Sumqayıt icra hakimiyyəti aprel qazisinin “üzünə baxmadı”, işdən qovuldu – ŞİKAYƏT

06.11.2017 - 10:43

Aprel döyüşlərində yaralanmış, 20 ildən çoxdur kirayədə yaşayan, atası 1-ci Qarabağ döyüşlərində vuruşan müharibə veteranının şikayətlərinə baxılmır. A24.Az-ın əməkdaşı şikayətçinin vəziyyətini yaxından öyrənmək üçün onların yaşadığı mənzildə olub.

Sumaqayıt şəhəri 18 mkr. bina 29-da yaşayan hərbi veteran Quliyev Əli Cavanşir oğlu işsizlikdən, DSMF tərəfindən ayrılmış vəsaitin azlığından və 20 ildən çoxdur kirayədə yaşadıqlarından şikayətçidir. Üstəlik məcburi köçkün olan bu ailə hələ də qaçqınlar üçün tikilən binalarda ev ala bilmir.
Ə.Quliyevin ailəsi Zəngilan rayonundan məcburi köçkün düşüb. 2016-cı il aprel döyüşündə iştirak edən Əli ağır kəllə-beyin travması alıb. Bütün bunlara baxmayaraq aidiyyatı qurumlardan yardım ala bilmir. Ailədə 4 nəfər olan müharibə veteranının ancaq atası çalışır. Anası evdar qadındır, qardaşı ali təhsil alır. Özünü isə bu yaxınlarda çalışdığı “SOCAR” şirkətindən işdən çıxarıblar.

Qeyd edək ki, Əli Quliyev 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəsi Zəngilan rayonunun Məmmədbəyli kəndindəndir. Atası Cavanşir Quliyev Qarabağ müharibəsinin iştirakçısı olub. Qaçqınlıq ərəfəsində bütün sənədləri itdiyi üçün indi müharibə veteranı təqaüdü də ala bilmır. Dediyinə görə, fəhlə işləyir.

“Aprel döyüşlərində üz-gözüm yanmışdı”

Əli özü haqqında bunları deyir: “2015-ci ildə Naftalana hərbi xidmətə yollandım. 2016-ci ildə aprel döyüşləri iştirak etdim, yaralandım. Ayın 3-də 9 saat Talış təpəsində artileriya hücumu altında qalmışıq. Döyüşlər zamanı bizi gətirən maşın minaya düşdü, yanımda bir neçə əsgər öldü. Müşfiq Orucov da orada şəhid oldu. Mənim də üz-gözüm yanmışdı, kipriklərim yanıb gözümə yapışmışdı. Döyüş bitəndən sonra məni Gəncə şəhərindəki hərbi hosbitala apardılar. Bir müddət texniki yanıq şöbəsində müalicə aldım. Gözlərim ağır vəziyyətdə idi, Bakıdakı hərbi hospitalda əməliyyat olunmalıydım, ancaq qorxduğumdan imtina etdim”.

“Heç bir maddi-mənəvi dəstək yoxdur”

Əli 2017-ci ilin yanvar ayında müharibə veteranı kimi ordudan təxris olunub. Əlinin anası Nəsibə Quliyeva deyir ki, oğlunun hərbi qulluqdan gəlməsinə az bir vaxt qalmış Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib. Əvvəlcə heç bir yardım edilməyib, sonra 500 manat verilib. Əli qeyd edir ki, Gəncədən hospitaldan qayıtdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə də 500 manat məbləğində yardım edilib. Bundan başqa indiyədək heç bir yardım olunmayıb. Nəsibə xanım dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib, ərizələr yazsa da, indiyədək heç kim müraciətlərinə baxmayıb.

“Deyirlər ki, indi heç kim müharibə veteranına baxmır”

Hərbidən ağır kəllə-beyin travması ilə qayıdan Əli üçün iş tapmaq da çətindir. Bir müddət “SOCAR Polymer” MMC-də elektrik vəzifəsində çalışsa da, oktyabr ayının 9-dan işsizdir.
Nəsibə xanımın deyir ki, yağışın altında işlədiyinə görə, dözə bilməyib: “3 gün icazə alıb evdə qaldığına görə oğlumu işdən qovdular”.

Əli hazırda işsizdir. Ailənin yeganə gəlir mənbəyi atası Cavanşir Quliyevin fəhləlikdən qazandığı məvacib və qaçqınlığa görə verilən yardımla .

20 ildir kirayədə qalan Quliyevlər ailəsi dövlətdən kömək gözləyir. Ev probleminə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət ediblər. Ancaq onlar bildirilib ki, Zəngilan qaçqınları üçün hələ evlər tikilmir. Əli deyir ki, evləri olsa, problemlərinin bir qismi həll olunar: “Hər ay 200-250 manat kirayə pulu nə qədər ödəmək olar axı?”

Nəsibə xanım qeyd edir ki, çox vaxt kirayə pulunu ödəyə bilmirlər: “Ev sahibindən eşitdiyimiz danlaqdan utanıb yerə giririk. Oğlum sağlamlığını itirməsəydi, normal işi, aylıq qazancı olardı, biz də kimlərinsə yanında gözü kölgəli, üzü qara qalmazdıq”.

“Dövlət atamla mənim döyüşlərdə iştirakımızı qiymətləndirsin”

Ailə dövlətdən kömək istəyir. Əli deyir ki, dövət atasıyla onun keçdiyi şərəfli döyüş yoluna qiymət versin: “Düzdür, bu, hamı kimi bizim vətəndaşlıq borcumuzdur. Amma dövlətimiz bunu dəyərləndirsə, bizə yardım göstərilsə, evlə təmin etsə, yaxşı olar. İllərdir kirayə qalırıq və bu gün işsiz olduğumuzdan kirayə pulunu ödəmək bizə həddindən artıq çətindir”.

A24.az olaraq məsələni diqqətdə saxlayacağıq. Ümid edirik ki, aidiyyati qurumlar sağlamlığından keçmiş döyüşçümüzün acınacaqlı vəziyyətinə biganə qalmayacaq, ailənin qarşılaşdığı problemlərin həllində yardımçı olacaqlar.

Minirə Qubatova // A24.Az 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=103571

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930