Prezidentə təbrik məktubları gəlməkdə davam edir

31.05.2022 - 22:28

28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.

 

Cumhuriyyet.az məktubları təqdim edir:

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:

 

“Möhtərəm İlham Heydər oğlu.

 

İcazə verin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edim.

 

Bu gün milyonlarla insanın qəlbini Vətəninə qürur və məhəbbət hissi ilə coşduran, ölkənin indisinə və gələcəyinə xüsusi hörmət mənası daşıyan gündür. Siz Azərbaycan Respublikasının Prezidenti olaraq bundan sonra da sosial-iqtisadi tərəqqiyə daim can atan, böyük imkanlar və yeni perspektivlər açan güclü dövlətin çoxtərəfli inkişafına töhfə verirsiniz.

 

Bu xoş fürsətdən istifadə edərək, əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Moskva Universitetinin Bakı filialı bütün fəaliyyəti dövründə elmin və təhsilin, dövlətlərimiz arasında sülhün və harmoniyanın inkişafına uğurla xidmət edir.

 

Möhtərəm İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

 

***

 

Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən:

 

“Zati-aliləri.

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

 

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

 

***

 

Yamaykanın Baş naziri Endryu Holnessdən:

 

“Zati-aliləri.

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.

 

Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

 

Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin”.

 

***

 

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan, Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyodan:

 

“Əziz qardaşımız.

 

Ölkənizin müstəqilliyinin 104-cü ildönümü – 28 May – Müstəqillik Günü münasibətilə Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq.

 

Bu tarixi və əlamətdar gündə biz Azərbaycan xalqının öz müqəddəratını təyinetmə, milli suverenlik və müstəqillik uğrunda mübarizədə əldə etdiyi qələbə sevincinə qoşuluruq. Bir daha bildiririk ki, Nikaraqua xalqı və hökuməti Azərbaycan xalqı və hökuməti ilə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət əsasında çoxtərəfli, ədalətli və bərabər dünya nizamı yaradılması, dünyada sülhün, həmrəyliyin və əməkdaşlığın qurulması istiqamətində bundan sonra da birgə çalışmaq niyyətindədir.

 

Daim müstəqil və firavan Nikaraqua olaraq qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq.

 

Xahiş edirik ən yüksək hörmət və ehtiramımızı qəbul edin”.

 

***

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən:

 

“Möhtərəm cənab Prezident.

 

Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Beynəlxalq Türk Akademiyası adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

 

Azərbaycan xalqının misilsiz qəhrəmanlığı sayəsində 104 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının bayraqdarı olmuş, xalqlarımızın tarixində silinməz iz buraxmışdır.

 

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qısa müddətdə regionun ən inkişaf etmiş ölkəsinə çevrilmiş, dövlət quruculuğu yolunda bənzərsiz addımlar atmışdır.

 

44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm Zəfər isə qəhrəmanlıq salnaməsinə dönmüş, türk dövlətçilik tarixinə adınızın qızıl hərflərlə yazılmasına vəsilə olmuşdur. İndi xalqlarımız qardaş Azərbaycanın Müstəqillik Gününü daha fərqli hisslərlə və böyük sevinclə qeyd edir.

 

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm”.

 

***

 

Latviya Respublikasının Prezidenti Egils Levitsdən:

 

“Zati-aliləri.

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycana və xalqınıza davamlı sülh və firavanlıq arzulayıram.

 

Qəti inanıram ki, Latviya ilə Azərbaycan arasında qurulmuş sıx əməkdaşlıq qarşıdakı illərdə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir. Siyasi, iqtisadi və mədəni sahələrdə dialoqumuzu daha da intensivləşdirmək xalqlarımızın maraqlarına uyğundur.

 

Bu gün Rusiya-Ukrayna müharibəsinin regionda sülh və sabitliyi təhdid etdiyi bir vaxtda biz ortaq dəyərlərimizi, həmçinin Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsasında dayanan beynəlxalq nizamın təməl prinsiplərini qorumaq üçün birlik nümayiş etdirməliyik.

