Azərbaycan məhkəmələrində şok: istintaq sənədləri itib

17.06.2014 - 01:18

Mütəşəkkil qrupun
başında duran Tamara Həmidovanı himayə edən gizli qüvvələr kimdir?…


Ölkədə bir çox hallarda kimlərinsə şəxsi maraqlarını təmin etmək üçün qanunlar
tapdalanır, yaxud da ayrı-ayrı şəxslərin tələblərinə uyğunlaşdırılır. Müxtəlif
vasitələrlə başqalarının hüquqlarını pozan, istənilən qanunsuzluğa gedən belə
insanlara qarşı bəzən lazım olan ölçü götürülmür, əksər hallara isə onlara
havadarlıq edənlər belə tapılır. Uzun illər ərzində formalaşaraq rahat
fəaliyyət göstərən belə mütəşəkkil qruplar dövlət strukturlarında kök ataraq öz
cinayətkar əməllərini davam etdirirlər. Tutduqları mövqelərindən istifadə
edərək biznes maraqlarını təmin edən məmurlar və onların havadarlıq etdikləri
qruplar artıq ölkə qanunlarına məhəl qoymur, özlərini tam toxunulmaz güclər
kimi aparırlar. Vaxtilə dövlət strukturlarında işləmiş və bunun hesabına yaxşı
əlaqələr yaratmış şəxslər indi də öz qanunsuz əməllərini davam etdirirlər və
görünən odur ki, onlara bu işdə himayədarlıq edən qüvvələr də kifayət qədərdir.

Azərbaycanda ən gəlirli sahələrdən birinin torpaq
alveri olması hamıya yaxşı məlumdur. Bu işlə məşğul olan və milyonlarla pul
qazanan xüsusi mütəşəkkil dəstələr mövcuddur. Dövlət və bələdiyyə mülkiyyətində
olan torpaqları satmaqla külli miqdarda vəsait qazanan belə qruplara xüsusi
himayədarlıq edən qüvvələr mövcuddur. Belə mütəşəkkil qruplardan birinə əvvəllər
Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində mühasib
işləmiş Tamara Həmidova rəhbərlik edir. T. Həmidova paytaxtın müxtəlif yerlərində
böyük əraziləri satmaqla xeyli qazanc əldə edib. Onun “torpaq biznesi”nin
qaranlıq məqamları ilə bağlı kifayət qədər sübutlar olsa da, himayədarları
Tamara Həmidovanı bütün hallarda qorumağı bacarırlar.
Tamara Həmidova bir müddət “Buxar” Kollektiv Müəssisəsində mühasib işləyib.
Daha sonra isə onun karyerasının Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və
Şəhərsalma İdarəsi dövrü başlayıb. Elə burada da xanım mühasib torpaq alveri
sahəsində ilk “uğurlu” addımlarını atmağa başlayıb. Tamara Həmidova bu sahədə o
qədər “ixtisaslaşıb” ki, sənədləri saxtalaşdırmaqdan, onları lazım olduğu halda
yoxa çıxarmaqdan belə çəkinmir. Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və
Şəhərsalma İdarəsində mühasib işlədiyi dövrdə idarənin arxivindən bir zamanlar
çalışdığı “Buxar” Kollektiv Müəssisəsinin 4294 saylı pasportunu oğurlayamış və
həmin sənədləri saxtalaşdıraraq notarial qaydada təsdiq etdirərək öz məqsədləri
üçün istifadə etmişdir. Baş vermiş bu cinayət hadisəsi ilə bağlı “Buxar” KM-nin
rəhbərliyiSəbail rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Şikayət
əvvəlcə aidiyyatı üzrə Səbail rayon Polis idarəsinin 9-cu polis bölməsinə göndərilib.
