Tarixin qarşısında tanklar da acizdir

20.01.2015 - 10:45

Şahvələd Çobanoğlu 

Qanlı 20 Yanvar gününün 25-ci ilinə gəldik. Şəxsən mənim üçün belə
bir tarixi məqamda həmin günləri xatırlamaq çox çətin və olduqca
təzadlıdır. Bəlkə deyəcəksiniz ki, bu günün mövzusu deyil, amma
Şəhidləri ehtiramla yanaşı, həmin tarixdə hansı tarixə gəldiyimizi də
anmaq gərəkdir. Həm də bu ölkənin azadlığı uğrunda şəhid olanları doğru
anmağın yeganə yolu elə budur…

Onlar müstəqil və azad bir ölkə arzusu ilə rus tanklarının qarşısına
çıxdılar. Amma onlar sevgili Vətəndə bu qədər ədalətsizliyin,
haqsızlığın, talan və yalanın olacağını təsəvvür edə bilərdilərmi?

Saxta vətənpərvərlik və dövlətçilik uydurmaları ilə indi Azərbaycanda
baş verənlərə haqq qazandıran yaltaqlar bunu anlaya bilməz. Onlar həmin
illərin arzularından, amallarından, planlarından xəbərsizdirlər, ya da
onlar üçün bunun əhəmiyyəti yoxdur. Onlar Şəhidlər xiyabanının
təmirindən, abadlığından danışa bilirlər, amma orda torpağı müqəddəs
edənlərin arzularını dilə gətirməzlər.

Şəhidlər və onların müasirləri azad və ədalətli bir ölkə arzu
edirdilər. Özlərinin dövlətini qurmaq istəyirdilər. Indi nə var bəs? Hər
otağında şıdırğı rüşvət və yeyinti əqdləri bağlanan bir idarəçilik…
Ilham Əliyevin kölgəsinə belə baş əyib bu xalqı soyan bir zümrənin
ağalığı… 

Hanı bu ölkənin ədalət məhkəməsi? Hanı bu ölkədə haqqını ağalardan
qorumaq üçün müraciət edəcəyin hüquq sistemi? Hanı bu ölkənin təhsili,
səhiyyəsi?

Əvəzində nə var… Səsini çıxaranları boğmaqmı? Həmin illərin
arzuları üçün hələ də yol gedənləri bu ölkədə çıxdaş etməkmi? Onlara
xalq düşməni, “beşinci kalon”, “ünsür” damğası vurmaqmı?

Bu idimi şəhidlərin arzuladığı Vətən?

Bir dəfə mitinqdə saxlanılmışdıq. Polis zabiti mitinqə çıxmağımıza
görə bizə tənə edirdi. Onunla aramızda yaşanan dialoqu bir daha sizə
yazım. 

Polis zabitinə sual verdim:

– Son illərdə heç 20 Yanvar şəhidlərini ziyarət etmisinizmi?

– Əlbəttə, niyə də yox. Hər il gedirəm.

– Heç baş əymisinizmi onların məzarına, gül qoymusunuzmu?

– Kim bunu etmir ki?! Baş da əyirəm, gül də qoyuram.

– Siz bilirsiniz ki, onlar da mitinqçilər idi. Silahları-zadı yox idi, əliyalın mitinqçilər idi. Yəqin xatırlayırsınız bunu.

– Bunu kim bilmir. Rus ordusu əliyalın insanları qırdı.

Bu zaman mən dayandım və təbəssümlə onu süzdüm, təbii ki, o da nə deyəcəyimi həyəcanla gözləyirdi. Nəhayət, dilləndim:

– Hə, cənab zabit, biz də onlar kimi dinc mitinqçilərik. Çoxumuz o
zaman da mitinqə çıxırdıq və o şəhidlərin arzuladığı ölkə qurmaq naminə
yenə də mitinqə çıxırıq. Niyə o zaman mitinq edənlərə 20 Yanvar günü baş
əyirsiniz, indi mitinq edənləri isə döyür, söyür və həbs edirsiniz? 

Polis zabiti cavab vermədi mənə. Amma o sualın cavabı çoxdan verilib.
Zaman verib cavabı. Zaman göstərdi ki, Azadlıq istəyinin qarşısında
tanklar da acizdir. Rus tankları adamları əzdi, amma tarixə maneə ola
bilmədi. Indi də belə olacaq. Avrtoritar polis rejimi Azərbaycan
xalqının azadlıq istəyinin qarşısını ala bilməyəcək. Fəalları həbs etmək
onda da vardı. Ödürürdülər də! Tanklarla hücum etdilər, gülləbaran
etdilər. Nə oldu sonu?

Şəhidlərlə bərabər tarixi də anın: tanklar xalqların azadlıq istəyinin qarşısını ala bilmədi. Yenə də belə də olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15521

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930