Azərbaycan daha bir Avropa Konvensiyasına qoşuldu

06.04.2023 - 20:14

Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına qoşulub.

Cumhuriyyet.az xəbər verir ki, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.

Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.

Sonra keçirilmiş görüşdə ədliyyə naziri tərəfindən Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün 2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verilmiş məlumat maraqla qarşılanıb.

Baş katibin müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək may ayında Avropa Şurası tərəfindən üzv dövlətlərin başçılarının Sammitinin keçiriləcəyini bildirib.

Söhbət zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızın Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olduğu və ya yaralandığı bildirilib, bununla bağlı ANAMA tərəfindən hazırlanmış xüsusi kitab təqdim edilib.

Səfər çərçivəsində Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri ilə ikitərəfli görüş keçirilib.

Azərbaycan və Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verilib. Həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq normaların, o cümlədən Məhkəmənin presedent hüququnun tətbiqinə xüsusi önəm verildiyi bildirilib, bu məqsədlə bir çox milli təlimçilərin hazırlanması, hakimlərin, hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisində beynəlxalq ekspertlərin, o cümlədən Avropa Məhkəməsi hakimlərinin iştirakı, həmin Məhkəməyə tədris səfərlərinin faydası qeyd edilib. Avropa Məhkəməsinə uzun müddət ezam olunan hakimlərimizin beynəlxalq təcrübəyə yiyələnməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda Avropa Məhkəməsinin qarşısında duran çağırışlar, o cümlədən yüksək iş yükü və bu problemin həlli yolları barədə fikir mübadiləsi aparılıb, digər maraq doğuran məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov iştirak ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930