Venesuela: 30 illik cənnətin sonu

26.09.2018 - 09:04

1 milyon faizlik inflyasiya, 4 milyon qaçqın, 18 faizlik iqtisadi geriləmə…

Dünyada “təbii sərvətlərin lənəti”nə rast gələn ölkələrdən biri də Venesueladır. “Cənubi Amerikanın mirvarisi” adlandırılan Venesuela hazırda özünün ən çətin günlərini yaşayır. 2014-2015-ci illərdə neftin dünya bazar qiymətinin düşməsi ilə başlanan hərtərəfli böhran getdikcə daha da dərinləşməkdə, ölkədə siyasi-iqtisadi proseslərin kəskinləşməsinə gətirməkdədir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il Venesuelada inflyasiya 1 milyon faizə çatacaq. Ölkədə yaşanan dərin sosial-iqtisadi böhran isə qonşu ölkələrdə də ciddi problemlərə yol açacaq. BVF hazırda Venesuelada baş verənləri 1923-cü ildə Almaniyada qeydə alınan hiperinflyasiya ilə müqayisə edir. Qurum Nikolas Maduronun rəhbərlik etdiyi ölkədə bu il Ümumi Daxili Məhsulun 18 faiz azalacağını proqnozlaşdırır. Bununla da artıq 3-cü ildir ki, Venesuelada iqtisadi azalma qeydə alınmış olacaq. Ölkədəki böhran və işçilərin başqa ölkələrə qaçması üzündən neft istehsalı da getdikcə azalır. 2015-ci ilin yanvarında neft satışından 3 milyard dollar əldə edən Venesuelada 3 ildə bu rəqəm 37 milyon dollara qədər azalıb.

Bir neçə onillik əvvəl venesuelalılar Karakasdan Parisə səsdən iti gedən “Concorde”larda uçurdular. İndi isə onlar sosial-iqtisadi və siyasi böhranın dağıtmış olduğu ölkədən öz ayaqları ilə qaçırlar. Bu gün Venesueladan qaçqın axını Suriyadan Avropaya baş verən axınla müqayisə olunacaq həddə gəlib çatıb. BMT-nin hesablamalarına görə, 2015-ci ildən bəri ölkəni 2,3 milyon nəfərdən çox adam tərk edib ki, bu da əhalinin 7 faizi deməkdir.

Venezuela ile ilgili görsel sonucu

Venesuaela iqtisadiyyatı Maduronun hakimiyyətə gəldiyi 2013-cü ildən bəri iki dəfə kiçilib. Neft hasilatı 1940-cı illərin səviyyəsinə düşüb. 1999-cu ildə hakimiyyətə gələn Uqo Çavesin sosialistləşdirmə siyasəti nəticəsində transmilli şirkətlər neft sənayesini tərk edir. Venesuela Dövlət Neft Şirkətinin isə onların boşalan yerini doldurmaq, hasilatı saxlamaq imkanları yoxdur. Paytaxt Karakasda həyat sanki donub. Mağazalar və apteklər boşalıb. Ölkədə ərzaq və dərman əhaliyə talonla satılır, onları almaq üçünsə səhər saat 6-dan 2-3 kilometrlik növbələr yaranır. Ölkəyə uçuş həyata keçirən 32 beynəlxalq aviaşirkətin əksəriyyəti tələbatın olmaması üzündən uçuşları dayandırıb. Bütün sahələr üzrə nüfuzlu xarici şirkətlər ölkəni tərk edir. Rəsmi məlumatlara görə, 20 il əvvəl Venesuelada 650 min özəl şirkət vardısa, indi onların sayı 140 minə güclə çatır. İdxal 2012-ci ildəki 66 milyard dollardan 2017-ci ildə 11 milyard dollara düşüb. Bu isə ölkədə adambaşına düşən idxal həcminin 1946-cı il səviyyəsində olacağı deməkdir. Yalnız xarici şirkətlər deyil, xarici ölkə səfirlikləri də Venesuelanı tərk edir.

Venesuela həm də regional təklənməyə məruz qalır: qonşular oradan başlayan mirqant axınına davam gətirmir. Sentyabrda Latın Amerikasının 11 dövləti yığışaraq Venesuela qaçqınları ilə bağlı məsələni müzakirə edib. ABŞ və Avropa Birliyi Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq ediblər.

