Nəcməddin Sadıkov sindromu

08.05.2014 - 02:53

Siyasi rəqiblərini dövlətə xəyanətdə ittiham edən
hakimiyyətin ordu generalı haqda şok faktlar
Siyasi rəqiblərini dövlətə xəyanətdə ittiham edən
hakimiyyətin ordu generalı haqda şok faktlar

 

Son vaxtlar müxalif
fikirli insanlara qarşı ermənilərlə əlaqə və ya xarici ölkələrin maraqlarına
xidmət ittihamları geniş yayılıb. Maraqlıdır, görəsən belə ittihamların müəllifi
olan hakimiyyət öz sıralarında olan şəxslərin açıq, sübuta ehtiyacı olmayan əməllərindən
xəbəri varmı? Ola bilər hansısa QHT rəhbəri və ya ictimai fəal xarici təşkilatlarla
müəyyən layihələrin, özü də adı və məqsədi bəlli layihələrin icrasında əməkdaşlıq
etsin. Buna qarşı olmaq azından bolşevik təfəkkürüdür. Amma məsələ burasındadır
ki, hakim komandada ciddi post sahibləri var ki, onların tərcümeyi-halı, ən
yaxın keçmişimizdəki əməlləri kifayət qədər müəmmalı məqamlarla zəngindir.

Bir şəklin tarixçəsi – Erməni generalla səmimi söhbət

Rauf Mirqədirovu Ermənistana
səfərlərinə görə həbs edən hakimiyyətin yüksəkçinli zabiti ilə bağlı kifayət qədər
ciddi ittihamlar var. Söhbət Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin
Sadıkovdan gedir. Vikipediyadan əldə etdiyimiz məlumata görə, Nəcməddin Hüseyn
oğlu Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Ailəsi bura Dərbənd
rayonu Bilici qəsəbəsindən köç edib. Milliyyətcə ləzgi olduğuna dair iddialar vardır.1979-cu
ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə
SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay
komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki
Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib.

1992-ci ildən Azərbaycan
Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə
komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində
xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan
Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib. Ona
Dağıstanın Milli Qəhrəmanı adı isə 2011-ci ildə verilib və sənəd Bakıda
Dağıstanda fəaliyyət göstərən “Şamil fondu”nun nümayəndələri tərəfindən təqdim
edilib.

Azərbaycan əlehinə fəaliyyət
mövzusu ilə bağlı N.Sadıkovu yada salmağımız səbəbsiz deyil. Bu gün Müdafiə
Nazirliyində hakimi mütləqə çevrilmiş bu generalla bağlı apardığımız
araşdırmalar zamanı maraqlı bir foto ilə rastlaşdıq. Sizə də təqdim etdiyimiz
fotodakılardan biri  Azərbaycan Silahlı
Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və… İkinci şəxs isə Ermənistan
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael
Arutyunyandır! Qeyd edək ki, foto NATO-nun saytından götürülüb və çox guman ki,
elə bu Alyansın tədbirlərindən birində çəkilib. Arutyunyan hazırda Ermənistan
Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisidir. Nəcməddin Sadıqovun – 20
faiz torpağı işğal altında olan bir ölkənin SQ Baş Qərargah rəisinin düşmən
generalı ilə nə haqda danışıb belə güldüyü həqiqətən də çox maraqlıdır. Görəsən,
Ermənistanla münasibətlərdən söhbət düşəndə həmişə hərbi ritorikaya üstünlük
verən, hiddətli danışan, hətta İrəvanı bir günə məhv edə biləcəyimiz haqda bəyanat
verən Müdafiə Nazirliyinin indiki rəhbərliyi bu şəkli görüblərmi, “bu, nə
səmimiyyət?” deyə sual ediblərmi?

Müəmmalı Rusiya bağlılığı

 

Amma faktlar bununla
bitmir. Nəcməddin Sadıkovun adı ilə bağlı baş verənlər cəmiyyəti zaman-zaman
çox təəccübləndirib. Xatırladaq ki, Nəcməddin Sadıqov bir zamanlar Dağıstanın
Milli Qəhrəmənlığına layiq görülməklə diqqətləri cəlb etdi. Doğrudur, bu təltif
rəsmi dövlət statuslu deyildi və Şeyx Şamilin adını daşısa da, mahiyyətcə o
böyük xalq mücahidinin əksi olan bir fondun mükafatı olaraq təqdim olundu. Amma
bu fond haqda müxtəlif ziddiyyətli fikirlər səslənir. Bunlardan biri də fondun
daha çox Rusiya Müdafiə Nazirliyinin Əks Kəşfiyyat İdarəsinin nəzarətində
olması ilə bağlıdır. Ona görə də bu, Azərbaycanın dövlətçiliyi adına normal
hadisə sayıla bilməz, milli hissiyatımıza həqarətlə bərabər, həm də təhlükəsizliyimizi
təhdid edən bir olay, xəbərdarlıq kimi qəbul olunmalı idi. Lakin təəssüf ki, bu
hadisə görməzdən gəlindi və nəticədə status-kvo davam etməkdədir. Belə ki, Nəcməddin
Sadıkov Rusiya kəşfiyyatının “milli qəhrəman”ı olaraq qalır, Azərbaycanın
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini icra edir və üstəlik, adının
ətrafında yeni olaylar çıxarmağa davam etdi.