 

Əminəm ki, biz birgə səylərimizlə xalqlarımızın sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin edəcəyik.

 

Zati-aliləri, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və tərəqqi arzulayıram.

 

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

 

***

 

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukdan:

 

“Hörmətli İlham Heydər oğlu.

 

Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

 

Azərbaycanın yaxın dostu olan Vyetnam gözəl ölkənizin inkişafını həmişə izləyir, Sizin rəhbərliyinizlə ölkənin inkişafında, insanların həyatının yaxşılaşmasında, respublikanın beynəlxalq aləmə inteqrasiyasında, onun regionda və dünyada rolunun və mövqeyinin möhkəmlənməsində Azərbaycan xalqının böyük uğurlarına heyranlığını bildirir.

 

Vyetnam ilə Azərbaycan arasında bu ölkələrin hər birinin tərəqqisinə, regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə töhfə verən ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam.

 

Tam əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi əməkdaşlıq iki ölkənin rəhbərliyinin iradəsi, qətiyyəti, nazirliklərin, idarələrin və regionların birgə səyləri, habelə iki xalqın həmrəyliyi sayəsində ölkələrimizin və xalqlarımızın rifahı, firavanlığı, bütün dünyada sülh və tərəqqi naminə gündən-günə möhkəmlənəcək və genişlənəcəkdir.

 

Azərbaycana firavanlıq, Azərbaycan xalqına isə xoşbəxtlik arzu edirəm.

 

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə böyük uğurlar diləyim”.

 

***

 

Moldova Respublikasının Prezidenti Maya Sandudan:

 

“Zati-aliləri.

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edirik.

 

Ötən üç onillikdə ölkələrimiz arasında əməkdaşlıqda yüksəliş tendensiyası müşahidə olunur. Şadam ki, Moldova Respublikası və Azərbaycan Respublikası son vaxtlar ticarət, investisiya, enerji, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədirlər.

 

Mən, həmçinin COVID-19 pandemiyasmın nəticələri ilə mübarizədə köməyə və Ukraynadan olan qaçqınlara tibbi yardım göstərilməsində humanitar dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm.

 

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminəm.

 

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

 

***

 

Rusiyalı Həmvətənlərin Beynəlxalq Şurasının sədri, Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyevdən:

 

“Hörmətli İlham Heydər oğlu.

 

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiyalı Həmvətənlərin Beynəlxalq Şurası, Rusiyalı Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

 

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Heç şübhəsiz, 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətinin yüksəlməsinə kömək edəcək. Bu, dost xalqlarımızın mənafelərinə tamamilə uyğundur. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə fəxr edirəm, onu əziz tuturam.

 

Xüsusi vurğulamaq istəyirəm ki, Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli davamçısısınız. Sizin əsl vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövləti əhəmiyyətli vəzifələri yüksək səviyyədə icra etməyiniz Vətənə layiqli xidmət nümunəsidir.

 

Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi həmişə Sizinlə olsun. Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının səadəti naminə ali dövləti fəaliyyətinizdə uğurlar və yeni zəfərlər arzu edirəm.

 

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

 

***

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən:

 

“Zati-aliləri cənab Prezident.

 

Azərbaycanın milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

 

104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərqdə və türk dünyasında demokratik dəyərlərə əsaslanan ilk respublikanın yaradılması ilə əlamətdar olmuşdur. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirərək, onun həyatında yeni bir mərhələ olmuş və mühüm tarixi hadisəyə çevrilmişdir. Hazırda ulu öndər Heydər Əliyevin davamçısı olaraq Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub. Ölkənizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilməkdədir.

 

Təşkilatımıza daim göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı ifadə edirəm. İnanıram ki, Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində türkdilli ölkələr arasında əməkdaşlıq genişlənərək daha da inkişaf edəcəkdir.

 

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, sabitlik, tərəqqi və rifah arzulayıram.

 

***

 

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

 

“Zati-aliləri.

 

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

 

İcazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə və sülh, sabitlik, Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzu edim.

 

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və orada baş verən hadisələri maksimum obyektiv və geniş işıqlandıracaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930