İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm

02.03.2020 - 07:57

Son illər həm idarəçilik sistemində, həm də bu sistemin idarəçiləri sırasında ciddi dəyişikliklər müşahidə olunmaqdadır. O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Proses hələ davam edir və cumhuriyyet.az-a daxil olan məlumata görə, kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumla da bağlı köklü dəyişikliklər məsələsi müzakirə olunmaqdadır.xeyli müddətdir ölkədə narazı qalınan əsas dövlət qurumları içində iki strukturun xüsusi olaraq adı çəkilirdi. Onlardan biri Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi idisə, digəri də Dövlət Yol Polisi Xidmətiydi. Bildirək ki, bu iki nəhəng dövlət qurumundan artıq biri yoxdur. Və işin qəribə tərəfi odur ki, Nəqliyyat Müfəttişliyi ləğv edilərək, ən çox şikayət olunan digər quruma, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) verilib.
Yeni nazirin qətiyyəti
Məlum olduğu kimi, ötən ilin ortalarında Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olundu. Onun yerinə isə Daxili İşlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov gətirildi. Peşəkar və bir o qədər də qətiyyətli kadr kimi tanınan general Eyvazov sistem daxilində bir çox ciddi tədbirlər görüb ki, bu sırada yol polisi ilə bağlı qərarlar xüsusilə diqqət çəkir. Yeni nazirin islahatlarında yol polis sisteminin xüsusi yer alması təsadüfi deyil. Belə ki, bu barədə cumhuriyyet.az-ı məlumatlandıran qaynağın sözlərinə görə, son illərdə polis orqanlarının nüfuzuna ən çox xələl gətirən sahə kimi adı çəkilən yol polisində islahatların həyata keçirilməsi əsas hədəflərdən biridir. Bildirilir ki, mətbuatda Daxili İşlər Nazirliyi və polis sistemi ilə bağlı yazılan tənqidi materialların böyük əksəriyyəti məhz yol polisinin fəaliyyəti ilə bağlı olur. Bu isə polisin imicinə xələl gətirən problemlərdən biri kimi qiymətləndirilir. Yeni nazir Vilayət Eyvazov da məhz bu amili nəzərə alaraq, yol polisi sistemində dəyişikliyə getmək, yol polisinin fəaliyyətindəki qüsurları ən qısa müddətdə həll edərək, DİN-in nüfuzuna neqativ təsir edən səbəbləri aradan qaldırmağı prioritet görür.
BDYPİ də ləğv olunur?
Son islahatlar prosesində bir çox qurumlar ləğv edildi. Sırada isə digər qurumların olacağı istisna deyil. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumatlarda qeyd olunur ki, BDYPİ-nin ləğv edilməsi məsələsi də artıq gündəmə gəlib. Məsələ belədir ki, Nəqliyyat Müfəttişliyinin birləşdirildiyi BDYPİ-nin ləğv edib, yerində Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur. Belə bir zərurətin yaranmasının tutarlı əsasları təbii ki, var. Məsələ belədir ki, artıq təkcə mediada deyil, eyni zamanda sosial şəbəkələrdə də DYP-nin fəaliyyəti ən ağır formada tənqid edilir. Və bu tənqidlər əvvəlki dönəmlərdən fərqli olaraq, hansısa şikayətlərin əsasında deyil, elə canlı şəkildə çəkilmiş videogörüntülərin əsasında formalaşıb. Cəmiyyətin tələbi budur ki, ya BDYPİ ləğv olunmalıdır, ya da tamamilə dəyişdirilməlidir. Yəni, ən azından keyfiyyət dəyişikliyi baş verməlidir.
Prezidentin iradəsi
Məlum olduğu kimi, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, ölkədə nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Cumhiriyyet.az oxuculara xatırladır ki, 2007-ci ildən bu qurum dövlət büdcəsindən maliyyələşir. Yəni hər il bu quruma dövlət büdcəsindən külli miqdarda pul ayrılır. Ölkə ərazisində kameralar, informativ bələdçilər və digər texniki avadanlıq quraşdırılır. NİİM-in yüksək səviyyədə çalışması üçün ayrıca mərkəz inşa olunur və əməkdaşlar cəlb edilir. Bunların hamısına dövlət özü xərc çəkir. Ümumiyyətlə, NİİM-in formalaşdırılması təqdirə layiq və innovativ bir addım olub, amma onun normal fəaliyyəti üçün digər parallel addımlar atılmalıdır. Sual yaranır ki, hansı addım? İlk olaraq, həmin qurumun tam azad, şəffaf və müstəqil rejimdə çalışması.
İkincisi və ən əsası isə, Dövlət yol polisi tam restrukturizasiyasına ehtiyac var. Çox uzaqa getmədən, elə yaxın qonşumuza baxsaq, kifayətdir. Burada islahatlar nəticəsində vahid polis sistemi quruldu. Lazımsız və büdcədən artıq vəsait yeyən, korrupsiyada mühüm rol oynayan yol polisi tam olaraq ləğv edildi. Post Patrul Xidmətinin səlahiyyəti artırılaraq xidməti funksiyaları genişləndi. NİİM-in nəzərdə tutulan, amma illərdi işləyə bilməyən missiyası da həyata keçirilməlidir.
Generala yol görünür
Aydın məsələdir ki, ləğv ediləcək və bazasında yeni bir qurum yaradılacaq dövlət təşkilatının başına kimin rəhbər gətiriləcəyi də maraqlı müzakirələrdən biridir. Bu posta yetərli qədər layiqli adamın olduğuna şübhə yoxdur. Həmçinin polisdə BDYPİ-dən də daha artıq qurumları idarə edə biləcək şəxslər var və bunu kimsə inkar edə bilməz.
Yeni qurumun yaradılmasından sonra onun başına yenidən BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun gətirilib, gətirilməyəcəyi məlum deyil. Məsələ belədir ki, faktiki olaraq mövcud durumda general günahkar hesab edilir və ona qarşı əsas ittiham da budur ki, BDYPİ-ni lazımi səviyyədə idarə edə bilmədiyi üçün bu qədər neqativ hallar meydana çıxır. Belə olan təqdirdə, xüsusən də indiki həssas məqamda rəhbərlik də dəyişiklik etməkdə məcburiyyət hiss edəcəklər. Ona görə ki, cəmiyyətdə sosial səbəblərdən narazılıq baş qaldırdığı bir vaxtda, bir də BDYPİ kimi çoxlu şikayətlər edilən qurumda əsaslı dəyişiklik etmək zərurəti var. Yeni kadrın ən azı keçid dönəmində durumu düzəldə biləcəyi istisna edilmir. Hərçənd Ramiz Zeynalovun pensiya yaşından artıq keçib. Amma bu müddət ərzində onun işdən çıxarılması məsələsi gündəmə belə gəlməyib. Özü də bunca şikayət varkən.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143348

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930