“Türk İnteqrasiyası-30” adlı kitabın təqdimatı keçirilib
Bu gün Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Türk İnteqrasiyası-30” adlı kitabın video-konfrans şəklində təqdimatı keçirilib. Təqdimat mərasimini Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darxan Kıdırəli açaraq təqdim olunan kitabda keçən 30 il ərzində müstəqil türk dövlətlərinin keçdiyi yola işıq salan çoxsaylı elmi məqalələrin yer aldığını bildirib.
Türk dünyasının tanınmış ictimai-siyasi xadimləri Xəlil Akınçı, İkram Adırbekov, Həsən Həsənov, İsa Həbibbəyli açılış nitqi söyləyərək kitabın ərsəyə gəlməsində böyük əmək sərf etmiş müəlliflərə və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını bildirdilər. 2 saatdan çox davam edən video-konfransda Azərbaycan millət vəkilləri Qənirə Paşayeva, Cavanşir Feyziyev və Vüqar Bayramov, Qırğızıstan millət vəkili Kanıbek İmanaliyev və Qırğız Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan, Qazaxıstan Respublikasından araşdırmaçı alim Botagöz Rakişeva və Nazarbayev vəqfinin Dünya iqtisadiyyat və siyasət institunun direktoru Yerjan Saltıbayev, Özbəkistan Respublikasından Strateji Araşdırmalar İnstitunun direktor müavini Sanvar Vəliyev, Özbəkistan Elmlər Akademiyasının Milli Arxeoloji mərkəzinin Başkan yardımçısı alim Qaybulla Babayar, Türkiyə Cümhuriyyəti Milli Elmlər Akademiyasının sabiq prezidenti Əhməd Cavad və başqaları çıxış ediblər.
Konfransda səslənən çıxışlarda son 30 il ərzində türk coğrafiyasında baş vermiş siyasi hadisələr, iqtisadi dirçəliş, türk xalqarı arasında mədəni-humanitar əlaqələr geniş müzakirə olunub. Türk xalqlarının tarixi birliyi, müasir dövrdə müstəqil türk respublikaları arasında siyasi-iqtisadi-sosial və mədəni əlaqələrin inkişafı üçün atılan addımlar, eləcə də qloballaşma mühitində türk dövlətlərinin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfransa yekun vuran professor Darxan Kıdırəli bütün müəlliflərə və müzakirələrdə iştirak edən alimlərə və ictimai-siyasi xadimlərə Beynəlxalq Türk Akademiyası adından minnətdarlığını ifadə edərək qarşıdan gələn Novruz bayramı münasibətilə bütün türk xalqlarını təbrik edib.