“Makro Market”də müştərilərə belə kələk gəlirlər – FAKTLAR

24.08.2015 - 11:35
makroSupermarketlər şəbəkəsində informasiya təhlükəsizliyi qaydalarına əməl olunmur, vergi qanunu kobud şəkildə pozulur
Son illər ərzində ölkədə, əsasən də paytaxt Bakıda müxtəlif adlı onlarla, hətta daha artıq marketlər fəaliyyətə başlayıb. Əslində, bu, müsbət tendensiya kimi qiymətləndirilməlidir. Çünki marketlərin sayı artdıqca onlar arasında normal rəqabət mühiti də formalaşır. Rəqabət olan yerdə isə istər-istəməz qiymət siyasətinə yenidən nəzər salmaq, yəni daha çox alıcı cəlb etmək üçün məhsulların qiymətini aşağı salmaq lazım gəlir. Bu isə alıcıların xeyrinə cərəyan edən proses olduğundan marketlərin sayının çoxalmasını təqdirəlayiq hal kimi dəyərləndirmək gərəkdir. Lakin bununla yanaşı, o da qeyd olunmalıdır ki, hazırda bəzi marketlər şəbəkəsi müxtəlif yollara baş vuraraq istehlakçıların hüquqlarını pozur, vergi və əmək qanunvericiliyinin tələblərinə əməl etmirlər. Misal kimi, “Makro Market” supermarketlər şəbəkəsini göstərmək olar.
Əldə etdiyimiz bilgilərə görə, “Makro Market”in tətbiq etdiyi innovativ metodlar – müştəri elektron kartları (bonus, endirim kartları) nəticə etibari ilə müştərinin başında çatlayır: “Halbuki dünyanın hər yerində tətbiq edilən müştəri elektron kartları istehlakçının seçim və qərarlarına təsir edən, kömək göstərən rəqəmsal vasitə sayılır. “Makro Market” supermarketlər şəbəkəsində isə hər şey tamam tərsinədir. Bildiyiniz kimi, alış-veriş edən kütlənin böyük bir hissəsi qadınlardır, onların orta alış-veriş sürəti isə 25-30 dəqiqə arasıdır. Yəni qadınlar marketdə ilk 2-3 dəqiqə heç bir malla maraqlanmadan hərəkət edirlər.
Göründüyü kimi, bu qədər çətin marketinq qaydalarının mövcud olduğu sahədə bonus kartlarının şərtləri maksimum sərfəli olmalıdır. “Makro Market”də isə bonus kartlarının faiz şərtləri bankların kredit kartlarının şərtlərindən daha ağırdır. Məsələn, adıçəkilən marketlər şəbəkəsi tərəfindən müştəriyə təqdim olunan kartın şərtinə marketdən edilən hər alış-veriş məbləğinin 1 faiz bonusu daxildir. Beləcə, kartda məbləğ yığılır. İstehlakçı sonda həmin məbləğlə elektron kart kimi alış-veriş edir. İlk baxışdan əlverişli görünsə də, hər alış-veriş məbləğinin cəmi 1 faizinin bonus kimi hesablanması aşağı rəqəmdir. Vətəndaş müştəri kimi adına rəsmiləşdirilən kartda 1 manat bonus yaranması üçün 100 manatlıq alış-veriş etməlidir. “Makro Market” supermarketlər şəbəkəsində tətbiq olunan digər kartla isə hər 10 manatlıq alış-verişin nəticəsi olaraq karta 1 xal yüklənir. Toplanan xalların məbləğinə uyğun sonda müştəriyə hədiyyə verilir. Hədiyyə paketinə isə ütü, fen, telefon, blender, tava, mobil telefon və sair əşyalar daxildir. Maraqlısı da odur ki, hədiyyə kimi paketlənən bu məhsullar adi dükanlarda daha ucuzdur. Məsələn, qiyməti 10-120 manat arasında dəyişən elektrik çaydanını hədiyyə kimi almaq üçün 115 bal tələb olunur. Yəni vətəndaş nə az, nə çox 1150 manatlıq alver etməlidir ki, sonda həmin hədiyyəyə sahib olsun. Bu isə bir daha onu təsdiqləyir ki, “Makro Market” “bonus oyunu” ilə müştərilərdən əlavə gəlir əldə edir. Yəni bunun istehlakçıya zərrə qədər də olsun faydası yoxdur. Xeyir yalnız marketlər şəbəkəsinin büdcəsinə gedir. Bir sözlə, bonus kartı müştəri cəlb etmək, onlara kələk gəlmək üçün bir vasitədən başqa bir şey deyil…”
Bu arada, “Makro Market”in tətbiq etdiyi bonus kartını müştəriyə verərkən qarşı tərəfdən şəxsiyyət vəsiqəsində olan məlumatların alınmasının qanuna zidd olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, alıcı barədə bilgilərin, eyni zamanda onun telefon nömrələrinin bazada saxlanılması sonda acı nəticələrə səbəb ola bilər: “Çünki fərdi məlumatların qorunması haqqında qanunvericiliyə əsasən fərdi məlumatlar yalnız dövlət qurumlarında ola bilər. Odur ki, endirim kartı, bonus kartı almaq üçün şəxsiyyət vəsiqəsi biliklərinin alınması qanuna zidd addım kimi dəyərləndirilməlidir. Məhz bu, “Makro Market” supermarketlər şəbəkəsi üçün sonda hüquqi problemlər yarada bilər. Düzdür, banklar və digər müəssisələrdə də şəxsiyyət vəsiqəsi məlumatları götürülür. Lakin orada vətəndaşın məlumatlarının yayılmaması barədə həmin müəssisələr öhdəlik götürür. Və məlumatların saxlanmasının prosedurları var. “Makro Market”də isə informasiya təhlükəsizliyi qaydalarına əməl olunmur. Yəni adıçəkilən supermarketlər şəbəkəsində şəxsi məlumatların qorunması və istifadəsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir. Odur ki, müvafiq qurumlar, əsasən də hüquq-mühafizə orqanları bu məsələyə diqqət yetirsələr yerinə düşər”.
Bundan başqa, məlumatlı şəxsin redaksiyamızla paylaşdığı bilgilərdə o da deyilir ki, “Makro Market”də alış-veriş edən müştərilərə təqdim olunan qəbrin üzərində VÖEN, bəzən isə tarix və ünvan da əks olunmur: “Halbuki vergi qanunvericiliyinə görə, vətəndaşın qəbz tələb etmək və həmin qəbzdə göstərilənləri aydın şəkildə görmək hüququ var. Lakin “Makro Market” buna əməl etmir. Deməli, supermarketlər şəbəkəsi bilərəkdən vergi qanununu kobud şəkildə pozur. Odur ki, Vergilər Nazirliyi bu məqama xüsusi diqqət yetirməlidir…”
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Gündəlik-Bakı” qəzeti
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930