Azərbaycanlı olmağı ilə fəxr edən MÜBARİZ

16.07.2020 - 12:00

Bütün Azərbaycan bu  gün Qarabağ məqamında. Cocuğundan yaşlısına, kəndlisindən nazirinə qədər hər bir azərbaycanlı  Tovuzda başlayan gərginliyi düşünür, şəhidlərimizə ağrıyaraq BÖYÜK QƏLƏBƏ üçün can atır.  Bu gün gözlər və qulaqlar intizarda. Deyilən hər söz, hər dəstək ümid zirvəsinə bir qədər də yaxınlaşdıran pillələr.  Bu arada həm də ölkədən kənarda yaşayan tanınmış soydaşlarımızdan umurduq. Milyarder soydaşlarımızdan. Dünyanın ən varlı 20 milyarderinin siyahısında azərbaycanlı milarderlərdən Vahid Ələkbərov, Araz Ağalarov,  Fərhad Əhmədov, Mübariz Mənsimov, Qod Nisanov, Zarax İliyevin adları düşüb. Onlardan biri Mübariz Mənsimov artıq neçə aydır ki, həbsdədir. Digərləri isə… Susduləar. Səs yenə həbsdə olmasına rəğmən Mübariz bəydən gəldi. M.Mənsimovun sosial şəbəkədəki hesabında qeyd olunub: “Üzücü xəbər aldım. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycanın 4 hərbçisi şəhid olub, 4-ü də yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralılara da Allahdan şəfa diləyirəm. Şəhidlərimizin məkanı cənnətdir. Vətən üçün yaşayıb, vətən üçün öldünüz. Siz qəlblərə həkk olunsunuz. Tanrı Azərbaycan Ordusunu müzəffər etsin!”

Bir daha Azərbaycan cəmiyyətinə bəlli oldu ki, məsələ sərvətdə, maddi imkanların böyüklüyündə, vətəndaşı olduğu super dövlətdə tutduğu yüksək məqamda deyil. Məsələ damarda axan AZƏRBAYCAN QANInın gücündədir. Hələ yüz il öncə milyonçular haqqında danışarkən sağlığında “millət atası” adlandırılan Hacı Zeynalabdin Tağıyevin, adının əvvəlinə “xəsis” epitet yapışdırılsa da, xeyriyyə məqsədilə böyük pullar xərcləyən Musa Nağıyevin, Şəmsi Əsədullayev, Hacıağa Dadaşov, Murtuza Muxtarov və İsabəy Hacınskinin adları çəkilir. Bu insanları xalqa sevdirən, adlarını günümüzə qədər yaşadan cəhətləri onların sadəcə, milyonlar qazanmaları deyil. Onlar qazandıqları pulların müəyyən hissəsini xalqın yolunda xərcləyirdilər, təhsilə, səhiyyəyə, ədəbiyyata, incəsənətə maddi dəstək verirdilər, ağır günlərdə təhlükələrin önünə keçirdilər. Qeyd olunan milyonçuların dövründə yüzlərlə başqa zənginlər də yaşayıb. Ancaq xalq üçün bir qara qəpik də xərcləmədiklərinə görə indi kimsənin yadına düşmürlər. Bu gün yeni siyasi düzən və müstəqil Azərbaycan reallığı yeni milyonçular nəslinin yetişməsinə zəmin oldu. Hətta yeni nəsil milyonçulardan bir neçəsi qısa müddətdə beynəlxalq reytinqlərdə özlərinə yer tutmağı da bacardılar. Təbii ki, həmin soydaşlarımızın bu uğuru ictimai diqqəti onların paralel və zəruri fəaliyyətlərinə – xeyriyyəçilik təşəbbüslərinə də yönəldir. Ancaq burada mənzərə 100 il əvvəlkindən çox-çox fərqlidir. Təəssüf ki, yeni milyonçular arasında Tağıyev ənənələrini davam etdirənlərin sayı, ən nikbin hesablama ilə də bir əlin barmaqlarından çox deyil. Bu kateqoriyaya aid iş adamlarından söz düşəndə isə ilk ağla gələn ad Mübariz Mənsimovdur. Təqribən 20 il əvvəl “Palmali” gəmiçilik şirkətini quraraq, böyük biznes “dəniz”inə yelkən açan, “yüksəkballı qasırğa”lara sinə gərərək, inamla irəliləyən, adı maddi ehtiyaclarla üzləşən insanlarımızın ürəyində ümid alovu yaradan dəyərli soydaşımız. Türkiyə vətəndaşlığı qəbul edərək  qardaş ölkədə məskunlaşan Mənsimov öz fəaliyyəti və xeyirxahlığı ilə milli təəssübkeşliyin titul isimlərindən birinə çevrilib. “Palmali” sanki, gəmi daşımaçılığı şirkəti deyil, xəstəxanadır, məktəbdir, sığınılacaq limandır və nəhayət Azərbaycan dövlətçiliyənə iqtisadi, siyasi dəstək, Qarabağ savaşında dayaq məqamıdır. Qardaş Türkiyədə Azərbaycan həqiqətlərinin daha yaxından tanıdılmasının təşəbbüskarı kimi də Mənsimovun xidmətləri danılmazdır. Ankarada və Türkiyənin başqa böyük şəhərlərində Xocalı Soyqırımına dair səviyyəli tədbirlərin təşkili onun adı ilə bağlıdır. Bu gün İstanbulda Azərbaycan adına parklar varsa, bilinsin ki, o parklardan bir Mənsimov keçib. Mənsimov 2017-ci ilin yayında balaca Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsindən sonra mediadakı çıxışlarında erməniləri faşist adlandırmaqdan da çəkinmədi. Şirkətlərində üçüncü nəsildən belə olsa ermənilərin işə alınmaması prinsipini illərdən bəri dəyişməyən Mənsimovun bu sözləri biznesinin əleyhinə olsa da, sözündən dönmədi. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə Mənsimov qətiyyətlə “Sərmayəmi çəkərəm”, deyərək, öz biznesini riskə atmaqdan çəkinmədi.