Venezuela ile ilgili görsel sonucu

Çaves hakimiyyətə gəldikdən sonra milliləşdirmə adı altında həyata keçirdiyi siyasətlə özəl biznesə ağır zərbə vurub, böyük şirkətlərin ölkədən çıxmasına səbəb olub. Nəticədə Venesuelada istehsal ildən-ilə azalıb. Bundan əlavə, qiymətlər, neft və valyuta məzənnəsinə nəzarətin dövlətin əlinə alınması biznesin inkişafını əngəlləyib. Neftin qiymətləri yüksək olmasına rəğmən, Çaves ölkəni borc bataqlığına yuvarlayıb. Buna görə də onun siyasətini davam etdirən Maduronu xalq düşdüyü vəziyyətin əsas günahkarı olaraq görür.

Qeyd edək ki, Nikolas Maduro adi bir avtobus sürücüsü olub. Həmkarlar təşkilatlarında fəallığı ilə seçilən Maduro sosializm carçısı olan keçmiş prezident Uqo Çavesin dövründə vitse-prezident kürsüsünədək qalxmağı bacarıb. Hazırda müxalifətlə Maduro arasında gərgin mübarizə gedir. Onun prezident seçildiyi seçkilərin nəticələrini xalqın böyük əksəriyyəti qəbul etmir.

Yeri gəlmişkən, sentyabrın 24-dən Venesuelada yanacaqla bağlı bazar qiymətlərinə “yaxın” qiymət siyasətinə keçidin növbəti mərhələsi başlayır. Bu barədə rəsmi televiziyada çıxış edən Maduro məlumat verib. Dünənə qədər bura yanacağın dünyada ən ucuz satıldığı ölkə idi – benzinin bir qallonu (təxminən 4,55 litr) 0,01 dollar idi. Düzdür, Maduro indi qiymətin neçə olacağını açıqlamayıb, lakin o bildirib ki, bu, neftin dünya bazar qiymətindən asılı olacaq. Yalnız sosial kartı olan vətəndaşlara güzəştli qiymət tətbiq olunacaq. Avqustda isə o, denominasiyaya gedərək milli pul vahidi olan bolivarın üzərindən 5 sıfırı götürüb. Bolivar milli kriptovalyuta olan petroya bağlanıb. Petronun dəyəri isə ölkədə hasil olunan neftin bir barelinin qiymətinə bağlıdır – hazırda 60 dollar təşkil edir.

Venezuela ile ilgili görsel sonucu

Maduro iqtisadiyyatdakı dərin böhranı aradan qaldırmaq üçün islahatlar həyata keçirmək niyyətindədir. Bunun üçün o, ilk növbədə sentyabrın 1-dən etibarən əmək haqlarını 10 dəfə qaldırıb – 1800 suveren bolivar, yaxud 0,5 petro. Bir həftə öncə isə N.Maduro qəfildən Çinə səfər edib. Pekində ölkələrarası əməkdaşlıqla bağlı 28 sənəd imzalanıb. Maduro oradan daha 5 milyard dollarlıq borc və neft-dağ-mədən sənayesində Çin şirkətlərinə üstün hüquqlar verən öhdəliklərlə dönüb. Çin Venesuela neftinin ən böyük alıcısıdır – ölkənin dünya bazarına çıxartdığı “qara qızıl”ın 40 faizə qədərini alır. ABŞ isə getdikcə Venesueladan neft alışını azaldır. Bunun bir səbəbi də bu ilin mayında Donald Trampın Maduroya qarşı tətbiq etdiyi sanksiyalardır. Belə ki, ABŞ prezidenti Venesuelanın borc kağızları ilə əməliyyatları məhdudlaşdırıb ki, bu, onsuz da 20 milyard dollara çatan xarici borclarını ödəyə bilməyən ölkənin vəziyyətini daha da qəlizləşdirib.

Yerli ekspertlər Maduronun Çinlə yaxınlaşmasına müsbət yanaşmırlar. Onların fikrincə, Asiya nəhəngi heç nəyi qarşılıqsız etmir. Ekspertlər xüsusilə Çin şirkətlərinin Venesuelanın dağ-mədən və neft sektoruna axınını təhlükəli hesab edirlər.

Dünya SAKİT

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122953

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930