Putinin məxfi ordusu: ondan necə istifadə olunur?

01.01.2018 - 13:17

“Sandey Tayms” (“The Sunday Times”) qəzeti yazır ki, Suriyada Rusiyanın məxfi muzdlular ordusuna daxil olan minlərlə döyüşçü Moskvaya müharibə itkilərinin sayını azaltmaq imkanı verir. Belə ki, Moskva yalnız rəsmi hərbi xidmətdə olanların itkiləri barədə məlumatları açıqlayır.

BBC-nin məlumatına görə, məqalədə deyilir ki, “Wagner” adlanan şirkətin muzdluları Putinin rəsmi qüvvələri ilə çiyin-çiyinə prezident Əsədin opponentlərinə qarşı döyüşürlər. İndiyədək bu “gözəgörünməz” Rusiya ordusunun 150-dək döyüşçüsünün həlak olduğu barədə məlumatlar onların qohumlarından gizlədilir.

Qəzet yazır ki, hazırda Suriyada bu gizli ordunun 1500-2000 arası döyüşçüsü var, bu isə Suriyadakı rəsmi Rusiya kontingentinin az qala yarısı qədərdir. Bu döyüşçülərdən əsasən 2015-ci ildə münaqişənin pik həddinə çatdığı vaxtlarda istifadə olunub.

“Wagner” qüvvələri İŞİD ekstremist qruplaşmasına, habelə Əsədə qarşı olan başqa qüvvələrə qarşı döyüşüblər. Lakin Rusiya Müdafiə Nazirliyi “Wagner”in mövcudluğunu məxfi saxlayır.

Bu qüvvələrlə bağlı araşdırma aparmış moskvalı fəal Ruslan Leviyev deyir ki, məxfi ordunun əsgərləri Əsədin hökumət qoşunları ilə çiyin-çiyinə döyüşür və Rusiyaya rəsmi ordunun itkilərini aşağı həddə saxlamaq imkanı verirlər.

Putin bu ay Rusiyanın Suriyadakı hərbi kontingentinin qismən ixtisar olunmasına əmr verib. O deyib ki, terrorçular üzərində tam qələbə əldə olunub.

3 milyonluq qanpulu

“Conflict Intelligence Team” adlı araşdırma qrupuna rəhbərlik edən Leviyev deyib: “Wagner”dən ona görə istifadə olunub ki, Moskva Qərbə, “baxın biz sizin İraqda və Əfqanıstanda verdiyiniz itkilərdən qat-qat az itki ilə necə uğurlu kampaniya aparmışıq” deyə bilsin”.

Rəsmi rəqəmlərə görə, Suriyada yalnız onlarca əsgər həlak olub. Lakin Leviyevin qrupu sosial mediadan istifadə etməklə və ölənlərin qohumları ilə əlaqə yaratmaqla “Wagner”in itkiləri barədə dəqiq məlumat toplamağa çalışıb.

“Sandey Tayms” yazır ki, “Wagner”in öldürülmüş əsgərlərinin qohumlarına susmaq əmri verilib. Onlara kompensasiya kimi 3 milyon rubl və ya 50 min dollar verilir. Buna baxmayaraq, muzdlu ailələrinin heç də hamısı susmur.

38 yaşlı Qriqori Tsurkanunun valideynləri övladlarının başına gələnləri Moskvadakı müstəqil “Dojd” telekanalına danışblar. Üz-gözləri döyülməkdən gömgöy olan Tsurkanu və başqa bir “Wagner” döyüşçüsü Roman Zabolotnı ötən oktyabrda İŞİD-in videosunda əsir kimi göstərilmişdilər. O vaxtdan bəri bu iki şəxs barədə eşidən olmayıb.

Tsurkanunun valideynləri deyirlər ki, bu video internetə çıxandan sonra bir qrup zabit iki həftə onların evində qalıb. Onlar ailədə “mühafizə” üçün qaldıqlarını iddia edirdilər, amma əsl məqsəd ailəni jurnalistlərdən təcrid etmək idi.

