Bakıda bal yarmarkası açıldı

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabrdan etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Nazirlikdən verilən məlumata görə, qeydiyyatı təsdiqlənmiş arıçılar bal və digər arıçılıq məhsullarını yarmarkaya çıxarıblar.
Bu, təxminən 120 tona yaxın bal və digər arıçılıq məhsullarıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edir.
Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.
Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=167731