Qonşun pisdir? Güclü ol!

30.12.2020 - 10:29

Xeyli vaxtdır bizdə qonşudan gileylənmə xasiyyəti əmələ gəlib. Məndən tutmuş mənəcən hamı sitəm edir ki, bəxtimizə yaxşı qonşu düşməyib.

Yanlış anlaşılmasın, söhbət blok və ya çəpər qonşularından getmir. Onlar, Allah şükür, əksəriyyət etibarilə adam balasıdırlar, anlaşmaq olur, olmayanda da köçüb gedirsən, məsələ bitir.

Ancaq söhbət ölkənin, xalqın, dövlətin qonşusundan gedirsə, vəziyyət dəyişir. Bu, artıq bəxt məsələsidir, kimin püşkünə kim düşübsə, ömürlük düşüb, dəyişdirə bilməzsən, nə özün köçüb gedə bilərsən, nə də onu qovub perikdirə bilərsən. Məhz ona görə biz qonşu sarıdan gileyliyik, hesab edirik ki, bəxtimizə yaxşı qonşu düşməyib və xeyli dərəcədə haqlıyıq. Çünki çox qeyri-ciddi, etibarsız qonşumuz var (göründüyü kimi, müəllif siyasi konyukturanı, dövlətçilik mənafeyini nəzərə alaraq cəm şəkilçisindən istifadə etmədi – bu minvalla “guya o birilər yönlüdürmü” deyə sual qoyanları neytrallaşdırıram).

Əlbəttə, düşmən qonşu da elə fikirləşir, deyirlər, nə olardı, bu türklər olmayaydı, biz də yekə bir dövlət qurub asudə yaşayaydıq. Artiq 120 ildir ki, dinc-yanaşı, iç-içə yaşamaq variantı onların ağlından çıxıb, axır illərdə də bizim başımız çənüb, deyirik, yox e, birlikdə yaşamaq mümkün deyil.

Vaxtaşırı çoxumuzda belə bir fikir yoğunlayır: “Keşkə, Avropanın göbəyində yerləşəydik…”

Bax, burası qəliz məsələdir. Avropanın göbəyində yerləşsəydik, fransızlarla qonşu olardıq. Yaxşıdırmı? Vaxtilə dünyada 224 yerdə müstəmləkəsi olmuş fransızlar bizə gün-dirilik verərdimi? Vallahi, Napoleon şərqə də gedəndə kəndlərimizi şumlayıb gedərdi, şərqdən qayıdıb qərbə də gedəndə.

Heç əlcəzairlililər, tunislilər, ruandalılar fransızların qonşusu deyil, amma Fransa onları nə günlərə saldı. Bəlkə almanlarla indi-indi qonşu olmaq olar, amma Bismarkın, Hitlerin vaxtında onlarla qonşu olsaydıq, bilmirəm, necə olardı.

O biri Avropa xalqlarını qoyuram qırağa, guya indinin özündə fransızlar düzəliblər, ədalətli, obyektiv olublar? Gəlmişdilər də, gördük. Həmsədrlərini də gördük, prezidentlərini də. Elə bilirsiniz, rəhmətlik deputatımız Şamil Qurbanov parlamentdə durduq yerdə “Jak Şirak qudurub” demişdi? Əsla! O zamanlar məhdud bir dairədə Jak Şirakın dövlətimizə qarşı nəsə bir yaramazlıq etdiyinə dair informasiya vardı (hökumətimiz bunu açıb-bükmədi) və bu məlumat hansısa kanalla Şamil müəllimə sızmışdı, o da özünü saxlamadı, bombanın fitilini çəkdi. Fransa səfirinin və ona dəstək verən diplomatların anaş qazın dalına düşüb gedən qaz balaları kimi parlamentdən çıxdıqları bu gün də gözümün qabağındadır.

Hələ bu Makron. Ermənistan ordusunu dağıtmışıq, Paşinyanı əzmişik, Köçəryanla Sərkisyanı xəcil və rəzil günə qoymuşuq, Ohanyan taytıya-taytıya reabilitasiya kursuna gedir, Tonoyan pərtliyindən evdən çıxmır, Liparityan artıq sülhdən danışır, yerdə qalanlar da bir-birini qırırlar, bir dənə ortada Makron qalıb, hələ dirəşir. Sanasan, Ermənistanın ali lideri bu imiş və atəşkəs sazişi bundan xəbərsiz imzalanıb deyə, bu, razı deyil, ona görə pərən-pozanlıq salır.

Elə o biri fransızlar da farağat deyil. Fransanın bir şəhəri “artsax”ı tanıyır, o biri küçəyə “Stepanakert” adı qoyur, parlament gündə bir ermənipərəst qanun, qətnamə qəbul edir, deputatlar “Ermənistan, Ermənistan” deyibən özlərini cırırlar.

Biz yenə o gözəgörünməzə şükür edək ki, Fransa Gürcüstanın, Rusiyanın, İranın, Türkiyənin, hətta Türkmənistanın yerində deyil. Onda görərdik, pis qonşu necə olur. Hələ fransızlar 3-4 min kilometr o yandadırlar, önümüzə bu qədər kötük diyirləyirlər, gəl, gör, bir az yaxında olsaydılar, necə olardı. Heç nə yox, fransız sülhməramlılar cumub Şuşanı əlimizdən yenidən almaq istəyərdilər. Taleyranın goruna and olsun ki, başqa cür olmazdı.

Dediyim odur ki, “pis qonşu”dan gileylənməyin yeri və faydası yoxdur. Güclü olmaq lazımdır, əfəl və başıqapazlı olmaq lazım deyil. Qoy onlar gileylənsinlər və kim bilir, bəlkə axırda “qonşun pisdir, köç, qurtar” məsəlinin tövsiyəsi onların ağıllarına batacaq?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159041

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930