Lakin, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 21 dekabr 2013-cü il
tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. “Buxar” KM-nin rəhbərliyi
həmin qərardan Səbail rayon Prokurorluğuna şikayət edib. Şikayət əsasında Səbail
rayon Prokurorluğu 5 fevral 2014-cü il tarixində Səbail rayon Polis İdarəsinin
9-cu Polis Bölməsinin 21 dekabr 2013-cü il tarixli qərarını ləğv edərək
araşdırmanı davam etdirmək üçün işi Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinə
göndərib. Ancaq bu dəfə də qanunlar Tamara Həmidovanın “xeyrinə” işləyib. Səbail
rayon Polis İdarəsinin İstintaq Şöbəsi 4 mart 2014- cü il tarixində eyni əsasla
cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar verib. “Buxar” KM öz
qanuni hüquqlarını müdafiə etmək məqsədilə Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi
ilə müraciət edib. Bakı şəhər Prokurorluğu Səbail rayon Polis İdarəsinin
İstintaq Şöbəsinin 4 mart 2014-cü il tarixli qərarını ləğv edərək araşdırmanın
davam etdirilməsi üçün işi Səbail rayon Prokurorluğuna göndərib. Hazırda
istintaq prosesi Səbail rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyevin
icraatındadır. Lakin işin maraqlı olan tərəfi odur ki, Səbail rayon Prokurorluğu
nəinki şikayət əsasında cinayət işinə başlamır, əksinə hər vəchlə işi
yubatmaqla məşğuldur. 2 aydan çox vaxt keçməsinə baxmayaraq, prokurorluq yalnız
“Buxar” KM-nin rəhbərliyindən və Tamara Həmidovadan izahat almaqdan başqa heç
bir əməli iş görməyib. İş materiallarında olan sənədlər qarışıq vəziyyətdədir.
Hətta “Buxar” KM-nin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 29
aprel 2003-cü il tarixli texniki pasportunun içərisindəki sənədlərin
ardıcıllığı pozulub, müəssisənin yerləşdiyi torpaq sahəsinin baş planı tamamilə
tanınmaz vəziyyətə salınıb. “Buxar” KM rəhbərliyinin dəfələrlə müraciət etməsinə
baxmayaraq, nə sənədlərin Bakı şəhər İcra Hakimiyyətinin arxivində
olub-olmaması barədə sorğu verilib, nə də qanunsuz olaraq pasportun surətlərini
notarial qaydada təsdiq edən notarius prokurorluğa çağırılaraq izahat alınıb.
Prokurorluğun bu “astagəlliyindən” etiraz edən “Buxar” KM rəsmilərinə cavab
olaraq Səbail rayon Prokurorluğundan Bakı şəhər İcra Hakimiyyətinə sorğu ilə
müraciət olunsa da, sorğuya cavab verilmədiyi, notariusun isə heç bir qanun
pozuntusuna yol verməməsi səbəbindən onun izahatının alınmasına ehtiyac
olmaması bildirilib. Bütün bunlardan bir daha aydın olur ki, Səbail rayon
Prokurorluğu qəsdən işi yubatmaqda maraqlıdır və iş o yerə çatıb ki, prosesi
obyektiv araşdırmaq əvəzinə Tamara Həmidova və digər şikayət olunan şəxslərə vəkillik
etməklə məşğuldur.
Ümumiyyətlə, Tamara Həmidova və “Buxar” KM arasında yaranan problemin tarixi
xeyli əvvələ gedib. “Buxar” KM Tamara Həmidovanın qardaşı Cəlal Həmidova qarşı
iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edib. İş üzrə Bakı
Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsi ilə “Buxar” KM rəhbərinin
iddiası qismən təmin edilib. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi 45
A ünvanında yerləşən “Buxar” KM-ə məxsus daş hasarın öz yerində bərpa edilməsi
vəzifəsi Cəlal Həmidovun üzərinə qoyulub. Həmin mülki işlə bağlı iş
materiallarında olan Nizami rayon Məhkəməsinin hakimi Cahangir Yusifovun 22
sentyabr 2008-ci il tarixli sorğusuna və Bakı şəhər İcra Hakimiyyətinin
Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 sentyabr 2008-ci il tarixli məktubu ilə
643 saylı tikinti pasportunun və 4294 saylı işin surətləri Nizami rayon Məhkəməsinə
təqdim olunub. Qeyd olunan sənədlərin müəmmalı şəkildə notarial qaydada təsdiq
