Urmiya gölü haqda həqiqətlər – VİDEO

13.07.2015 - 01:15

rrNeçə min illik tarixi özündə yaşadan Urmiya gölü…Qədim türk dilində bu gölün adı “suda yaşayış yeri” anlamını verir. Mənbələrdə Manna dövlətinin 3 min il bundan əvvəl Urmiya gölü ətrafında yerləşməsi barədə yazılar var. Bu gün isə qədim tarixlərə şahid olan gölün özünün tarixə dönməsi baş verir. Göl dünyanın gözü önündə qurumaqdadır…

Məlumata görə zamanında bura xeyli sayda çay tökülərdi.  Onlardan Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay,  Cığatı çaylarının  adlarını çəkə bilərik. Gölün özünün də tərkibində bulaqları olub. Lakin bir neçə il bundan əvvəl göl ətrafındakı ərazidə quraqlıq olub, yağıntılar az olub; əkinçilik, bağçılıqla məşğul olan əhali, eləcə də İran hökumətinin özü də gölün əsas su mənbəyi olan çayların üzərinə bəndlər çəkib. Nəticədə isə göl qurumağa başlayıb.
Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdikləri Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Hər iki vilayətin mərkəz şəhərləri Urmiya və Təbriz arasında asan əlaqə yaratmaq üçün 2007-ci ildə 14 kilometr uzunluğunda körpü tikilir. Bu körpü gölü iki yerə ayırır və gölün hər iki tərəfindəki suyun  sirkulyasiyasının qarşısını alır. Mütəxəssislər gölün qurumasında bu körpünün əsas amillərdən biri  olduğunu deyirlər. Məhz bundan sonra gölün quruması sürətlənib.
Məlumat üçün bildirək ki, Urmiya gölü dünyanın 3-cü ən böyük duzlu gölüdür. Qışın ən sərt vaxtlarında belə bu göl donmur. Buna səbəb gölün duzluluğudur… Mütəxəssislərin dediklərinə görə, onun duzluluğu okean duzluluğundan iki dəfə çoxdur.  Zamanında bu gölün duzlu suyu və palçığı müalicəvi xarakter daşıyırdı. Əsasən də palçığı əsəb, traxoma, müxtəlif dəri və qadın xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edirdi. Çox təəssüf ki, bu barədə artıq keçmiş zamanda danışmaq mümkündür…
Qeyd edək ki, Urmiya gölünün ərazisi 5960 kvadrat kilometrdir. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə indi həmin rəqəm yalnız 3 milyona enib…Burda 102 ada var ki, onların da birində məşhur sərkərdə Çingizxanın nəvəsi Hülaküxanın qəbri yerləşir.
Kadrlarda görünən quru ərazi bir zaman gölün bir hissəsi olub. Lakin bu quru ərazidən su olan yerə getmək üçün 2 kilometrdən çox yol qət etmək lazım gəlir. Uzaqdan isə quruda qalan gəmi görünür. Bir vaxtlar həmin gəmi bura gələn turistləri göl üzərində gəzdirərdi…
Gölün ətrafında az sayda kiçik göllər var ki, onlar da bəndlərin sayəsində qarşısı kəsilən çaylardır.
Dünyanın bir çox yerlərindən bura köçəri quşlar , o cümlədən falminqo, qutan, leyləklər gələrdi. Lakin artıq həmin canlılar  yolunu burdan salmır.
Bir zamanlar “Milli park” statusu alan Urmiya gölünün ətrafını həm də “İranın Parisi” adlandırardılar. Bura xeyli sayda turist gələr, dincələrdi. Lakin faciəli zamanlarını yaşayan gölün ətrafındakı turist evləri xarabaya çevrilib. Gölün quruması ilə ekoloji tarazlıq pozulmuş, bunun nəticəsində əkinçilik və maldarlıqla məşğul olan yerli əhali İranın müxtəlif bölgələrinə köçməyə məcbur olub. İstənilən güney azərbaycanlı ilə  bu barədə söhbət edəndə onları qəhər boğur, kövrəlir, ən xoş xatirələrin yaşandığı gölün barəsində xatirə kimi danışmağı qəbul edə bilmirlər.
Bəziləri Urmiya gölünün qurumasında İran hökumətinin maraqları olduğunu bildirirlər. Bununla əlaqədar olaraq Güney Azərbaycanın bir çox şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Bu aksiyalarda Təbrizin “Traxtur” azarkeşlərinin böyük rolu olub. Belə ki, 2010-cu ilin aprelində futbol klubunun azarkeşlərindən ibarət qruplar insanları aksiyada iştirak etməyə dəvət edir. Təbrizdən, Urmiyadan, Xoydan, Ərdəbildən, Marağadan və s. yerlərdən uşaqdan tutmuş qocasınadək, minlərlə azərbaycanlı gölün sahilinə gələrək gölə rəmzi su töküb. Urmiya gölünün faciəsini dünyanın nəzərinə çatdırmaq məqsədilə ilə başlanılan aksiya İran hökumətinin güc strukturları tərəfindən dağıdılır,  xeyli fəal həbs edilir. Onların bir qismi hələ də həbsxanalardadır.
Urmiya gölünün quruması Qüzey Azərbaycanda da böyük narahatlıq doğurub. Bununla bağlı mətbuatda xeyli sayda məlumatlar verilib, reportajlar hazırlanıb.
Unutmaq olmaz ki, bu fəlakət təkcə Urmiya gölü və onun ətrafı üçün deyil, bu İran dövləti üçün, Azərbaycan üçün, bütövlükdə bəşər üçün yaşanacaq faciədir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar hələ ki, yalnız kağız üzərində qalmaqdadır. 
Bəzi ekspertlər çıxış yolu kimi Araz çayının suyunun Urmiya gölünə axıdılmasını görürlər. Lakin digər mütəxəssislər bunun doğru yol olmadığını iddia edir, bu zaman ekoloji tarazlığın pozulacağından ehtiyat edirlər. Üstəlik, suların tərkibi də müxtəlif olduğundan hansısa ekoloji fəsadlara gətirib çıxaracağı güman edilir.  Digər variantlar isə yuxarıda qeyd etdiyimiz bəndlər çəkilmiş çayların yenidən gölə axıdılmasını təmin etməkdən ibarətdir.
Yayılan son məlumatlara görə İranın prezidenti Həsən Ruhani Urmiya gölünün bərpa ediləcəyi barədə vəd verib, deyilənə görə artıq bununla bağlı komissiya yaradılıb və müzakirələr gedir. İşlərlə əlaqədar 522 milyon dollar vəsait də ayrıldığı bildirilir.
Urmiya gölü 1967-ci ildə YUNESKO tərəfindən qoruq elan olunub. Bundan başqa, göl qorunan təbii ərazilər sırasına daxil edilib. Lakin təəssüf ki, Urmiya gölü hər keçən gün dünyanın gözü önündəcə quruyaraq tarixə dönür…

Xalidə Gəray, müsavat.com
Urmiya
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27981

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930