirəm ki, prezidentlə görüşdə iştirak edən jurnalist-redaktorlardan hansı mənı
150 manatlıq müqaviləyə, hansılar 50 minmanatlıq layihəyə satıb”

“Mənim qəzetimdə İlham Əliyevə, bəli-bəli
İlham Əliyevə ağıl dərsi keçənlər, İlham Əliyevə ləbbeyk deyənlərin səngərlərinə
keçdilər”

“Yeni Cumhuriyyət” qəzetinin bu sayında
müsahibimiz “Xural” qəzetinin baş redaktoru,
10
saylı cəzaçəkmə müəssisəsinin məhbusu və nəhayət AZAD SÖZ ADAMI və SÖZÜN AZAD
ADAMI Əvəz Zeynallıdır.

“Mən həbsxanada da azadam”


Əvəz bəy, 2 il 6 aydır ki, həbsdəsiniz. Sizin üçün həbs həyatı nə deməkdir?

– Həbsxana həyatımın
davamıdır, yəni, həyatımın başqa bir mərhələsidir. Mən son 11-12 ili nəzərə
almasaq, təxminən elə bu həyatı yaşamışam. Orta məktəbin son illərini kəndimizdə
– Ağbulaqda tək qaldım, min-bir əziyyət çəkdim, sonra hərbi xidmətdə Sovet dövlətinin
bu başından o başına yol keçdim, Moskva ətrafı Kirov şəhərindən başlayıb Vladivastoka –
Yaponiya sərhədlərinə qədər davam edən və sonu ağır xəstəliklə nəticələnən əsgərlik
həyatı yaşadım – min bir əziyyət çəkdim, it zülmü gördüm. Təxminən 2 il yarım.
Sonra Türkiyədə tələbəlik illəri başladı – orada da eləcə. Daim mübarizə, daim
qovğa, daim çətinlik. Mənim gözəl Anam mənim həyatımı əslində bir cümlə ilə
ifadə edə bilib: “Mənim bələyim odla bələnib”. Vəssalam. O baxımdan
bu həbs həyatını da ömrümün normal davamı kimi qəbul edirəm. Azadlığa gəlincə, onun anlamını vermək və o
haqda danışmaq qəzetinizin səhifələrini aşar. Təkcə bir şey deyim – insan fitrətən,
mənəvi baxımdan azad olmalıdır. Mən burada da azadam. Özün azadsansa, nökər və
qul deyilsənsə nə fərqi var, harada olmağın. Mən həbsxanada da azadam, müstəqiləm,
amma azadlıqda gəzən onlarla, minlərlə adam var ki, nökərçiliklə məşğuldurlar.


Az
ərbaycan həbsxanalarında vəziyyət
necədir?

– Azərbaycan cəmiyyətində
olduğu kimi. Həbsxana Ayda deyil ki, bu ölkənin, bu şəhərin içindədir. İndi
geniş və əsaslı quruculuq işləri gedir bu sahədə. Bildiyim qədərilə ötən il 83
milyon manat pul ayrılmışdı Ədliyyə Nazirliyinə – yeni xəstəxana-həbsxanalar
tikilir. Maşallah tuthatutdur. Görünür, yer çatmır. O baxımdan, burada vəziyyət
elə orada – sizdə olan kimidir – nə bir az artıq, nə bir az əskik…


Orada gününüzü necə keçirirsiniz, əsas məşğuliyyətiniz nədir?

– Bakı İstintaq Təcridxanasında
daha çox oxuyur, sonra yazırdım. Burada daha çox yazıram, sonra oxuyuram. Tərcümələr
edirəm. Azərbaycan oxucuları üçün dünya tarixinin ən nəhəng kitablarından
birini tərcümə edirəm. Maraqlıdır ki, bu kitab da dünyaya yön verən
kitablardandır, ancaq 100 ildir ki, Azərbaycan
türkcəsinə çevrilməyib. Təbii ki, müəyyən tarixi və bədii filmlərə baxmaq
imkanlarım da olur. Müəyyən mövzularda diskussiyalar aparırıq. Fikir mübadiləsi
də etdiyimiz olur. Vaxtlı-vaxtında, qanunla nəzərdə tutulmuş qaydada telefonla
danışır, vaxtı gələndə görüşür, ailəmizi görürük. Mən ağır cinayət törətmişəm
axı (Gülür) – ona görə də ayda iki dəfə ailəmlə görüşürəm. Yüngül cinayət törətsəydim
bu həftədə bir dəfə ola bilərdı…