edilmiş surətləri məhkəməyə verilib. Sonradan işə baxan məhkəmələr (Nizami
rayon Məhkəməsinin hakimləri Zaur Tağıyev, Cahangir Yusifov, Vidadi Məmmədov,
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İlqar Xələfov,
Ülvi Mayılov və Xəqani Məmmədov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri
Əli Rüstəmov, Əsəd mirzəliyev və Aslan Kalbalıyev) qətnamə və qərarlarda,
ekspertlər isə rəylərində sübut kimi həmin sənədlərə istinad ediblər. 27 iyul
2009-cu il tarixində “Buxar” KM rəhbərliyi hakim Vidadi Məmmədova müraciət edərək
2(007)-51/2009 saylı mülki iş üzrə iş iş materiallarına əlavə olunmuş 643 saylı
inşaat pasportunun( bütün qovluq) və 4294 ayrıc cizgisinin (bütün qovluq) surətlərini
təqdim etməyi xahiş edib. Bununla əlaqədar 01. 08. 2009-cu tarixində həmin sənədlərin
surətləri təqdim edilib və bununla bağlı məhkəməyə qəbz təqdim edilib. Lakin
01.05.2014-cü il tarixində Nizami rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin
26.11.2010-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə bakı
Apelyasiya Məhkəməsində baxılarkən iş materialları ilə tanəş olan “Buxar”
KM-nin nümayəndəsi Anar Rüstəmov iş materiallarında olan 4294 saylı işin(əlavə
olunmuş materiallarla birlikdə) və 643 saylı inşaat pasportunn notarial qaydada
təsdiq olunmuş surətlərinin olmadığını görüb. Bu barədə hakim Toğrul Əliyevə rəsmi
ərizə ilə müraciət edərək faktiki olaraq iş materiallarından yoxa çıxan 4294
saylı işi (əlavə edilmiş sənədlərlə birlikdə) və 643 saylı inşaat pasportunun
surətlərinin tapılması xahiş olunub. Lakin Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı
Habil adlı şəxs şifahi şəkildə bildirib ki, göstərilən sənədlər faktiki olaraq
iş materiallarında yoxdur.
Çox maraqlıdır ki, iş üçün zəruri sübutlardan olan məhkəmələrin qətnamə və qərarlarında,
ekspertlərin rəylərində istinad olunan bu sənədlər necə olur ki, iş
materiallarından yoxa çıxır və bu sənədlərin iş materiallarından götürülməsində
kim və hansı səbəblərlə maraqlı ola bilər? Qeyd olunan sənədlər Tamara Həmidova
tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin arxivindən oğurlanmış, sonradan
saxtalaşdırılaraq notarial qaydada təsdiq edilmişdir. Oğurluqla bağlı “Buxar”
KM tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub və hazırda şikayət ərizəsi
əsasında Bakı şəhər Prokurorluğunda araşdırmalar aparılır. Sənədlərin
oğurlanması ilə bağlı araşdırmaların getdiyi bir vaxtda iş materiallarında olan
bu sənədlərin müəmmalı şəkildə yoxa çıxması çox şübhəlidir. Görünür, Tamara Həmidovanı
himayə edən gizli qüvvələr prosesin ciddiliyini görərək sənədləri yoxa
çıxarmaqla onu zərbədən yayındırmağa çalışırlar. İş materiallarında olmalı olan
4294 saylı işin və 643 saylı inşaat pasportunun kim tərəfindən və hansı şəraitdə
iş materiallarının arasından yoxa çıxarılması bir daha sübut edir ki, prosesin ədalətli
şəkildə aparılmamasında maraqlı olan qüvvələr Tamara Həmidovanı qorumaq üçün
daha bir cinayətə əl atıblar. Tamara Həmidovanın torpaq bazarına geniş rəvac
verənlər indi də bu yolla onu qorumağa çalışırlar. “Buxar” KM rəhbərliyi tərəfindən
baş verən hadisə ilə bağlı Baş prokuror Zakir Qaralova, Bakı şəhər Prokuroru
Əziz Seyidova, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciətlər
olunsa da, heç bir dəyişiklik olmayıb. Məhkəmələrdə hələ də bir Tamara Həmidova
kabusu dolanmaqdadır. Hələ də Tamara Həmidovanı himayə edənlər ölkə
qanunlarından üstün olmaqda davam edirlər.
Mövzunu davam etdirəcəyik…
Nicat Mahmudov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=8553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930