Putinin dostu Utkin

Tsurkanunun ata-anası Müdafiə Nazirliyinə zəng edib oğullarının harada olduğunu öyrənmək istəsələr də, cavab ala bilməyiblər. “Wagner”in nümayəndəsi isə onun öldürüldüyünü təsdiq edib, amma bundan başqa detalları bildirməyib.

İndi valideynlər deyirlər ki, onlar daha heç kimə inanmırlar və bir vaxt sadəlövh olduqlarına görə inanıblar.

Tsurkanunun anası “Dojd” telekanalına deyib: “Putin bir dəfə demişdi ki, biz heç vaxt rusları atıb getmirik. Amma indi görürəm ki, o bizə yalan deyib”.

Başqa bir halı araşdıran Leviyev deyir ki, “Wagner”in döyüşçüsü, 29 yaşlı Tamerlan Kaçmazovun bacısı ilə əlaqə saxlayıb. Kaçmazovdan sentyabr ayından bəri xəbər yoxdur.

Onun bacısı iki ay gözləyəndən sonra “Wagner”in Krasnosdar diyarındakı Molkino məntəqəsində yerləşən təlim düşərgəsinə gedib. Bu düşərgədə ona qardaşının İŞİD tərəfindən öldürüldüyünü və cəsədinin yandırıldığını deyiblər.

Onlar Kaçmazovun ailəsinə kompensasiya və boş sink tabut təklif ediblər.

“Wagner” adına gəlincə isə bu, Rusiya xüsusi qüvvələrinin təxminən 40 yaşlarında olan keçmiş zabiti Dmitri Utkinin əsgər ləqəbidir.

Rusiyada muzdlu döyüşçülərdən istifadə qadağan olsa da, “Wagner” Kremlin xeyir-duası ilə fəaliyyət göstərir. Utkinin Putinlə Kreml ziyafətlərindən birində bir il əvvəl çəkilmiş yanaşı şəkli də var.

Şimali Koreya silahları

“Wagner” haqqında məlumatların əksəriyyətini keçmiş polis zabiti, hazırda isə Sankt Peterburqdakı Fontanka saytının müxbiri Denis Korotkov aşkar edib. Onun mənbələri bildiriblər ki, Suriyadakı döyüşçülərə Şimali Koreyada istehsal olunmuş avtomatlar və RP-46 kimi Sovet dövründən qalma pulemyotlar verilib. Bundan başqa “Wagner” birlikləri Suriya qüvvələri tərəfindən T-72 tankları ilə təchiz olunub.

Bu da məlumdur ki, muzdlular rütbələrindən asılı olaraq aya təxminən 240 min rubl (4 min dollar) maaş alırlar. Onların əksəriyyəti keçmiş sovet ordusu veteranlarıdır və bir çoxları artıq Şərqi Ukraynada separatçılarla yanaşı döyüşüblər. Putin bu barədə suala bu adamların Donbasa “öz qəlblərinin çağırışı ilə getdiklərini” deməklə cavab vermişdi.

Bu qrupun Suriyaya getməsi də müxtəlif cür olur. Onlardan bəziləri Rusiya hərbi təyyarələri ilə Hmeimim hərbi hava bazasına gətirilirlər, bir başqalaraı isə normal sərnişin reysi ilə Dəməşqə uçurlar.

Korotkov “Tayms” qəzetinə deyib ki, Wagner ekstremistlərə qarşı vuruşduğuna görə “xeyir qüvvə” sayılmalıdır, lakin onun döyüşçülərinin qeyri-müəyyən statusu qəbuledilməzdir.

Korotkov bunu da deyib ki, bu muzdlu birliklərin bundan sonra da Suriyada nə qədər olacaqlarını demək çətindir.

Britaniya kəşfiyyatının məxfi sənədləri açıqlanıb

“İndependent” yazır ki, yenicə məxfiliyi açılmış sənədlərdən birində Britaniya kəşfiyyatı MI5-in “hərbiləşdirilmiş qrupdan İrlanidiya baş nazirinə qarşı sui-qəsd təşkil edilməsini istədiyi” iddia edilir.