“Ramiz Mehdiyev-Əli Həsənov
cütlüyünün mətbu monopoliyası üçün mən əsl başağrısı idim”


Həbsxanadan Azərbaycanın siyasi arena necə görünür?

– Olduğu kimi. Köhnə Sovet
kəndlərindəki klubları təsəvvür edin. Həmin klublarda ikinci mərtəbə olardı və
o mərtəbədə filmləri göstərmək üçün bir otaq olardı. O otağın balaca pəncərələrindən
kino göstərərdilər və balaca pəncərələrdən klub əlin içi kimi görünərdi. Bax,
elə bil ki, mən indi o mərtəbədəyəm və kluba – Azərbaycana baxıram. Buradan
bütün oyunlar aydın görünür. Təəssüf ki,
siyasi arenda dəhşətli bir boşluq müşahidə edirəm. Ardıcıllıq, yorulmaz siyasi
mübarizə, amansız müqavimət, ən əsası intellektual yarış yoxdur. Hər şey
iqtidara və onun ideoloqlarına tərk olunmuş vəziyyətdədir. Bir az
qımıldamaq istəyənlər içəridə, içəri düşmək istəməyənlər isə qımıldamadan yerlərində
oturublar. Millət isə kənarda müşahidə edir və için-için qaynayır.


Sizi şərləyib həbs edən, başqasının əmlakını mənimsəməkdə, mandat alverində və
digər ağır cinayətlərdə ittiham olunan Gülər Əhmədovaya 3 il, sizə isə
“gunahınız ” sübut olunmasa da 9 il iş veriblər. Sizcə bu nə deməkdir?

– Azərbaycanda hər şeyi
olduğu kimi, hüququ da zorlayırlar. Təkcə mən yox, hazırda burada onlarla, bəlkə
də yüzlərlə adam var ki, onlar 178.3.2-ci maddə ilə – Gülərin maddəsi ilə 8 ildən
12-13 ilə qədər cəzalarla burada əziyyət çəkirlər. Hamısının evində azyaşlı
uşaqları var. Eləsi var ki, həbs olunanda uşağı hələ dünyaya gəlməyibmiş.
Hamısına da Azərbaycan prokuroru azı 10, çoxu 15 il iş oxuyub. Elə o qədər də
iş veriblər. İndi onlar dəhşət içində içlərində qalan son ülvi hissləri də
öldürməklə məşğuldurlar. Qanun qarşısında hamı bərabər deyilmi? Nə oldu?! Səxsən
mənə gəlincə, mən təmkinli olmağa çalısıram. Təmkinlə seyr etməyə məcburam. Nələr
olur? İşin başqa bir tərəfi də var. İndi Azərbaycan məhkəmələrində ya pul, ya
da adam keçir. Azadlığa çıxmaq üçün ya pulundan keçməlisən, ya da adamın,
dostun olmalıdır. Bizim işimizdə pul rol oynamır, qalır “dosta zəng”!!! Gülərin
dostu Ramiz Mehdiyev, mənim “dost”um isə İlham Əliyevdir. Onun dostu
törədilmiş eşşək boyda cinayəti sildirə bildi, aldıqları 2 milyon dolları
bağırda-bağırda mənimsədi, ağırlaşdırıcı səbəbləri yüngülləşdirdi, qanunu
zorladı. Onlar bunu haqsız ola-ola etdilər. Bütün Azərbaycan xalqının gözlərinin
içinə tüpürdülər. Biz – mən və “dost”um İlham Əliyev isə heç nə
olmaya-olmaya, təkcə azad söz dediyimizə görə şərləndik və quruca “rüşvət
vədini qəbul etdiyi” ittihamı ilə 9 il iş aldıq. Bu əslində Gülərlə mənim
yox, Ramiz Mehdiyevlə İlham Əliyevin savaşıdır ki, o savaşdan birinci qalib
çıxdı. Bizimki belə gətirib -“dost”umuz prezident olsa da,
uduzduruluruq…

“Mən 10 ildir ki, hər gün həbs
olunacağım haqda düşünürdüm”


Bir daha həbsinizə qayıdaq və soruşaq: Sizi niyə həbs etdilər və belə yüksək cəzaya
layiq bildilər?