Bu gün həbsxanada belə adam Azərbaycan və Qarabağ deyə haray çəkir. Böyük Şəhriyarın məşhur misralarında deyildiyi kimi: “Orda bir şir darda durub bağırır, Mürvətsiz insanları çağırır…” Əində bu gün toplum olaraq bizim Mübariz Mənsimova dəstək verməmiz, onun azadlığı üçün çalışmamız lazımdır. Amma indiki halında belə Azərbaycan əsgəri ilə səngərdə, Azərbaycan insanı ilə meydanda olan bu soydaşımıza ölkəmizdən də daş atanlar tapılır. Bu daşlardan biri də uzun müddətdir ki, həmkarımız Eynulla Fətullayevin əlində. Son vaxtlar  Fətullayevin  əsas hədəflərindən biri də “Palmali”nin sahibi  Mənsimovdur. O,   Mübariz  Mənsimovun Azərbaycan dövlətinə və SOCAR-a yarım külli miqdarda pul “atmasından” tutmuş, iş adamının FETO, PKK, İŞİD-lə əlaqələrinədək çox şeydə ittiham edib. Axı,  SOCAR  bu barədə heç bir  açıqlama vermədiyi halda,  əlində heç bir rəsmi sənəd olmayan  jurnalist qarşı tərəfi necə ittiham edə  bilər? Digər  tərəfdən  hər bir insanın  borcu-alacağı-verəcəyi olduğu kimi  böyük biznesdə də  böyük borcların, böyük  alacaqların-verəcəklərin olması təbii haldır. Nəinki  yarım milyard, hətta bir neçə  milyard. Ona görə də borc  sahiblərinin susduğu halda  Fətullayevin  yarım milyardla bağlı  “cırıq 3-lük”  söhbəti etməsi gülüncdür. SOCAR-la  kifayətlənməyən  baş  redaktor   Mənsimovun Rusiya hökumətinə də milyardlar atdığını xüsusi olaraq qeyd edir. Əlində heç bir məhkəmə qərarı, yaxud rəsmi sənəd olmadan iftira atmaq, şər-böhtan yazmaq  lap ötən əsrin 37-ci ilinin  gizli  danoslarını yada salır. Bu reket jurnalistikasından da dəhşətli  danos jurnalistikasıdır. Ötən əsrin 30-cu illərində də  Moskvaya yazılan belə danoslar minlərlə  soydaşımızın  həyatına son qoydu.  Söhbət danosbazlıqdan düşmüşkən, mərhum  prezident Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, Siyasi Büro üzvü seçiləndə, ali  rəhbər vəzifəyə təyin olunanda  düşünürdüm ki, hamı sevinəcək, amma Moskvaya danos yazanlar da tapıldı. Görünür bu gün də bəzi əli qələm tutanlar  öz mənəvi liderlərinin yolunu davam etdirirlər.

Mübariz Mənsimova Azərbaycan mediasından atılan bu daş təkcə danosla  kifayətlənmir, hansısa karidorlarda eşitdiklərini jurnalist araşdırması kimi tirajlayaraq insanları  böyük cinayətlərdə ittiham edirlər. Başa düşürük ki, böyük siyasətin və böyük biznesin zirvəsinə heç kim ağ kostyumda və bəyaz əlcəkdə getmir. Amma kimlərisə ittiham etmək üçün əlində rəsmi sənədlər, tutarlı faktlar, dəlillər, sübutlar olmalıdır. Digər tərəfdən öz soydaşımızı deyil, Rusiya şirkətini  müdafiə etmək hansı məntiqə  söykənir? Əlbəttə yel qayadan nə aparar ki? Belə hücumlara isə ən yaxşı cavab Mübariz Mənsimovun əməli və sözüdür: “ Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.Biz bu günə qədər 20 minə yaxın tələbini oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən, insanların milli kimliyini soruşmamışıq. Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orada danışanları tanımıram.
Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var. Bizi separatçılıqda ittiham etməyə çalıan bu adamlar görünür, “Palmali Group”a məxsus gəmilərdə şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlib. “Palmali Group”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu da gözündə qalıb.
Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmişəm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150054

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930