Naxçıvanı atəşə tut(dur)an ölkə – ABŞ doğrudanmı sülh istəyir?

02.04.2024 - 14:59

“Brüsseldə (5 apreldə) keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara, demokratiya və iqtisadiyyata həsr olunacaq. Görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq”.

Bunu dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bir növ Azərbaycanı sakitləşdirmək naminə söyləyib.

“Bu, iqtisadiyyatın şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ, Avropa Birliyi və Ermənistan arasında görüşdür, – Departament rəsmisi əlavə edib…

ABŞ-ın səmimiliyinə, sözünə inanmaq mümkünmü? Görəsən erməni işğalı dövründə, Azərbaycan xalqına qarşı dünyanın gözü qarşısında soyqırımlar, etnik təmizləmələr aparıldığı dönəmdə nədən Qərbin “tükü” tərpənmədi, yığışıb Azərbaycanla bağlı da analoji tədbir keçirmədi? Ona görə ki, biz Türk-müsəlman dövlətiyik?

Hansı demokratiya, hansı islahatlar? Hamı bilir ki, “demokratiya və insan haqları” Amerika üçün ölkələrin daxili işlərinə qarışıb onlara təzyiq etmək və öz maraqlarını irəli aparmaq üçün bir vasitədir, hədəf yox…

Sən demə, 5 aprel Brüssel görüşü həm də “erməni qaçqınlara dəstək” niyyəti güdürmüş. Bəs ABŞ Konqresi, yaxud Ağ Ev bircə dəfə olsun yüz minlərlə azərbaycanlı qaçqın-köçkünün dərd-səri ilə, öz ata-baba yurdunda təhlükəsiz yaşamaq kimi ən elementar haqqı ilə maraqlanıbmı? Məsələni gündəmə gətirib işğalçı Ermənistanı qınayıbmı?

Olmayıb. Əksinə, Azərbaycan xalqı bu illər ərzində daim Vaşinqtonun erməni separatizminə dövlət səviyyəsində (!) dəstəyinə şahidlik edib – siyasi, maliyyə və başqa dəstəyinə. O sırada xunta rejiminin Vaşinqtonda “nümayəndəliyi” də fəaliyyət göstərib. İşğal altındakı Qarabağa konqresmenlərin biri gedib o biri gəlib. Separatçı quldurlara ABŞ böyük həvəslə vizalar verib, onların Konqresdə görüşlərinə və Azərbaycan meydan oxumasına şərait yaradıb. İşğala məruz qalmış Azərbaycana tətbiq olunan, Birləşmiş Ştatların dövlət yardımını qadağan edən və hələ də ləğv olunmayan bədnam “907-ci düzəliş” də ki, öz yerində…

İndi də guya “artsax” dərdi çəkir, Qarabağdan olan könüllü ermənı köçkünlərə qahmar çıxırlar. Azərbaycan dövlətinə qarşı silahlı üsyan etmiş, günü bu gün də bayrağımızı, konstitusiyamızı saya salmayan bir ovuc erməninin “təməl haqları”ndan dəm vururlar.

44 günlük müharibədən və bir günlük antiterror tədbirlərindən sonra bu məqsədlə dəfələrlə Senatda, onun bəzi komitələrində Azərbaycan əleyhinə sənədlər qəbul edilib. Ölkəmiz görünməmiş həyasızlıqla “artsaxa hücumda”, “Ermənistan ərazisinə girməkdə” suçlanıb.

Amma işğalçı və vandal Ermənistanı 26-27 ildə bircə dəfə pisləmədilər, ona “gözün üstdə qaşın var” demədilər, göz ağartmadılar, BMT TŞ-nin Qarabağa dair 4 məlum qətnaməsi yadlarına düşmədi. Ermənistanda hansı islahatlara, demokratiyaya dəstəkdən danışır cənab Miller?

Söz düşmüşkən, bu həmin ABŞ-dır ki, Ermənistandan qat-qat demokratik ölkə olan Türkiyə (31 mart bələdiyyə seçkiləri bunu bir daha isbatladı) və onun lideri Ərdoğanı deyil, Nikol Paşinyanı iki dəfə “Demokratiya sammiti”nə dəvət edib. Bu da əlbəttə ki, Vaşinqtonun demokratik dəyərlərə yox, sırf ABŞ-ın dövlət maraqlarına sadiqliyinin təzahürü idi…

Diqqətçəkidir ki, yuxarıdakı bəyanatın səsləndiyi gün Naxçıvan ərazisi uzun fasilədən sonra təzədən Ermənistan tərəfdən atəşə tutulub – özü də amerikalı hərbi təlimatçıların, generalların qonşu ölkədə olduğu vaxt. Təsadüfmü?

Hərbi ekspert Ədalət Verdiyevə görə, yox. O əmindir ki, amerikalı təlimatçıların məqsədi Ermənistan ordusunu növbəti təxribatlara hazırlamaqdır. Onun qənaətincə, İrəvan bununla gərginlik görüntüsü yaradıb Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətə salmaq məqsədi güdür. Yeni eskalasiya, toqquşma yaratmaqla AB və ABŞ-dan hərbi-siyasi dəstək almaq və ölkəmizə qarşı istifadə etmək istəyir.

Təxribatdan 1-2 gün qabaq isə Ermənistanın şərti sərhədə qoşun topladığını əks etdirən görüntülər yayılmış, ardınca Ordumuzun mövqelərinə hücum məqsədilə fortifikasiya qurğuları qurulduğu haqda Müdafiə Nazirliyi faktlar təqdim etmişdi. Bundan əlavə, Ermənistan 1 apreldən etibarın ehtiyatda olan 5 minə yaxın hərbçini toplanışa cəlb edir. Xeyir ola?

Bütün hallarda, arxasında kimin durmasından asılı olmayaraq, erməni revanşistlərin gələcəkləri varsa, görəcəkləri də olacaq. Sadəcə, Azərbaycan həmişəki kimi, ən uyğun zamanı gözləyir…

Siyasət şöbəsi,
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031