Türkiyə Finlandiya və İsveçdən 33 terrorçunu geri TƏLƏB ETDİ
Türkiyə Finlandiya və İsveçdən qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və FETÖ-nün (İslam təbliğçisi Fətullah Gülənin təşkilatı) 33 üzvünün NATO sammitindən sonra geri qaytarılacağını gözləyir.
Cumhuriyyet.az xəbər verir ki, bunu “TRT Haber”ə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
“Finlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ, 11 PKK üzvü ilə bağlı sənədlər var. Anlaşmadan sonra onların geri qayıtmalarını xatırladacağıq”, – Bozdağ deyib.
Nazir bildirib ki, Türkiyə ümumilikdə 33 PKK üzvünün ekstradisiyasını tələb edib, lakin bu günə kimi nə İsveç, nə də Finlandiya ekstradisiya tələblərinə müsbət cavab verib.
Xatırladaq ki, dünən İsveç, Finlandiya və Türkiyə təhlükəsizliklə bağlı memorandum imzalayıb. Bu anlaşma İsveç və Finlandiyanın NATO-ya qoşulması üçün danışıqların başlanmasının qarşısını alan maneəni aradan qaldırıb.
Ölkələr terrorla mübarizə, o cümlədən Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı tədbirlər, məlumat mübadiləsi, ekstradisiya sazişi üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Türkiyə daha əvvəl Stokholm və Helsinkinin terror təşkilatı kimi tanınan PKK-ya dəstəyi ilə bağlı narahatlıqlarını dilə gətirərək, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin başlanmasını dayandırmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=177695