Dörd kənd qaytarılır, ardınca isə… – ermənilər sərhəddə təxribat törədərsə…

28.03.2024 - 10:58

Azərbaycan Prezidentinin 10 yanvar xəbərdarlığı Ermənistan hakimiyyətinin qulağında “sırğa”dır; Paşinyanın həyəcanlı “müharibə anonsu”nun sirri açılır

Ötən ilin sentyabrında Azərbaycanın separatçı rejimə qarşı Xankəndidə və ətraf ərazilərdə keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ermənistanda bir çoxları başa düşdü ki, Bakı qarşısına qoyduğu bütün hədəflərə, haqlı tələblərinə nail olacaq. Bu gün də heç kim şübhə etmir ki, əgər ermənilər bu tələbləri könüllü yerinə yetirməslər, “Dəmir Yumruq” yenə işə düşəcək.

Son ayların əsas müzakirələrindən biri də hələ də Ermənistanın işğalı altında olan Azərbaycan kəndlərinin təhvil verilməsi ilə bağlıdır. Azərbaycan qəti tələbini səsləndirib və indi növbə Ermənistanındır. Hazırda belə bir görüntü var: Nikol Paşinyan həmin kəndlərdəki ermənilərə anlatmağa çalışır ki, əgər bu əraziləri könüllü boşaltmasalar, Azərbaycan hərbçiləri hərəkətə keçəcək. Əslində bu, Ermənistan rəhbərliyinin özünün açıqladığı mövqedir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd Tavuş rayonuna səfəri və yerli sakinlərlə görüşü zamanı yeni müharibənin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. “Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: “Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma axı siz hər şeyi bilirdiniz”, – deyə baş nazir bildirib. Paşinyan deyib ki, Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir: “Buna görə sərhədləri düzəltmək lazımdır. Tavuş rayonunda Baqanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var”.

Bundan əlavə, N.Paşinyan hakimiyyətin Tavuşda erməni kəndlərinin mühasirəsini istisna etmək üçün yeni yollar salmağı planlaşdırdığını bildirib.

Bu yöndə Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada “Vətəndaş paktı” fraksiyasının deputatları ilə də qapalı görüşü olub və görüş geniş tərkibdə keçirilib.

Deputat Lilit Minasyan bildirib ki, hazırda sərhəd delimitasiyası komissiyaları Tavuş bölgəsindəki ərazilərin (Azərbaycanın işğal altındakı kəndləri-E.P.) qaytarılması prosesinin necə baş verəcəyi ilə bağlı sənədlər mübadiləsi aparır. Paşinyanın onlarla  görüşdə kəndlərin konkret qaytarılma tarixi barədə danışıb-danışmadığını soruşan jurnalistə cavab olaraq bildirib ki, heç bir tarix açıqlanmayıb. “Paşinyan fraksiya ilə görüşdə vaxtlarının az olduğunu deyibmi”, sualına deputat belə cavab verib: “Mən bu ifadəni həqiqətən xatırlamıram, amma mən özüm bu sahəni araşdırıram və hansı tektonik hərəkətlərin baş verdiyinə baxıram. Mən də hesab edirəm ki, bizim illərimiz var və biz müəyyən illər ərzində bu problemi həll edə biləcəyik”. 3-cü Ordu Korpusunun bu ərazilərdən çıxarılmasının müzakirə edilib-edilməməsi ilə bağlı suala gəldikdə, Lilit Minasyan cavab verib ki, bu məsələ hələ də müzakirə olunur: “Hər hansı hərəkətlərin olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir”.

Qeyd edək ki, İrəvandakı qapalı müzakirələrdə hökumətin demək olar ki, bütün üzvləri, o cümlədən güc strukturlarının rəhbərliyi, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan iştirak edib. İki saata yaxın davam edən görüş gərgin şəraitdə keçib. Əvvəlcədən planlaşdırılan görüş Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciətinin, daha doğrusu, növbəti seriyasının müzakirəsi ilə bağlı olmalı idi, amma Tavuşun dörd yaşayış məntəqəsinin gündəmə gəlməsi ilə həm birinci, həm də ikinci məsələlər müzakirə edilib. Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, kobud şəkildə eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla, Azərbaycanın 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda, Azərbaycan müharibə ilə qalib gələcək. Bəzi deputatlar bildiriblər ki, kəndləri bu yolla yox, müharibə yolu ilə vermək daha yaxşıdır, çünki birinci halda xalqın etirazı ola bilər. Paşinyan bildirib ki, o, belə yolu istəmir, çünki Azərbaycan nəinki hərbi yolla mənsub olduğu əraziləri ala bilər, hətta Loriyə, İrəvana da çatar. Paşinyan müxtəsər olaraq deyib ki, qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. Əlbəttə, başqa variant yoxdur.

Qeyd edək ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü – Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir. Daha üç kənd – Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Əslində N.Paşinyanın təlaşa düşməsinin səbəbi Bakıdan aldığı xəbərdarlıqdır.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində kəndlərin qaytarılmasının alternativinin olmadığını bir daha nəzərə çatdırmışdı. Sitat: “O ki qaldı işğal altında olan kəndlərə – bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir – orada (Qazağın kəndləri nəzərdə tutulur – “YM”.), bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil – 4 kənd – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir – bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir”.

Kifayət qədər aydın şəkildə mövqe bildirilib. Sadəcə, dövlət başçısı mərhələli yol təklif edib, kəndlər 4+4 prinsipi ilə qaytarılmalıdır, vəssalam! Beləliklə, Azərbaycan Prezidentinin 10 yanvar xəbərdarlığı Ermənistan hakimiyyətinin qulağında “sırğa”dır. İlham Əliyevin heç bir sözü səbəbsiz demədiyini ermənilər də yaxşı anlayır, xüsusilə Paşinyan. Odur ki, Paşinyanın həyəcanlı şəkildə “müharibə anonsu” ilə çıxış etməsinin səbəbi aydın olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199613

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930