Bu sənəddə iddia olunduğuna görə sözügedən silahlı protestant qruplaşma, “İrlandiyanın baş naziri Çarlz Hauqeyə məktub yazaraq, MI5-in bu tapşırığı barədə ona məlumat verib”.

Loyalist qruplaşmalardan olan Olster Konüllü Qüvvəsi (The Ulster Volunteer Force) Birləşmiş Krallıqda terrorçu dəstələrdən biri kimi qadağan olunub.

Sənəddə iddia olunur ki, həmin bu qrup 1987-ci ildə artıq baş nazir kimi üçüncü müddətində olan Çarlz Hauqeyə bildirib ki, guya MI5 iki il əvvəl onlara baş nazirin evi, maşınları və şəxsi adasına səfərlər etdiyi yaxtası barədə məlumatları ötürüb və guya onun öldürülməsinə həvəsləndirib.

Bundan əvvəlki sənədlər 30 illik məxfilik qaydasına müvafiq olaraq açıqlanmışdı.

“1985-ci ildə MI5-in Şimali İrlandiya ofisinə bağlı və o vaxt Lisburnda mənzillənən və adının Aleks Con olduğunu deyən bir zabiti bizə yaxınlaşaraq, səni qətlə yetirməyi tapşırmışdı” – deyilirdi baş nazirə məktubda.

Olster Konüllü Qüvvəsinin iddia olunan məktubunda daha sonra deyilir ki, onlar bu xahişdən imtina ediblər, çünki Birləşmiş Krallığın “Murdar Fəndlər Departamentinin” işini görmək istəməyiblər.

Onlar bu məktubda iddia edildiyinə görə Hauqeyə yazmışdılar: “Biz bunu etməkdən imtina etdik. Bizdən soruşdular ki, sizin qətliniz üçün məsuliyyəti biz öz üzərimizə götürə bilərikmi? Biz bunu rədd etdik”.

“Bizim sizə çox da böyük sevgimiz yoxdur, amma biz Britaniyanın Murdar Fəndlər Departamentinin işini görmək fikrində deyilik”, – deyilirdi məktubda.

İddia olunur ki, həmin agent loyalistlərə İrlandiya baş naziri haqqında bütün şəxsi məlumatları, o cümlədən onun Kerri aeroportuna marşrutları və təyyarəsi barədə informasiyanı da ötürüb.

“İndependent” yazır ki, o vaxt bu hədə çox ciddi qəbul edilmiş və Hauqeyin yaxtasının gövdəsi dalğıclar tərəfindən bomba olub-olmamasının aşkar edilməsi üçün yoxlanmışdı.

UVF-in iddia olunan məktubunda qeyd edilir ki, Mi5 İrlandiyanın iqtisadiyyatını çökdürmək istəyirdi. Bundan başqa guya İrlandiyada qarayara, dabaq və başqa heyvan xəstəliklərinin viruslarının yayılması planlaşdırılmışdı.

Məxfiliyi qaldırılmış sənədlərdən bu da bəlli olur ki, kraliça Viktoriyanın 40 il anbarda saxlanmış heykəli Sidney şəhərinə hədiyyə ediləndən sonra İrlandiyanın Avstraliyadakı səfirliyinə təhdidli zənglər olub.

Səfirlik 1987-ci ildə İrlandiya hökumətinə yazırdı ki, bu jest bəziləri tərəfindən xoş qəbul olunmayıb.

Səfirliyin məlumatında deyilirdi ki, İrlandiya hökumətinin Britaniya monarxının heykəlini Avstraliyaya hədiyyə etməsi birmənalı qarşılanmayıb.

Səfirliyə zəng edənlər heykəlin təqdimatı mərasimində İrlandiya hökumətini kimin təmsil edəcəyi ilə maraqlanır və həmin şəxsin mərasimdən kənar durmasını istəyirdilər. (Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=108967

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930