“Stratfor”dan Azərbaycana Qarabağ xəbərdarlığı

22.08.2015 - 11:57

rrrABŞ-ın “kölgə kəşfiyyatı”nın analitikləri: “Rusiya-Qərb qarşıdurması Ukraynadan Qafqaza adlaya bilər…”

“Ukrayna konflikti kəskinləşdikcə Rusiya ilə Qərb arasında qarşıdurma da güclənəcək. Bu zaman mübahisə mərkəzi Ukraynadan Güney Qafqaza – Gürcüstan, Azərbaycan və Ermənistana adlaya bilər”. Belə bir xəbərdarlıqla ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzinin təhlilçiləri çıxış ediblər.

Təhqiqat müəllifləri hesab edirlər ki, 2008-ci ildəki “5 günlük müharibə”dən sonra Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirib və bu ölkədə güclü iqtisadi və siyasi mövqe əldə edib. “Ermənistanda, Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluq, Azərbaycanla isə təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyanın regionda dominant xarici güc olmasını təmin edir” – qeyd edib analitiklər.

Bununla belə, “Stratfor” ekspertlərinə görə, Qərb Rusiyanın keçmiş sovet periferiyasında öz təsirini artırmasına imkan vermək fikrində deyil: “Qərb ölkələri açıq şəkildə Kremlə anladıblar ki, onların dəstəyi Ukrayna ilə bitməyəcək. Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar qurmağa, habelə keçmiş sovet periferiyası ölkələrindən bir neçəsi ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başlayıb”.

Mərkəzin analitikləri bu xüsusda Qərblə Rusiya arasında yeni qarşıdurma nöqtəsinin məhz Qafqaz ola biləcəyini bir daha vurğulayıblar: “Bunu NATO-nun Gürcüstanda avqustun axırında təlim mərkəzi açmağa hazırlaşması sübut edir”. Bundan əlavə, ekspertlər o qənaətdədir ki, “iki on illik nisbi sakitlikdən sonra Dağlıq Qarabağa görə Azərbaycanla Ermənistan arasında münaqişə təzədən qızışmağa başlayıb. “Rusiya bu məsələdə hələ ki, iki ölkəni dialoqa çağırmaqla çəkindirici diplomatik mövqe tutur, həmçinin, çəkindirici element qismində hər iki ölkəyə silah satışını davam etdirir”, – deyə təhqiqat müəllifləri vurğulayıblar.
***

Amerikalı analitiklərin hesabatında əksini tapan məqamlar və xəbərdarlıqlar əslində yeni deyil. Belə bir prosesin – Qərblə (NATO ilə) Rusiyanın məhz Güney Qafqazda üz-üzə gələ bilməsinin, Ukrayna münaqişəsinin Qafqaza “transfer” oluna bilməsinin mümkünlüyü barədə ötən saylarımızda yazmışıq. Görünür ən əvvəl belə bir perspektivi hesaba alan Rusiyanın Güney Qafqaz planları getdikcə daha qorxulu məzmun almaqdadır.

Məsələ ondadır ki, 2008-ci ildən sonra, ələlxüsus da son bir ildə və Krım böhranı yaranandan sonra, nəhayət Vyana anlaşmasının İranın Qərblə yaxınlaşmasına stimul yaratmasının ardınca Kreml həqiqətən cənub cinahı (periferiyası) boyu hərbi cəhətdən möhkəmlənmək, paralel surətdə bölgə ölkələrini, o cümlədən Türkiyəni və İranı, nəhayət, Qərbin özünü təhdid etmək xətti götürüb.

Aydınca görünür ki, şimal qonşumuz Qərbin, NATO-nun bölgəyə girişini nəyin bahasına olur-olsun durdurmaq, Gürcüstan timsalında Azərbaycana da dərs vermək, ən önəmlisi, ABŞ və NATO-nu elə regiondaca vurmaq, onların buradakı siyasi, hərbi, demokratik dayaqlarını sarsıdıb, bölgəyə yollarını etibarlı şəkildə bağlamaq istəyir.

Yada salaq ki, bu arada bu arada vəziyyətdən çıxış edən Qərbin bəzi “beyin mərkəz”ləri Rusiya ilə NATO (ABŞ) arasında hətta müharibə ehtimalından danışmağa başlayıblar. Məsələn, az öncə belə bir ehtimalı Böyük Britaniyadakı “European Leadership Netwok” analitik mərkəzin ekspertləri irəli sürmüşdülər.

***
Təbii ki, Rusiyanın cənub cinahı üzrə aktivləşməsi həm də NATO baş katibi Yohan Stoltenberqin avqustun sonunda NATO-nun təlim mərkəzini açmaq üçün bu ölkəyə səfəri ilə bağlıdır. Kreml bundan çox narahatdır. Çünki belə bir mərkəzin açılması əslində NATO-nun de-yure Gürcüstanda “oturması”, ölkənin tezliklə alyansa üzv olacağının anonsu deməkdir. Moskvanın Gürcüstan ərazində keçən Bakı-Supsa neft kəmərinin bir hissəsini ələ keçirməsi də eyni narahatlıqdan – Qərbin Gürcüstanda hərbi cəhətdən möhkəmlənmək yönündə real addımlar atmağa başlamasından qaynaqlanır.

Odur ki, şimal qonşumuz Qərbi qabaqlamağa və Azərbaycan, Gürcüstan və Ermənistanı tam nəzarət altına almağa çalışır. Vaxtilə Rusiyanın Azərbaycandakı “gözü” sayılan Qəbələ RLSİ-in bərpası məsələsinin gündəmə gəlməsi də bu mənada qətiyyən təsadüfi sayıla bilməz.
Əlbəttə ki, Kreml Güney Qafqaz ölkələrini qorxutmaq, təhdid eləmək üçün yeri gələndə öz arsenalındakı köhnə vasitələrdən də yararlanacaq. Söhbət öncəliklə köhnə separatçılıq ocaqlarını qızışdırmaqdan və yeni separatçı ocaqlar yaratmaqdan, bu ölkələrin daxilində özünün “5-ci kolon”çularını fəallaşdırmaqdan gedir.

***
Kəsəsi, “Stratfor” analitiklərinin də anons etdikləri kimi, regiona yönəlik Rusiya aqressiyasının daha aktiv fazaya keçəcəyini gözləmək lazım gəlir. Belədirsə, Gürcüstanla yanaşı, Azərbaycan da ciddi narahat olmalıdır. Unutmaq olmaz ki, bölgənin ən “uzun ömürlü” münaqişəsi – Dağlıq Qarabağ ixtilafı məhz Azərbaycandadır, Moskvanın yeni separatçı ocaqlar yaratmaq təcrübəsi də ki bəlli. Üstəgəl, Azərbaycanda Rusiya “5-ci kolon”çuları var və onlar hətta aşıq şəkildə (“Avrasiya hərəkatı”) təşkilatlanmağa başlayıblar – nə yaxşı ki, onların cilovunu yığmaq üçün rəsmi Bakının nəhayət, hərəkətə keçdiyi haqda məlumatlar var…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30058

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930