Rusiyada 39 min yaşı olduğu təxmin edilən nəsli tükənmiş heyvan tapıldı – FOTOLAR
Rusiyanın elm adamları 39 min yaşında olduğu ehtimal edilən, mükəmməl şəkildə qorunmuş bir mağara ayısının qalıqlarını tapıblar.
Məlum olduğu kimi, dünyada bir çox nəsli kəsilmiş heyvan növləri var. Zaman-zaman elm adamları min illərdən qalma heyvan qalıqlarını tapır, bu barədə araşdırmalar edir, ictimaiyyətə geniş açıqlamalar verirlər. Hər bir tapıntı isə bizə keçmiş dövrlərdən yeni məlumatlar verir. Lakin əksər vaxt qalıqlar, sadəcə, sümüklərindən ibarət olur. Lakin sümüklər xaricindəki qalıqların da elm adamları üçün böyük əhəmiyyəti var.
Bir neçə gündür gündəmdə olan rus alimlərinin yeni tapıntısı da son dərəcə vacibdir. Rus alimləri təxminən 39 min yaşında olan bir ayı tapıblar. Dişləri və skelet sistemi demək olar ki, mükəmməl şəkildə qorunan bu ayı növü bir çox kəşfin də əsasını təşkil edəcək.
Rus alimləri mağara ayısının qalıqlarını donmuş şəkildə tapıblar. Onu da bildirək ki, dünyada indiyə qədər mağara ayılarının yalnız sümükləri aşkar edilə bilirdi.
Mağara ayısı Böyük Lyaxovski adasında tapılıb. Lyaxovski adası, Rusiyanın şimalındakı ən soyuq yerlərdən biridir. Mağara ayısının dişlərini və çənələrini illər keçməyinə baxmayaraq, çox da çürüməyib və bu hadisə elm adamları arasında ajiotaj yaradıb. Bildirilir ki, bu tapıntı ilə bağlı daha ətraflı məlumatlar yaxın zamanda elm adamları tərəfindən açıqlanacaq. Rusiyanın nəsli kəsilmiş, “buz dövrü”nə aid edilən heyvan növləri üzrə aparıcı mütəxəssislərindən birinin dediyinə görə, yeni tapıntılar dünya səviyyəsində əhəmiyyətə malikdir.
Bu iş üzrə mütəxəssis alim Lena Grigorieva tapılan mağara ayısını “ilk və yeganə növ” olaraq xarakterizə edib. Çünki bu ayının hələ də yumşaq toxumaları mövcuddur. Bundan əlavə, ayının bütün daxili orqanları da yerindədir.
Ayının dəqiq neçə yaşında olduğunu söyləməyin tez olduğunu bildirən alimlər, ilkin araşdırmalarda onun 22- 39 min 500 yaş arasında olduğunu deyirlər.
Onu da qeyd edək ki, son illər Sibirdə donmuş torpaqların ərimiəsi ilə birlikdə alimlər bu kimi xeyli kəşflərə imza atıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=154437