“Şəklini çəkə-çəkə hərdən”
Milli Məclisdə oturanlar özlərindən qorxurlar. İş o yerə çatıb ki,
başdan-ayağa zibil içində olanlar jurnalistlərin parlamentə şəkil çəkməyən
telefonla gəlməsini tələb ediblər. Qorxu yaman şeydir. Şəkil çəkməyən telefonla
gələnlər onda gərək notbukla yox, makina ilə gəlsinlər.
Özlərinə xoflu olanlardan yalnız bu tələbi eşitmək olar. Əslində bu
işin mayəsi bəllidir. Deputatların öz həmkarlarının yerinə səs verməsi videoya
çəkilmişdi. Bu rüsvayçılıqdan sonra deməyə sözləri qalmadı. İndi bilmirlər nə
tövr fotonu qadağan etsinlər, şəkil çəkən telefonların parlament zalına
buraxılmasına qarşı çıxırlar.
Vallah, hərdən fikirləşirəm bu parlament nəyə, kimə lazımdır? Çox
gülməli, boz və monoton görünürlər. Adamın ürəyi sıxılır. Əvvəllər imitasiya
xətrinə olsa da, qalmaqallı iclaslar, çıxışlar olardı. Spiker qışqırardı, kimsə
yerindən durub əl-qolunu ölçə-ölçə çıxış edərdi. Hardadı o günlər?! İndi
mənasız parlament iclasları keçirilir.
Onlara hara kimi danışmaq azadlığı verilirsə, onda radikallaşırlar.
İndi də ölkənin min dərdi, problemi qalıb qırağa, bunlar jurnalistlərə telefon
qadağası tətbiq etmək istəyirlər. Gör nə günə qalıblar, hansı vəziyyətə
düşüblər. Acizliyin son həddidir.
Deputat öz çıxışına və hərəkətinə arxayın deyil. Ona görə də
çəkilişin qadağan olunmasını istəyir. Bu deputatlar hər nədirsə tez-tez videoya
düşürlər. Gah Gülər Əhmədovanın mandat alveri üzə çıxır, gah Hadı Rəcəblinin
efirdə müxalif gəncləri söyməsinin səs yazısı yayılır, gah da Ceyhun Osmanlının
dəridən-qabıqdan çıxıb həmkarının yerinə səs verdiyi yerdə videosu yayımlanır.
Özünə nəzarət edə bilməyənlərin millətə necə vəkillik edəcəklərini ağıla
sığışdırmaq olmur.
Bu şəkil çəkən telefon məsələsi isə lap əndrəbadidir. Adamın yadına
Aygün Kazımovanın “Şəklimi çəkə-çəkə hərdən” mahnısı salır. Mən təklif edirəm
ki, deputatlar parlamentin iclaslarını qapalı keçirsinlər. Mətbuat xidməti
yekun məlumat yaysın. Jurnalistlərə də əziyyət olmasın. Onsuzda orda düz-əməlli
bir söhbət danışılmır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3313