İlham Əliyev realist siyasi liderdir” – Əli Həsənov

24.12.2018 - 14:40

Bu il dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatından 15-il ötdü. 15 ildir dövlətimizin qurucusu aramızda yoxdur, amma onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Heydər Əliyev siyasi kursunun davam etməsinin, Azərbaycanın belə inkişafının rəhni, qarantı Ümummilli liderin özü qədər inandığı, yüksək liderlik xüsusiyyətlərinin daşıyıcısı olan Prezident İlham Əliyevdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimindəki çıxışında deyib. “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən olan Əli Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin Xilaskarı idisə, onun davamçısı olan İlham Əliyev son 15 il bu dövləti inkişaf etdirmiş, yeni idarəçilik modeli ortaya qoymuş və yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq etmişdir.

Ə.Həsənov qeyd edib ki, İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri ilə bağlı bəzi nüanslar kitabda və filmdə konstatasiya olunur. O, 15 illik prezidentlik fəaliyyəti dövründə özünü büruzə verən, İlham Əliyevi bir siyasətçi, lider kimi xarakterizə edən xüsusiyyətlər haqqında filmin müəllifi olaraq mülahizələrini qısa şəkildə təqdim edib:

“İlham Əliyev həddən artıq sədaqətli insandır, öz əqidəsinə, inandığı işə, ona etibar olunmuş əmanətə, xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara, ümummilli liderin irsinə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə həmişə sədaqətli olub. Öz məsləklindən, amallarından, ardıcılı olduğu siyasi kursdan zərrə qədər geri addım atmayıb. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər ümummilli liderin ideyaları və Azərbaycan xalqının əsas maraq və mənafeləri üzərində qurulmuşdur. Film boyu da bu xətt qabarıq nümayiş olunur.

* İlham Əliyev 15 illik prezidentlik dövründə qlobal və sistemli strateji düşüncə tərzinə malik olduğunu nümayiş etdirə bilib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional əhəmiyyətli layihələr on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcəkdir. Bu təşəbbüslər sayəsində açıq dənizlərə birbaşa çıxışı olmayan Azərbaycan regionun nəqliyyat-logistika mərkəzi statusu qazanmış, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi təmin edilmişdir. Bu, cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq yükdaşımaları uğrunda rəqabətdə Azərbaycana önə çıxmağa, ölkənin qeyri-neft sektorunun inkişafında mühüm töhfə verməyə imkan vermişdir. Onun təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji layihələri sayəsində Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Avropanın enerji təminatında bu gün yeganə alternativ mənbədir, bəzi ölkələrin enerji təchizatının 30-40 faizi Azərbaycan vasitəsilə həyat keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat xabına çevirir. Beləliklə, Azərbaycan qitənin enerji və nəqliyyat xəritəsinin yenidən dizayn etməkdədir. İlham Əliyevin təməlini qoyduğu və gerçəkləşdirdiyi layihələr-transmilli neft-qaz kəmərləri, qitələrarası nəqliyyat dəhlizləri, istifadəyə verilmiş kommunikasiya xətləri, liman və tərsanələr, hava limanları, çoxsaylı mədəni, tibbi obyektlər, elm, təhsil sahəsində həyata keçirdiyi ümummilli proqramlar, yetişdirdiyi sağlam gənclik hələ uzun illər Azərbaycanın rifahını, dövlətimizin davamlı inkişafını təmin edəcəkdir.

* İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, dövlət və xalq üçün aydın hədəflər müəyyən edib, o hədəflərə nail olmaq üçün ciddi siyasi iradə nümayiş etdirən, məqsədyönlü və uzaqgörən siyasi lider, bu hədəflərə çatmaq üçün çevik qərarlar qəbul edə bilən, xalqı səfərbər edən, dinamik və ardıcıl fəaliyyət göstərən bacarıqlı, aydın təfəkkürlü, novator tipli rəhbərdir. Onun yüksək intellectual potensialı, geniş təfəkkürü və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəsi dünyanın sürətlə dəyişən reallıqları şəraitində çevik və optimal qərarlar qəbul etməyə imkan verir.

