“Snayperlərin qənimi” 6 övladı ilə kanalizasiya “adasında” yaşayır – FOTO, VİDEO

08.02.2017 - 18:29

Azərbaycanda bircə şərəfli nazir, məmur varsa,…

Qarabağ veteranlarının yaşayış şəraiti ilə tanış olmaq üçün bir ailənin qonağı olmaq istədim. Mənə verilən telefon nömrəsini yığdım. Ünvanı soruşdum. “Sumqayıt şossesi, Sumqayıt qəbiristanlığının yanındakı kanalizasiya sularının axıdıldığı ərazi. Dəstəyin o tərəfindən eşitdiklərimdən elə düşündüm ki, məni ələ salırlar. Amma deyilən əraziyə çatanda gördüklərim həqiqətən məni dəhşətə gətirdi. Qışın oğlan çağında,  üfunət iylənən kanalizasiya suları arasında dəmir bir vaqon dərhal diqqətimi çəkdi. ​Bu sıradan bir Azərbaycan vətəndaşının evi deyil. Bura Qarabağda döyüşən və sağlamlığını itirən Qarabağ qazisi Mahir Rzayevin “evidir”. Evin üstündə bayraqlar dalğalanır. Ətrafdakı evlərdən də bu daxmanı bayraq fərqləndirir.  O bayraq ki, sahibi onun uğrunda döyüşüb, əlil olub. Amma reallıq odur ki, Qarabağ qazisi olmaq da,  evinin üstündə dalğalanan bayraq da Mahir Rzayevin övladlarını məktəbə getmək üçün paltar tapmamasını sığortalamır , normal dolanışığını təmin etmir.

“İlk döyüşdə göstərdiyi şücaətə görə “Snayperlərin qənimi” adını alıb”

Mahir Rzayev 1992-96-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində mübarizə yolu keçmiş veterandır. İlk dəfə 1992-ci ilin avqust ayında Ağdərədə yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Orada kəşfiyyat bölüyünə seçilən Mahir 7 nəfərlik kəşfiyyat qrupuna başçılıq edir. Elə ilk döyüşündə erməni snayperini məharətlə vurduğu üçün ona “Snayperlərin qənimi” adı verilir. Döyüşlərdə gözlənilmədən atdığı addımlar isə Mahirə “Jiqan” ləqəbi qazandırır. Müharibədə 3 dəfə kantuziya alan Mahir 4 il 3 aylıq hərbi xidmətindən sonra paytaxta gəlir. Burada Laçın rayonundan məcburi köçkün olan bir xanımla ailə həyatı qurur. Amma 21 illik ailənin hələ də üzü gülmür.

“Övladlarım qarşısında gözükölgəli atayam”

Mahir Rzayev 9 nəfərlik ailənin başçısıdır. Anasını da himayəsində saxlayan Mahir bu gün 20 – 9 yaş arası Laçın, Canər, Rüqiyyə, Sevanə, Salman və Selcan adlı 6 övlad böyüdür. Əgər buna böyütmək demək olarsa. Qəhrəmanım deyir övladlarım qarşısında gözükölgəli atayam. Çünki onları nəinki yaxşı yaşadır, heç zəruri ehtiyaclarını belə ödəyə bilmirəm. Təzə paltarın nə olduğunu bilməyən, əyin-başları cır-cındır içində olan uşaqlar atasının dəmir, şüşə və plasmas yığmaqla qazandığı pulla bir qarnı ac, bir qarnı tox dolanırlar. Ən acınacaqlı məqamlardan biri də odur ki, uşaqların heç biri məktəbə getməyib. Buna həm maddi imkansızlıq, həm də onların köçəri həyatı yaşaması səbəb olub. Qarabağ qazisi deyir ki, bu illər ərzində  tanışların  evində,  kirayələrdə yaşamışam. Sonra isə  imkansızlıqdan vaqonda yaşamağa başlamışam. Onu isə harada qoymuşamsa, oradan qovublar. Ən nəhayətində “Kanalizasiya gölü”nün ətrafında qərar tutmuşam.

Ailə heç bir şəraiti olmayan bir otaqdan ibarət vaqon “ev”də yaşayır. Evin mətbəxi vaqonun qarşısında taxtadan qurulmuş barakdır. Hamamı olmayan evciyin sanitar qovşağını isə görmək belə istəməzsiniz.

“Əgər Azərbaycanda şərəfli nazir, məmur varsa bircə gün gəlib ailəsi ilə birgə bu şəraitdə yaşasın”

43 yaşlı Qarabağ qazisi bu gün vətən uğrunda sağlamlığından keçdiyi üçün peşiman deyil. Amma ona verilən qiymət, 6 övladının gözü qarşısında yarı ac, cır-cındır içində böyüməsi qəlbini yandırır.  Deyir, əgər Azərbaycanda şərəfli nazir, məmur varsa bircə gün gəlib ailəsi ilə birgə bu şəraitdə yaşasın, ondan sonra mən heç nə istəmirəm.

Təminatlarına gəlincə ailə yalnız  müharibə veteranı üçün verilən 50 manat  müavinəti alır. Dəflərlə müraciət etməsinə baxmayaraq Mahir Rzayevə ünvanlı sosial yardım verilməyib. Qapısını döydüyü qurumların cavabı isə keçmiş döyüşcünün qəlbini paralayır: Mən səni göndərməmişəm ki müharibəyə, getməzdin!

Əslində Mahirin ailəsinin bu çətin vəziyyətini görənlərdən insaflı çıxanı da olub. Bir necə il əvvəl  Sumqayıt Şəhər İcra hakimiyyətinin birinci müavini Tariyel Hacıyev ona yaxınlıqdakı quru ərazidən torpaq sahəsi ayrılması ilə bağlı göstəriş verib. Torpaq ayrılıb. Amma Sumqayıt Şəhər Memarlıq şöbəsinin işçiləri torpağın sənədsiz olduğunu əsas gətirərək, ərazini hasara alır və Mahir Rzayevə onun həndəvərində belə dolanmağa icazə vermir.

Düzdür, dövlət səviyyəsində şəhid ailələri, müharibə veteranlarına diqqət hər zaman yüksək olub. Onların sosial şəraitlərinin yaxşılaşdırılması, maddi durumlarının artırılması hər zaman ölkə başçısı Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dəfələrlə belə imtiyazlı şəxslərlə görüşündə, prezident vurğulayıb ki, torpaqlarımızın müstəqiliyi uğrunda canından keçən şəxslərə xüsusi hörmət göstərilir. Ölkə başçısı yerli məmurlardan da tələb edir ki, digər vətəndaşlarla yanaşı imtiyazlı şəxslərin də problemlərini tez bir zamanda həll etsinlər. Amma təəssüflər olsun ki, bu həmişə belə olmur. Təssüflər olsun ki, Mahir Rzayev kimi Qarabağ Qaziləri normal yaşayışdan xəbərsiz ömür sürürlər.

Vüsalə Xaməmmədqızı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031