– İndi hər şey daha aydın görünür
və bilinir. Məni həbs etməklə iqtidar indi hamımızın şahid olduğumuz boş və ölü
bir mühit yaratmağın başlanğıc addımını atdı. Mən növbəti yeni mərhələ oldum. Mənə
bu qədər ağır cəza verməklərinin səbəbi də mənim israrlı mübarizəmdir. Mən 9 il
idi ki, bunları ipə-sapa yatmazlığımla və “heç kimi dinləməz”liyimlə
bezdirmişdim. Bu uzun və əzablı illərin hər biri üçün mənə bir il – cəmi 9 il
verdilər. “Xural” 9 il çıxdı. “Xural” 9 il bunların gecə-gündüzünü
qarışdırdı. Səbəblərdən biri bu idi. Təbii ki, başqa səbəblər də var. Ramiz
Mehdiyev-Əli Həsənov cütlüyünün mətbu monopoliyası üçün mən əsl başağrısı idim.
Bunlar məni şərləməklə və tutdurmaqla Azərbaycan mətbuatının dişlərini
qırdılar və ondan sonra istədiklərini etdilər. İndi də edirlər. Bunlar azad sözdən
qorxurlar. Baxın təkcə, jurnalistikadan 10-dan çox adam tutublar.


Həbsdən öncə nə zamansa düşünmüsünüzmü sizi həbs edə bilərlər?

– Mən 10 ildir ki, hər gün
həbs olunacağım haqda düşünürdüm. Son 6-7 ildə isə bu təhlükəni hər zaman
yaxından hiss etmişəm. Son 1-2 ildə ictimaiyyət də təxmin edib ki, mən həbsxanaya
doğru gedirəm. Son 1-2 ayda isə mənim həbs olunacağımı bütün dünya bilirdi.
Açın, baxın, güman ki, hələ də “facebook” səhifəmdə durur
– mən hər gün “həbsə hazırlaşıram” yazırdım. Bu həbsi
gözləyirdim. Bu namərdliyi, bu nakişiliyi, bu nakəsliyi gözləmirdim, onu da
göstərdilər.


Əgər keçmişə qayıtmaq imkanınız olsaydı, həbsdən yayınmaq üçün nəyi başqa cür
edərdiniz?

– Heç nəyi başqa cür etmək
imkanı yox idi. “Xural” dayanmalı, mən susmalı idim.
“Xural”ı inzibati yollarla dayandırdılar da – mənə də susmaq, ya da
bir müddətlik ölkədən getmək təklif olundu, mən əsla qəbul etmədim. Çəkilə bilməzdim.
Geriyə yolum yox idi. Mətbu monopoliyanın təntənəsi yolunda ən böyük maneə
mən idim. Məni həbs etmədən monopoliya qurulmayacaqdı. Onu da etdilər. Ona görə
də mənim nəyisə başqa cür etmək imkanım yox idi.

“Prezident mənə necə dost
olar? Olmaz!”


İlham Əliyevə “jurnalistlərin dostu” mükafatının verilməsinə
necə baxırsınız? Vaxtilə demokratik mətbuatda olmuş və bu gün də bu düşərgədə
olduğunu bildirən media mənsublarının həmin görüşdə iştirak etməsini və buna rəğmən
medianın əsas problemlərini, eləcə də həbsdə olan jurnalistlər məsələsini dilə
gətirməməsini necə qiymətləndirirsiniz? Onlardan nəsə umacağınız varmı?

