Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? – TƏHLİL

22.10.2021 - 16:39

Rusiya prezidenti Putinin “Valday” klubunda çıxışı Bakı və İrəvan arasında Moskva vasitəsilə qurulan masadakı prioritetləri aydınlaşdırır:

– Azərbaycan Zəngəzur dəhlizini istəyir: Putin bunun Ermənistan üçün ilkin vəzifələrdən biri olduğunu deyir;

– Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda – blokadadan çıxmaqda maraqlıdır.

Bu o deməkdir ki, İrəvana blokadadan çıxmaq üçün əsas şərt kimi Zəngəzur dəhlizinin açılması irəli sürülüb: bu məsələdə Moskva, Ankara və Bakının gündəliyi eynidir; əlaqələrin qurulması həm də bölgədə uzunmüddətli nizamlanma üçün başlanğıcı olacaq.

Lakin öncə sərhədlərin delimitasiyası reallaşmalıdır: Putinin “indi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır” açıqlaması da bu yöndədir.

Bu, Bakının uzunmüddətli nizamlamada başlanğıc şərtidir: kommunikasiyanın açılmasının bütün tərəflərin əsas ehtiyacı olması reallığı Azərbaycanın əlini gücləndirir və sərhədlərin müəyyənləşməsi Qarabağ məsələsində də istəyimizə nail olmağa zəmin yaradacaq.

Sərhəd müqaviləsində razılaşdırılmayan məqam nədir?

Xəritələr: Putinin “Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri sərhəd məsələsində xəritənin birdən çox olduğunu göstərir. Və tərəflər delimitasiyanın hansı xəritə əsasında aparılması üzərində müzakirə edirlər.

Qeyri-rəsmi məlumatlara görə, delimitasiyada 1975-ci ilin xəritəsi əsas götürülür. Putin bildirir ki, “orada qarşılıqlı güzəşt tələb edən məsələlər var”.

Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz: işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir. Hərçənd, tərəflərin razılaşmadığı bir neçə məqam ola bilər.

  • 1. Qaragöl: Ermənistan Azərbaycan ordusunun çıxdığı dövlət sərhədindən geri çəkilməsini istəyir;
  • 2. Ermənistan Kəlbəcər istiqamətində zəbt etdiyi ərazilərdən çəkilmək istəmir;
  • 3. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi: Bakının tələbi işğal altındakı bu ərazilərin təhvil verilməsidir;
  • 4. Gədəbəyin Başkənd kəndi: Ermənistan 7+1 kəndə qarşı SSRİ-də “erməni anklavı” hesab edilən bu kəndi istəyir; Azərbaycan qalib tərəf kimi razılaşmır, yaxud başqa həll yolu təklif edir;

O da istisna deyil ki, Bakı delimitasiyanın 1975-ci ildən öncəki xəritələrə əsasən aparılmasını istəyir.

Bakının Avropa İttifaqını, İrəvanın Minsk qrupunu sərhəd məsələsinə cəlb etmək istəyi də masada alternativ təqdim etmək və əlini gücləndirməyə hesablanmış gediş kimi görünür. Və Putinin “proses Rusiyasız qeyri-mümkündür, burada bəlkə də bizə heç kim lazım deyil” açıqlaması da həm tərəflərə, həm də üçüncü ölkələrə ünvanlanmış mesaj idi.

Lakin Putinin açıqlaması da göstərir ki, kommunikasiyanın bərpası üçün cari prioritet olaraq sərhədin delimitasiyası həyata keçiriləcək və bu, strateji baxımdan Azərbaycanın maraqlarına uyğundur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167839

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031