Son on beş ildə cənab İlham Əliyevin regionların inkişafı, gənclərin təhsili, insan kapitalına dövlət sərmayəsi qoyması, vətəndaşın sosial haqlarını, sosial müdafiəsini önə çəkməsi, vətəndaşların sağlamlığının qorunması ilə bağlı konseptual siyasət, milli mənəvi dəyərlərin qorunması, yeni nəsillərin öz tarixi irsinə sədaqət ruhunda böyüdülməsinə xüsusi diqqət yetirməsi, Azərbaycanın Ermənistan istisna edilməklə bütün qonşu ölkələrlə qarışlıqlı faydalı əlaqələr qurması bu xüsusiyyəti göstəricisidir.

* İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir. Cənab Prezident öz çıxışlarında da populist vədlərin, volyuntarist qərarların regionumuzdakı bəzi ölkələrin nümunəsində necə mənfi fəsadlar verməsini daim qeyd etmişdir. Onun ölkəyə rəhbərlik etdiyi illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqı məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artmışdır. 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisi azalmış, yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür. Son 15 ildə əhalinin sayı 1, 5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanmışdır, hazırda Azərbaycanda işsizlik səviyyəsi Avropa və MDB məkanında ən aşağı yerlərdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət yüz minlərlə iş yeri yaratmaqla Azərbaycanda orta təbəqənin çəkisini xeyli artırmışdır. Beləliklə, cənab Prezidentin yürütdüyü məqsədyönlü sosial siyasət daim əhalinin rifah halının yüksəldilməsinə hesablanmışdır.

Bu siyasət xalq tərəfindən geniş dəstəyə malikdir. Yerli və xarici fərqli qurumlar tərəfindən aparılan monitorinqlər, keçirilən rəy sorğuları belə dəstəyin mövcudluğunu təsbit edir. Builki prezident seçkilərinin nəticələri isə xalqın İlham Əliyev siyasətinə yüksək etimadının nümayişi oldu. Davos İqtisadi Forumunun apardığı sorğuya əsasən, siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycan dünyada 20-ci yeri tutur, bu, İlham Əliyevin şəxsinə və iqtidarına xalqın böyük etimadının beynəlxalq etirafı kimi qəbul edilməlidir.

* İlham Əliyev olduqca qətiyyətli və güclü siyasi iradəsi olan bir liderdir.Diqqətli tamaşaçının film boyu da izlədiyi kimi, İlham Əliyev Azərbaycan naminə planlaşdırdığı siyasəti, proqram və layihələri həyata keçirmək üçün böyük əzm, titanik iradə nümayiş etdirir, bəzən qeyri-mümkün görünənləri gerçəyə çevirməyi bacarır. Azərbaycan xalqının maraqlarını beynəlxalq müstəvidə necə qətiyyətlə müdafiə etdiyi sizə təqdim olunan kitab və seyr etdiyiniz filmin kadrlarında öz əksini tapmışdır. Onun rəhbərliyi ilə icra olunan strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib.

Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, dərin zəkası, böyük erudisiyası, qlobal düşüncəsi, intellekti, çevik qərar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı proqram və layihələr ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaradıb. Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, Azərbaycanın rəyi, mövqeyi, rolu nəzərə alınmasın. İlham Əliyevin siyasi iradəsi təkcə Azərbaycanı sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə çevirməmişdir, bu gün Azərbaycan həm də regionda sülhün, asayişin qarantıdır. Onun dünya miqyasında yeritdiyi uzaqgörən siyasət, Azərbaycan xalqının maraq və mənafelərini qətiyyətlə müdafiə etməsi ölkəmizi regionda və beynəlxalq aləmdə mühüm amilə çevirmişdir. Azərbaycanı daxildən təhdid edən heç bir narahatedici məsələ qalmamışdır, dövlətimizin ətrafında formalaşmış xoşməramlı mühit isə xaricdən gələn təhdidləri önləməyə imkan verir.

* İlham Əliyev islahatçı, novator liderdir. Dövlət aparatının müasir Dövrün tələblərinə uyğun optimallaşdırılması, institusional islahatlar artıq Azərbaycanda öz bəhrəsini verməkdədir. Fəaliyyətə başladığı gündən vətəndaşlar tərəfindən “ASAN xidmət” mərkəzlərinə 25 milyon dəfə müraciət edilmişdir. Dünya praktikasından bilirik ki, bir çox hallarda aparılan islahatlar sosial və siyasi gərginliklərlə müşayiət olunur. Bunun fəsadların bəzi qonşu ölkələrdə də, elə Avropada da müşahidə edirik. Azərbaycanda siyasi və iqtisadi islahatlar əhalinin, xüsusən aztəminatlı təbəqənin mənafeləri nəzərə alınmaqla həyata keçirilir, vergi islahatlarında, qiymət və tarif siyasətində bu təbəqənin xeyrinə diferensial yanaşma tətbiq edilir. Beynəlxalq qurumlar ölkədə həyata keçirilən islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın təqdim etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülmüşdür. “Doing Business” hesabatına görə Azərbaycana dünyada “ən islahatçı ölkə” hesab olunur.

