Azərbaycan: həbsxana-dövlət
Başında cinayətkarların dayandığı istənilən
sistemdə suçsuzların həbsxanalarda cəmləşməsindən təbii heç nə yoxdur
Başında cinayətkarların dayandığı istənilən
sistemdə suçsuzların həbsxanalarda cəmləşməsindən təbii heç nə yoxdur
Dünyanın
bütün ölkələrində həbsxanalar cinayətkarları cəmiyyətdən təcrid etmək,
ictimaiyyəti onların təhlükəli əməllərindən sığortalamaq məqsədi ilə inşa
edilir. Azərbaycan isə dünyada yeganə ölkədir ki, burada həbsxanalar təqsirsiz
insanları cinayətkarlardan qorumaq üçün deyil, caniləri suçsuzların haqlı təzyiqindən
müdafiə etmək üçün inşa edilir. Bu səbəbdən də Azərbaycan həbsxanalarında
suçlulardan daha çox suçsuz insanlar cəmləşir və cəmiyyətdə baş verən cinayətlərdən
narazı olanların sayı artdıqca, həbsxanaların da sayı buna müvafiq olaraq
artır.
Hakimiyyətin
ədalətsiz idarəetmə siyasətinə etiraz edən insanların sayı həbsxanaların
sayından on qat sürətlə artdığından bu gün ölkənin sərhədləri boyu nəzarət qüllələri
və tikanlı məftillər çəkərək Azərbaycanı özü boyda “zon” elan etməyə ehtiyac
var. Onsuz da bu gün Azərbaycan azad vətəndaşlar ölkəsindən daha çox hər cür
azadlığın dəfn edildiyi nəhəng “”zon””a bənzəyir. Elə bir “zon”a ki, burada
insan özünü təkadamlıq kameradakından daha köməksiz və çarəsiz hiss edir. Elə
bir “zon”a ki, oradakı insanları azad şəxslər kimi təqdim etsələr də, onlar hər
kəsdən daha hüquqsuzdur. Elə bir “zon”a ki, orada bir “dustaq” öz gündəlik
yaşamını təmin etmək üçün başqa “dustaq”ların yaşamına qəsd etmək məcburiyyəti
qarşısındadır. Elə bir “zon”a ki, orada həqiqi azadlığı yalnız tabutda axtarıb
tapmaq mümkündür. Lakin burada insanları öləndən sonra da rahat buraxmir,
onları öz qəbirlərindən ya depo, ya da yol çəkilişi səbəbi ilə qaldırır,
başqa bir yerə sürgün edirlər. Burada heç nə, hətta azadlıq məfhumunun özü belə
azad deyil və bu ifadənin özü də azadlığa qəsd edənlərin əlində dustaqdır.
Azərbaycan
adlı “zon”da məskunlaşan insanların sosial rifahı və siyasi baxışları
arasındakı kəskin fərqlərə baxmayaraq, onun bütün sakinlərinin hər an eyni
amansızlıqla təhqir olunmaq, döyülmək və qətlə yetirilmək ehtimalı var. Burada
cəllad rolunda çıxış edənlərin özü bir anın içində qurbana çevrilir və dünənin
hakimi bugünün cinayətkarı ilə eyni kameranı bölüşməli olur.
Bəli,
Azərbaycan başdan-başa bir “zon”dur və bu “zon” eyni qanunlar, eyni qaydalarla
idarə olunur. Bu “zon”da aldanmamaq üçün aldatmaq, ölməmək üçün öldürmək şərtdir.
Burada bütün qəhrəmanlar üçün konkret cizgi və qadağalar müəyyənləşdirilib və
yasaqları ciddiyə almayan hər kəs öz “dikbaşlığının” bədəlini artıqlaması ilə
ödəyir. Hətta üfiqində belə azadlıq və səadətin görünmədiyi bu “zon”da salamat
qalmaq üçün sadəcə yaltaq və simasız olmaq deyil, eyni zamanda son dərəcədə itaətkar
olmaq lazımdır. Və əgər öz ləyaqətindən imtina edib qanun üzərində şahlıq edən
insanların çəkməsini eynən bir köpək kimi həvəslə yalaya bilirsənsə, o zaman sən
özün də yeri gələndə qanun adlı zavallını ram edilən at kimi minib-çapa bilərsən.
Bəli,
biz hamımız eyni “zon”un məhbuslarıyıq. Ola bilsin ki, Azərbaycan adlı bu
“zon”da günahsız insanların həbsi bəziləri tərəfindən məntiqsizlik kimi
görünsün. Lakin ilk baxışdan anormallıq və məntiqsizlik təsiri bağışlayan bu
proseslərdə əslində kimsənin inkar edə bilmədiyi dəmir məntiq mövcuddu. Bu məntiqin
əsas ideyası isə budur: başında cinayətkarların dayandığı istənilən sistemdə
suçsuzların həbsxanalarda cəmləşməsindən təbii heç nə yoxdur. Canilərin vəzifə
və mənsəblə mükafatlandırıldığı hər bir cəmiyyətdə, günahsız və ləyaqətli
insanların aclığa və həbsə məhkumluğundan daha məntiqli heç nə yoxdur və yəqin
ki, bundan sonra da olmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3298