Prezident və xanımı Lənkəranda bir sıra obyektlərin açılışını edib

15.10.2018 - 14:38

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyrici-boyaq” fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirildi ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olundu ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər.

Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

*   *   *12:40

Oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım Lənkəran Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi altı hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli üç yerlik mehmanxananın üçmərtəbəli binasında idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 70 yerlik konfrans zalı mövcuddur.

Lənkəran Olimpiya İdman Kompleksinin ağır atletika və trenajor zalında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb.

Qeyd edildi ki, Lənkəran Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 135 nəfər izləyə biləcək. Müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1300-ə qədər tamaşaçı izləyəcək. Burada mini futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli töhfədir. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123744

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031