Nəcməddin Sadıkov
Dağıstanın “Milli Qəhraman”ı olduqdan sonra Dərbənddən sözügedən şəhərdə Azərbaycan
Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin xatirəsini əbədiləşdirmək üçün
oxuduğu məktəbin qarşısında büstü də qoyulub. Hələ üstəlik onun oxuduğu məktəbin
əlaçı şagirdlərinə Nəcməddin Sadıqov adına xüsusi təqaüd də müəyyən olunub. Həmin
vaxtdan etibarən Dərbəndin əlaçı şagirdlərinə hər ay Nəcməddin Sadıkov adına təqaüd
verilməkdədir. Əlbəttə, bu təqaüdün mənbəyi haqda səhih məlumat almasaq da,
bunu təxmin etmək o qədər də çətin deyil. Çünki bu titullar dövlət statuslu
olmadığından maliyyənin də səbəbkar tərəfindən veriləcəyini düşünmək olar.
Əslində bu məsələ Nəcməddin Sadıkova çətinlik yaradacaq səviyyədə deyil. Çünki
baş qərargah rəisinin Dağıstanda ortaqları ilə birgə ciddi biznes
strukturlarına məxsus olduğu haqda xeyli informasiyalar mövcuddur. Ona görə də
maliyyənin problem olmadığı, hər şeyin təbii və ədalətli olduğu təqdirdə
insanlıq adına normal qəbul oluna bilməsi mümkündür.

Ancaq ortada təbii
olmayan, ədalətsiz bir yanaşma var. Necə olur ki, sənə qucaq açıb, çörək verən,
baş qərargah rəisi və general-polkovnik rütbəsinə qədər gətirən bir dövlətin,
millətin sayənizdə öz vətənindən köçkün düşmüş övladlarına nəinki təqaüd, heç
bir sevincli bir baxış, gülüşü belə çox görürsən, xalqın öz dilində danışmağı
özünə rəva bilmirsən, özününkü saydıqlarına(hansı ki, həyatdakı uğurlar o xalq
və ölkə ilə bağlı deyil) təqaüd verirsən?! Allah xatirinə, cənab Sadıkov, sizcə,
bu doğru və ədalətlidirmi? Bunun cavabını da Nəcməddin Sadıqova buraxırıq… 

Nəcməddin Sadıkov Kəlbəcəri
müdafiəsiz qoyub

 

Əlbəttə, Azərbaycan
Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Dağıstanın “Milli Qəhrəman”ı elan
olunması, Dərbənddəki oxuduğu orta məktəbin qarşısında büstünün qoyulması, daha
sonra şəhərin ən böyük küçələrindən birinə onun adının verilməsi və s. ilk
baxışdan normal görünə bilər. Amma bizi maraqlandıran odur ki, bütün bu
addımlar atılarkən hansı səbəb və kirteriyalar əsas götürülüb. Çünki Nəcməddin
Sadıkovun hərbçi olaraq Dağıstanla bağlı xidməti və fəaliyyəti olmayıb. Demək
ki, büstün qoyulmasının səbəblərini başqa xüsuslarda axtarmaq lazımdır. İndi
oxucularımızdan soruşuruq, bəlkə, bu səbəbi Qarabağ və ətraf rayonların Ermənistan
tərəfindən işğalına imkan verən döyüşlərin bilavasitə iştirakçısı və yönəticisi
olmuş Nəcməddin Sadıkovun fəaliyyətinin Rusiyanın maraqlarına uyğun tərəflərində
axtaraq?

