Xəstə məhbuslar azad ediləcəkmi? – İctimaiyyət hökumətdən operativ qərarlar gözləyir

14.05.2020 - 16:03

Bütün məhkumlar virusla əlaqədar test olunmalıdır”

Həbsxanalarda koronovirusun yayılması məhbus yaxınlarını olduqca narahat edir. Xüsusən, müxtəlif xəstəliklərdən əziyyət çəkən, şəkərli diabətlər, yaşlı dustaqlar üçün təhlükəli vəziyyət yaranıb ki, bu da narahatlığı ikiqat artırır. 

Virusun yayıldığı barədə xəbərlərin mətbuatda yayılmasına baxmayaraq, Penitensiar Xidmətin  ciddi-cəhdlə onu təkzib etməyə çalışması da vətəndaşlarda bu quruma etimadsızlığını artırır.

Çünki cəmi bir gün sonra Ədliyyə Nazirliyi məlumat yayaraq xəbərləri təsdiqlədi və 33 məhkumun cəzaçəkmə müəssisələrindən evakuasiya edildiyini, karantin-izoliyasiya şəraitinin daha da sərtləşdirildiyini bəyan edib.

Ekspertlər və vaxtı ilə həbsxanalara bir neçə ilini keçirmiş tanınmış şəxslər həbsxanaların təhlükəli virusun sürətlə yayılması üçün münbit şəraitin olduğunu bildirirlər.

Saytımıza verilən məlumata görə, məhbusların gündə iki dəfə – gəzinti zamanı maska taxması təmin olunur. Qalan zamanlarda isə məhbuslar maskadan istifadə etmir. Bunun da təhlükəni artırdığı bildirilir.

Ömrünün 1 il 3 ayını koronovirusun yayıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində keçirmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli pressklub.az-a bildirib ki, koronavirusa yoluxan məhkumların sayı 33-dən çox ola bilər.

Onun sözlərinə görə, məhkumlar o qədər sıx saxlanılır ki, koronavirus kimi sürətlə yayılan virusun daşıyıcısı bir gündə təmasda olduğu 100-dən artıq məhkumu yoluxdura bilər.

A. Məmmədli bu müəssisədə insanların yaşaması üçün ən adi sanitariya-gigiyena qaydalarına riayət etməyin mümkün olmadığını vurğulayıb: “İki bina 4 korpusa bölünüb. Hər korpusda da iki barak var – ümumilikdə 8 barak. Təxminən 80-100 kvadratlıq hər barakda 120-130 məhbus saxlanılırdı. Bəzən say 150-yə çatırdı. Baraklar çox köhnə binalardır, havası təmizlənmir. Adi gigiyenik qaydalara əməl etməkdə ciddi problem var. Xüsusən yay aylarında su çatışmazlığı olur. Su gəlmirdi, kanalizasiya problemi olurdu. 6, 7 və 8-ci barakların arxasında bir gölməçə vardı, yay-qış oradan çox üfunət gəlirdi. Ümumi bir ayaqyolu vardı, o da çox bərbad vəziyyətdə. Qış aylarında məhbuslar isti suyun olmamasına görə çox əziyyət çəkirdilər. Məhkumlar hətta ayrı-ayrı baraklarda yatsalar belə, gündüzlər birlikdə olurlar. Çünki gündüzlər baraklar cəmi 2-3 saat açıq olur. Qalan vaxtlarda məhbuslar çöldə olur, hamı bir-biri ilə təmasda… Mətbəx çox kiçikdir. Bəzən orada 80-90 nəfər eyni anda ya yemək bişirir, ya da yeyir.”

Onun sözlərinə görə, müəssisədəki tibb məntəqəsi də kiçikdir, uzağı 20 məhbus yerləşdirilə bilər.

Məmmədlinin fikrincə, həmin müəssisə ümumiyyətlə, ləğv olunmalı, məhbuslar köçürülməlidir. Onun sözlərinə görə, təkcə daxildəki yox, müəssisənin yerləşdiyi ərazi də uyğun deyil.

Məmmədli cəzaçəkmə müəssisələrində immuniteti güclü saxlamağın çox çətin olduğunu qeyd edərək, istənilən virusun qısa müddətdə yayıla biləcəyini vurğulayıb. Ona görə bütün məhbuslar test olunmasının zəruri olduğunu qeyd edib.

Penitensiar müəssisələrdə mütəmadi monitorinqlər keçirən, Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əlməmməd Nuriyev isə “AzPolitika.info”-ya deyib ki,13 saylı cəzaçəkmə müəssisəsində yoluxma bir məhkumun yoxlanmasıyla üzə çıxıb.

Həmin məhbus səhhətindəki problemlə əlaqədar müalicə məqsədilə köçürülüb. Geri qaytarılandan sonra temperaturu yüksək olub. Koronavirus testinin nəticəsi müsbət çıxıb və bundan sonra onun təmasda olduğu adamlar yoxlanılıb. Nəticədə 33 nəfərdə virus aşkarlanıb.

Ə.Nuriyev hesab edir ki, təkcə 13 saylıda yox, bütün cəzaçəkmə müəssisələrində məhkumlar virusla əlaqədar test olunmalıdır. Onun fikrincə, izolyasiya tədbirləri də sərtləşdirilməlidir.

Bu açıqlamalardan da görünür ki, məhbusların həyat və sağlamlıqlarının qorunması üçün təcili addımlar atılmasına ehtiyac var. Bu istiqamətdə artıq virusun geniş yayıldığı ölkələrin təcrübəsi var.

Məsələn, İranda on minlərlə məhbus vaxtından əvvəl azadlığa buraxılıb. Onların içində az ağır cinayətlərə görə məhkum edilənlərin cəzaları ümumiyyətlə ləğv edilib. Ağır cinayət törədən şəxslərin bir qisminə isə müddətli məzuniyyət verilib. Pandemiyadan sonra onlar yenidən həbsxanalara qaytarılacaq.

Azərbaycan da bu və ya başqa ölkələrin təcrübəsindən çıxış edərək ilk növbədə xəstə, yaşlı məhbusların həbsxana şəraitindən azad edilməsi istiqamətində addımlar ata bilər. Xüsusən şəkərli diabetdən əziyyət çəkən xəstə məhbuslar ciddi risk qrupuna daxil olduğu nəzərə alınmalıdır.

Mart ayında Prezident İlham Əliyev bu istiqamətdə ilk addımı atıb və yaşı 65-dən artıq olan 170-ə qədər məhbusun əfv edilməsi ilə bağlı sərəncam imzalayıb. Həbsxanalarda yaranmış vəziyyət bu addımların davamlı olmasını, həyat və sağlamlığı risk altında olan məhbusların azad edilməsini tələb edir. Məhbus yaxınları, ictimaiyyət hökumətdən situasiyaya uyğun adekvat addımların atılması ilə bağlı yeni qərarlar gözləyir…

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146660

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930