* İlham Əliyev yüksək siyasi mədəniyyətə malik lidersdir. Prezident olaraq ilk çıxışlarında qeyd etdiyi kimi, o, ötən 15 ildə hər bir azərbaycanlının prezidenti olmağı bacarmış, hər zaman siyasi rəqiblərinə qarşı yüksək əxlaqi davranış sərgiləmiş, siyasi mübarizənin əxlaqi çərçivədə aparılmasının tərəfdarı olmuşdur. Prezident seçkiləri zamanı siyasi rəqiblərinə üstün imkanlar təmin etmək üçün seçki qabağı təbliğatdan da imtina etmişdir. Bu gün bəlli mərkəzlərin diktəsilə həm Azərbaycanın bəzi siyasi müxalif qüvvələri, həm xaricdə yaşayan Azərbaycan əsilli bəzi şəxslər, həm də xarici nəşrlər vasitəsilə aparılan qaralama, şər, böhtan kampaniyası qarşısında İlham Əliyev yüksək ləyaqətlə davranaraq o kampaniyaların səviyyəsinə enməyi və onlara reaksiya verməyi məqbul hesab etməmişdir. Bu yüksək siyasi mədəniyyət qonşularla münasibətdə də özünü büruzə verir. Bu və ya digər təşviq və təzyiqlərə baxmayaraq indiyə qədər Azərbaycan hər hansı bir dövlətə qarşı platsdarm rolu oynamamışdır. Ermənistanda baş verən son hakimiyyət dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə Azərbaycan tərəfi fürsətcil davranışdan yayınmışdır. Nəticədə bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal almışdır, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasiləri tərəfindən dilə gətirilmişdir.

* İlham Əliyev həddindən artıq humanist və insansevərdir. Onun siyasətinin təməlində insan, vətəndaş amili dayanır. İnsanları sevir, insanlara xidmət etməkdən zövq alır. Ümumbəşəri ədalətin, dünyada sülhün, təhlükəsizliyin təmin olunması üçün gərgin mübarizə aparır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyr-daimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, Azərbaycanın təşəbbüsü ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başladılmış “Bakı prosesi”, Bakını “humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər dövlətimizi beynəlxalq dialoqun əməkdaşlığın, sülhün əsas müdafiəçilərindən birinə çevirmişdir. 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edərkən də Azərbaycan bu siyasətini davam etdirəcək. Mən, əlbəttə, qısa bir çıxışda 15 il ərzində dövlətin, xalqın qayğılarını, yükünü öz çiynində daşıyan, ölkədə yeni idarəçilik modeli, beynəlxalq miqyasda uğurlu Azərbaycan modeli yaratmağa müvəffəq olmuş İlham Əliyevin bütün xarakterik xüsusiyyətlərini, siyasi məziyyətlərini əhatə edə bilmərəm. Sizin diqqətinizə yalnız bu xüsusiyyətlərin ən qabarıq cizgilərini təqdim etdim. Əminəm ki, siyasi kursunun varisi olduğu Ümummilli lider Heydır Əliyev kimi İlham Əliyevin şəxsiyyəti, eləcə də dövlətə xidmətə, onun təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr edilmiş fəaliyyəti elmi-politoloji, tarixi-fəlsəfi, araşdırmaların obyektinə çevriləcək, dərindən tədqiq olunacaq. Onu xarakterizə edən liderlik xüsusiyyətləri öyrəniləcək və gənc nəslə çatdırılacaq”.

Ə.Həsənov vurğulayıb ki, film və kitabın hazırlanması böyük zəhmət hesabına başa gəlib, İlham Əliyevin 15 illik prezidentliyi dövründə keçirdiyi təxminən 10 minə qədər tədbir, açılış, görüş və çıxışlar təhlil edilib, ensiklopedik formada hazırlanıb.

Prezidentin köməkçisi həm filmin, həm də kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə, xüsusən də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova, eləcə də AZƏRTAC Dövlət Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanova və onların rəhbərlik etdiyi kollektivlərə təşəkkürünü bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125857

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031