“Şalvarını çıxarıb arxasına baxsaq…” – Dövlət başçılarının qorxulu zarafatları, kim kimə nə deyib?

01.04.2022 - 13:27

Müasir həyatın gərginliklikləri çoxdur. Tıxaclar, növbələr, məişət qayğıları, sosial problemlər, müharibələr və s. bu kimi amillər iradəmizdən asılı olmayaraq həyatımıza mənfi təsir göstərir. Təbii ki, insanlar bu mənfi təsirin qarşısını almaq, həmin fəsadlardan yaxa qurtarmaq üçün mümkün olan bütün vasitələrə əl atırlar.

Onlardan biri də gülməkdir, ovqatı xoş edən gülüşdür. 1 aprel tarixi dünyanın bir çox ölkələrində Gülüş günü kimi qeyd olunur. Rəsmi bayram olmasa da, bu tarix gülmək, zarafat etmək üçün yaxşı bəhanə imkanı yaradır…

Sözsüz ki, hər zarafatın da həddi və çərçivəsi olmalıdır. Əndazədən çıxan zarafatların nəticəsi ağır olur. Xüsusilə, siyasi liderlər öz zarafatlarında hər kəlmələrinə diqqət yetirməlidirlər ki, sonradan bu zarafatlar siyasi müstəvidə müzakirə mövzusuna çevrilməsin. Bəli, tarixdə belə hallara rast gəlinib, siyasilər öz ciddi fikirlərini zarafatla ifadə ediblər…

Sovet liderləri arasında Nikita Xruşov zarafatlarının həddi bilinməyən, senzurası olmayan bir siyasətçi kimi yadda qalıb. Tədbirlərin rəsmi, yaxud da qeyri-rəsmi olmasına baxmayaraq o, öz fikirlərini zarafat adı ilə istədiyi kimi ifadə edib. Məlum olduğu kimi Xruşov Almaniya (AFR) kansleri Konrad Adenauerin apardığı siyasəti “həzm” edə bilməyib. Sovet lideri çox mötəbər məclislərin birində zarafata salaraq Almaniya kanslerini aşağıdakı kimi xarakterizə edib:

“Biz heç vaxt Adenaueri Almaniyanın rəsmisi kimi qəbul etməyəcəyik. Əgər onun şalvarını çıxarıb arxasına baxsaq, görəcəyik ki, Almaniya iki yerə bölünüb. Əgər qarşı tərəfdən baxsaq, şahidi olacağıq ki, Almaniya heç vaxt qalxmayacaq…”

Xruşovun ABŞ siyasətçiləri ilə zarafatları da sırf siyasi xarakter daşıyıb. ABŞ-ın 38-ci vitse-prezidenti Xamfri Xyubert hələ senator olduğu dövrdə SSRİ-yə səfər edəndə Xruşovla görüşü keçirilib. Xruşovun amerikalı siyasətçiyə simpatiyası yaranıb. Görüş zamanı sovet lideri Xyubertdən hansı ştatdan olduğunu soruşub. Senator Cənubi Dakota ştatında anadan olduğunu bildirib. Xruşov xəritənin qarşısına keçərək, həmin ştatı qırmızı karandaşla dairəyə alıb. Xyubert bunun səbəbini soruşanda Xruşov gülə-gülə cavab verib:

“Amerikanı bombalayanda bu ştatı nəzərə alacağam ki, ora ziyan dəyməsin. Siz yaxşı amerikalısınız”.

ABŞ liderləri də hakimiyyətdə olduqları dövrlərdə “qorxulu” zarafatlarından qalmayıblar. Xüsusilə, Ronald Reyqan zarafat etməyi daha çox xoşlayıb. Bu zarafatların biri isə SSRİ-nin silahlı qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib. Belə ki, 11 avqust 1984-cü ildə Reyqan radio vasitəsi ilə növbəti ənənəvi müraciətinə hazırlaşıb. Onun bu müraciəti dini qruplara daxil olan şagirdlərin digər şagirdlər kimi dövlət məktəblərinə getmək hüququ haqqında imzaladığı sərəncamla bağlı olub. Mikrafonların hələ qoşulmadığını zənn edən Reyqan zarafatla edəcəyi nitqi səsləndirməyə başlayıb:

“Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın (o, SSRİ yox, məhz Rusiyanın adını çəkib) bombalanmasına başlanılacaq”.

Mikrafonlar açıq olub, Reyqanın zarfatyana müraciəti efirdə səslənib. Saniyələr ərzində ABŞ prezidentinin müraciəti Kremlə çatdırılıb. SİTA dərhal SSRİ rəsmilərinin bəyanatını yayıb, SSRİ Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yalnız səfirliklər vasitəsilə məsələyə aydınlıq gətirildikdən sonra Kreml sakitləşib.

Reyqanla Qorbaçovun görüşlərində isə siyasi liderlərin zarafatları “maraqlı” lətifələrlə müşayiət olunub. Reyqan Qorbaçovun öz ölkəsində nüfuzunu ona “başa salmaq” üçün çəkinmədən Qorbaçova belə bir lətifə söyləyib:

“Moskvanın mağazalarında alkoqollu içikilərə növbə günü-gündən uzanıb. Növbəsinə az qalmış bir kişinin səbri tükəndiyindən növbədən çıxanda hamı ona təəccüblə baxıb, saatlarla növbə gözləyib araq almadan getməyinin səbəbini ondan soruşanda o, əsəbi halda cavab verib:

Belə yaşayış olmaz, gedib Qorbaçovu öldürəcəm.
Çox keçməmiş əsəbi kişi geri qayıdıb. Növbədəkilər ondan məsələnin nə yerdə qaldığını soruşublar, o isə belə cavab verib:

Qorbaçovu öldürmək istəyənlərin növbəsi araq növbəsindən də uzundur…
Qorbaçov bu lətifədən pərt olsa da, özünü sındırmayıb və Reyqanın lətifəsinə lətifə ilə cavab verib:

“Amerikalı ilə sovet vətəndaşı yol gedərək söhbət edirlər. Mövzuları siyasətdən olur. Amerikalı deyir:

SSRİ-də demokratiya yoxdur. Məsələn, Amerikada Ağ Evin qarşısında Reyqana söyəndə həmin şəxsə heç kim dəymir.
SSRİ vətəndaşının cavabı tutarlı olur:

Bizdə bu məsələ daha yaxşıdır. Kremlin qarşısında Reyqana söyənlərə nəinki dəymirlər, hətta mükafat da verirlər…”
Lətifə həvəskarı olan Leonid Brejnevin kiçik bir zarafatı isə Fransanın beynəlxalq müstəvidəki mövqeyinin dəyişməsinə səbəb olub. Belə ki, Fransa prezidenti Şarl de Qoll Moskvada rəsmi səfərdə olarkən Brejnev ona ballistik raketlərin düymələrini nümayiş etdirib. Şarl de Qoll sovet liderindən soruşub:

Bu raketlər hara istiqamət alacaq?
Brejnev özünəməxsus təbəssümlə cavab verib:

İstənilən nöqtəyə, elə Fransaya da ola bilər. Amma siz buna imkan verməyəcəksiniz.
Bu görüşdən sonra, 21 fevral 1966-cı ildə Fransa NATO üzvlüyündən çıxıb, NATO-nun mənzil-qərargahı isə Parisdən Brüsselə köçürülüb.

Arzu edək ki, siyasi liderlərin zarafatları sülhməramlı olsun. Belə olarsa, sıravi vətəndaşların da üzü həmişə güləcək…

Mənbə: Savash.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172607

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930