Onu da bildirək ki, Nəcməddin Sadıqovun adı bir sıra xoşagəlməz
hallarda, eləcə də Kəlbəcərin işğalında hallanır. Yüksəklikdə yerləşən Kəlbəcərin
kənar qüvvələrin müdaxiləsi olmadan sırf ermənilər tərəfindən işğal edilməsinin
mümkün olmadığına diqqət çəkən məlumatlı şəxs iddia edir ki, bu məsələdə Nəcməddin
Sadıqovun da müəyyən mənada rolu olub: “Döyüş təcrübəsi olan hərbçilər də
təsdiqləyə bilərlər ki, Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamış,
hətta belə demək olarsa rayon müdafiəsiz buraxılmışdı. Həmin dövrdə Kəlbəcərin
müdafiəsini təşkil etməli olan zabitlərin məsuliyyətsizliyi, qeyri-pekəşarlığı
ucbatından rayon işğala məruz qaldı. Qeyd edim ki, Kəlbəcərin müdafiəsinin təşkililə
korpus komandirləri olmuş mərhum general Zaur Rzayev və 1993-cü ildən bu yana,
yəni düz 20 ildir ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini icra
edən Nəcməddin Sadıqov məşğul olublar. Hələ sağlığında Zaur Rzayev müsahibələrində
bildirmişdi ki, Nəcməddin Sadıqov aprelin 1-də günortadan sonra onu Xanlar
(indiki Göygöl rayonu-red.) rayonuna hərbi təyinatlı maşınlar gətirmək adı ilə
göndərdikdən sonra qoşunları Kəlbəcərdən cıxarıb. Hansı ki, belə maşınlar
ümumiyyətlə, göndərilməyibmiş. Yəni, Zaur Rzayev qəsdən Kəlbəcərdən
uzaqlaşdırılıb ki, qoşunları rayondan cıxarmağa mane olmasın. Bu hadisədən bir
gün sonra, yəni aprelin 2-də isə ermənilər Kəlbəcəri işğal edib. Deməli belə
çıxır ki, Nəcməddin Sadıqov ən həlledici məqamda Kəlbəcəri müdafiəsiz
qoyub. Maraqlıdır, görəsən niyə?..”

 

Baş Qərargah rəisi ətrafına
“rusdilli” kadrlar

 

Məlumatlı şəxsin sözlərinə görə, hazırda Baş Qərargahda general
Sadıqovunn tabeçiliyi altında çalışanların böyük əksəriyyəti Azərbaycan
dilində danışa bilməyən “rusdilli” kadrlardır: “Nəcməddin
Sadıqov özü də Azərbaycanın qanunlarına əməl etmədən əsgərlərlə və
tabeçiliyində çalışan şəxslərlə məhz rus dilində danışır, hərbi əmrləri belə,
rus dilində həyata keçirir.Qüvvədə olan müvafiq qanunlara görə dövlət dili məhz
Azərbaycan dilidir. Lakin Nəcməddin Sadıqov buna əhəmiyyət vermədiyindən
düz 20 ildir ki, Baş Qərargahda bu cür acınacaqlı durum hökm sürür. Bu isə
özlüyündə həm Azərbaycana, həm də azərbaycanlılara hörmətsizlik kimi dəyərləndirilməlidir.
Hətta o, bəzi əmr və protokolları belə rus dilində tərtib edir. Bu isə özlüyündə,
milli maraqlara tamamilə zidd olan addım, arzuolunmaz haldır. Bu gün qərargah rəisi
zabitlərlə yalnız ara sözlərinə istinadən əlaqə qura bilir ki, əslində bu,
yolverilməzdir. Çünki Baş Qərargah rəisi postu elə bir vəzifədir ki, bu vəzifədə
çalışan şəxs mütləq dövlət dilini mükəmməl səviyyədə bilməli və bütün tapşırıqları
aydın, anlaşıqlı formada çatdırmağı bacarmalıdır”.

Son zərbə

Sonda onu da bildirək
ki, Zakir Həsənov nazir postuna təyin edildikdən sonra Səfər Əbiyevin dövründə
heç bir söz hüququ olmayan baş qərargahın rəisi Nəcməddin Sadıkov keçmiş
nazirin ən yaxın adamlarını bir-birinin ardından qurban kimi yola saldı.
Bununla bağlı hərbi ekspertlərdən biri bildirdi ki, Nəcməddin Sadıkov hətta bu
yolla Azərbaycanın müdafiə qüdrətinə, hərbi gücünə də ciddi zərbə vurdu: “Çünki
yola salınanlar arasında kifayət qədər peşəkar hərbçilər də var idi. Amma
ağına-bozuna baxmadılar. Səfər Əbiyevə yaxın olduqlarından hamısı ucdantutma
işdən alındı”. Ekspert iddia edir ki, artıq bu dəyişikliklərin orta zabit heyəti
ranqına qədər endirilməsi narazılıqlara səbəb olub: “Yəni üst heyətdə dəyişikliklər
demək olar ki, başa çatıb. İndi də Səfər Əbiyevə yaxın olan orta ranqlı zabitlər
hədəfə alınıb. Başa düşülmür ki, Zakir Həsənov Azərbaycan ordusunu möhkəmləndirir,
yoxsa Nəcməddin Sadıkovun şəxsi ambisiyalarını həyata keçirir”.

Çingiz Coşqun

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=7022

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930