– Dövlət başçısı İlham
Əliyevlə görüşü Gülər Əhmədovanın dostu təşkil etmişdi. İştirakçıların hamısı
onların bayrağının altından keçənlər idi. Onlara zəng edib tədbirə çağıran şəxs
mənim bütün cinayət işimi təşkil edən, bütün şahidləri birər-birər təlimatlandıran
şöbə müdiridir. Təbii ki, o, həbsdə olan jurnalistlərin poblemini qaldırmamağı
şərt kimi irəli sürmüşdü. Mən yaxşı bilirəm ki, prezidentlə görüşdə iştirak edən
jurnalist-redaktorlardan hansı mənı 150 manatlıq müqaviləyə, hansılar 50
min manatlıq layihəyə satıb. Orada
oturan KİVDF icraçı direktoru Vüqar Səfərli Ağır Cinayətlər Məhkəməsində mənim
üzümə duran adamdır, məni tutduranlardan biridir. Mən onlardan nə uma bilərəm
ki? Qaldı, müstəqil mətbuat adına iddia edən, ancaq iqtidarın yaratdığı
anti-demokratik şəraitə görə “danışa bilməyən” həmkarlarıma, onlar
düşmən cəbhəsinə yaxınlaşıb könüllü əsir düşən əsgərləri xatırladır. Onlar hələ
Güləri “siyasi məhbus” da elan edəcəklər. Hələ çox şeylər olacaq. Bir adam –
redaktor ki, prezidentlə görüşdən çıxıb “danışa bilmədim”, “bu qədərini
danışa bildim”, “heç olmasa bunu deyə bildim” deyirsə, əmin
olun, o redaktor artıq azad və müstəqil deyil. Nə dəyişib? Bunlar İlham
Əliyevə, onun atasına meydan oxuyan adamlar deyilmi? Mehman Əliyev, Elçin Şıxlı
kimi müstəsna adamlar xaric olmaqla, umduğumuz adamlar bizə demək olar ki, xəyanət
ediblər…

– “Mətbuatın dostu”…

– Bilirsiz, dostluq
anlayışı çox mürəkkəbdir. Bəzi mənə dost deyən adamlar oldu ki, mən gündə üzümə
duran, öyrədilən adamlarla qovğada ikən, onlar maaş-qonorar davası döydülər. Mənim
qəzetimdə İlham Əliyevə, bəli-bəli İlham Əliyevə ağıl dərsi keçənlər, İlham
Əliyevə ləbbeyk deyənlərin səngərlərinə keçdilər. Yanlış oxumadınız, mənim qəzetimdə
İlham Əliyevin enlə-uzununu bir edənlər, indi İlham Əliyevin adı gələndə
salavat çevirirlər. İddiası yer cıranlar görünməz oldular, ancaq onlar
“biz səninlə mətbu intihara varıq” deyirdilər. Niyə bütün bunları
deyirəm? Öz dostlarından, həmkarlarından
bəzi hallarda dostluq görmürsən, Prezidentdən sənə nə dost olacaq? Mənim
umduğum, gözlədiyim redaktor dostlarım, həmKARlarım bir il davam edən və hər
iclası sensasiya olan məhkəməyə müxbir göndərmədilər, mənim məhkəməmi
planlaşdırmalarına salmadılar. Prezident mənə necə dost olar? Olmaz! Ümumiyyətlə,
jurnalistikanın, ciddi jurnalistin dostu olmaz! Məhz ona görədir ki, bizə 4-cü
hakimiyyət deyirlər. Burada ən yaxın adamlarla da dost olmaq olmaz! Mən heç bir
zaman Prezidentlə və dövlət adamları ilə dost olmağa can atmadım, güman
ki, elə də olacaq. Uzun sözün qısası, “balama dəymə, balanı istəmirəm”. Hə, az
qala unutmuşdum. Prezidentlə görüşdə həbsdə olan jurnalistlərin azadlığa
buraxılması tələbini səsləndirməyənlər, həm də mənim – bizim azadlığa
çıxmağımızı istəməyənlərdir. Mən bunu belə qəbul etdim, qeydlərimə də belə
keçirdim…

(Ardı var)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=3307

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930