İcra başçısı rayonda maklerlik edir – Niyazı Bayramovun milyonluq maxinasiyası

10.07.2015 - 00:16

Niyazi-Bayramov1Redaksiyamıza bu günlərdə daxil olmuş növbəti şikayət ərizəsində yenidən, bəzi regionlarımızda müşahidə olunan məmur özbaşınalıqlarından bəhs olunur. Vətəndaş Allahverdiyev Babək İsa oğlu öz ərizəsində Mingəçevir Şəhər İcra Hakimiyyəinin başçısı Niyazı Bayramovu qeyri-qanuni torpaq maxinasiyaları həyata keçirməkdə və bu xüsusda onların ailəsinə maddi və mənəvi ziyan vurmaqda ittiham edir.

Ərizədə deyilir: “Bu gün ölkə rəhbərliyinin Azərbaycanda sahibkarlığın inkişafı yönümündə apardığı məqsədyönlü siyasət, təəssüflər olsun ki, Mingəçevir şəhərində süni maneələrlə qarşılaşır. Belə ki, mərhum qardaşım Allahverdiyev Elman İsa oğlunun Mingəçevir şəhərində, Heydər Əliyev prospekti 36 saylı binanın qarşısında obyekti var idi. Lakin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovun bizim ailəyə qarşı nümayiş etdirdiyi ağlasığmaz maxinasiyalar və yol verdiyi haqsızlıqlar ucbatından, qardaşım əvvəlcə öz əmlakından məhrum oldu, bir müddət sonra isə, ona qarşı yol verilən haqsızlıqlara dözməyərək, özü də ürək çatışmazlığından dünyasını dəyişdi…”

Daha sonra Babək Allahverdiyev ərizədə bildirir ki, onların ailəlikcə başlarına gələnlər, əslində demə icra başçısının Elman Allahvediyevə məxsus obyektin ətrafında çevirmək istədiyi alqı-satqı maxinasiyası ilə bağlı olubmuş: “Bir gün, mən Tiflisdə olarkən, Niyazı Bayramovun müavini, cənab Əli Qəniyev mənə telefonla zəng vurdu. Bildirdi ki, cənab başçı səninlə görüşmək istəyir. Beləliklə, həmin günün axşamı mən Tiflisdən qayıtdım. Əli müəllim mənimlə yenə telefonla danışıb bildirdi ki, artıq gecdir, sabah görüşərik. Səhəri gün mən gəldim Əli müəllimin yanına. O, söhbət zamanı mənə dedi ki, başçı qardaşım Elmanın obyektini almaq istəyir. Mən də dedim ki, Əli müəllim, siz bilirsiniz ki, mən oranı 130000 (yüz otuz min) manata satmışam. 10000 (on min) manat da beh almışam. Obyekti alan şəxs də, gedib Sankt-Peterburqdan pulun qalan hissəsini gətirməyə…”

Lakin belə məlum olur ki, Niyazı Bayramovun obyekt barədə fikirləri qəti imiş. Buna görə də, artıq söhbətin davamını Babək Allahverdiyev bilavasitə başçı ilə aparmalı olduğunu bildirir. İlk olaraq Niyazı Bayramov da ona məhz obyekti ona satmağı təklif edir. Cavabında isə Babək Allahverdiyev başçıya da Əli müəllimə dediklərini təkrarlayır. Lakin, bu zaman söhbətə yenidən Əli müəllim qarışır və başçı ilə müavin birlikdə Babək Allahverdiyevi yola gətirə bilirlər. Bu barədə Babək müəllim ərizədə yazır: “Əli Qəniyev dedi ki, gələcəkdə sənin də başçıya nə işin düşsə, o da canla-başla həll edər. Beləliklə məni fikrimdən daşındırdılar. Beh aldığım adama zəng etdim, bildirdim ki, obyekti başçı almaq istəyir. Mən də onunla münasibətimi korlamaq istəmirəm. Odur ki, səndən aldığım beh evdədir, istədiyin vaxt, kimi göndərsən pulu götürə bilər. Lakin başçıyla sövdamız baş tutmasa, onda səninlə etdiyim söhbət öz qüvvəsində qalır. Səhərisi gün Əli müəllimin yanında mənə və mərhum qardaşım Elmana Niyazı Bayramov 40000(qırx min) manat pul verdi. Mən Niyazi müəllimdən soruşdum ki, pulun qalan hissəsini nə vaxt ala biləcəyi? O da bildirdi ki, 10 gündən sonra. Biz də razılaşdıq…”

Lakin artıq bu sövdələşmənin ertəsi günü Niyazı Bayramov əldə olunmuş ilkin razılığa müəyyən düzəlişlər verməyə başlayır.Bu barədə şikayətçi ərizədə yazır: “Ertəsi gün mən Niyazi müəllimlə təkra görüşəndə, o, mənə dedi ki, alacağın puldan şəhərin abadlığına 30000 manat, mənim başçılığıma da 30000 manat keç. Mən də onun qarşılığında qardaşına 60000 manatlıq torpaq yeri verəcəyəm. Hətta bildirdi ki, çıxarışını da alaram. Mən də razılaşdım və hətta bildirdim ki, heç çıxarışı almaq üçün onun əziyyət çəkməyi də lazım deyil. Sadəcə torpağı versin, vəssəlam.” Lakin bu söhbətdən uzun müddət keçsə də, Allahverdiyevlər nə əldə olunan razılaşmaya görə qalan 30000 manatı, nə də başçının vəd etdiyi torpaq sahəsini ala bilmirlər. Bir müddər sonra isə Əli Qəniyev də bu işdə vasitəçilik emək missiyasından birdəfəlik imtina edir. Lakin bu arada Babək Allahverdiyevə məlum olur ki, Niyazı Bayramov onların obyektini özü üçün almayıb. Sən demə, bu əməliyyatda başçı sadəcə “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov üçün maklerlik edirmiş. Buna görə də Babək Allahverdiyev artıq növbəti dəfə məhz Eldar Qəribovun qəbuluna gedir. Ərizədə bu barədə deyilir: “Onda mən məcbur olub, cənab Eldar Qəribovun qəbuluna getdim. O da məni ədəb-ərkənla qarşılayıb dinlədi. Başımıza gələnləri ona danışdım. Bildirdim ki, halallıq yaxşı şeydir. Eldar müəllim də öz növbəsində mənə bildirdi ki, halallıq olmayan yerdə, mən daşı-daş üstə qoymaram. Sonra məndən soruşdu ki, mən obyekti onlara neçəyə satmışam. Mən də dedim ki, 130 min manata. Həm də bildirdim ki, bu məbləğdən cəmi 40 min manat almışam. 60 min manatına torpaq sahəsi verməlidirlər və 30 min manat da pul verilməlidir.Belə olanda, Eldar müəllim bərk dilxor oldu. Sonra başçının ortağı Natıq Abbasovu çağırdı yanına və dedi ki, mən sizə yetərincə pul vermişəm, nə üçün siz bu yoldaşın pulunu kəsirsiz? Orada bildim ki, bizdən aldıqları yeri 11 dəfə baha qiymətə, yəni bir milyondan artıq qiymətə satıblar. Cənab Eldar Qəribovun göstərişindən sonra mən Bakıdan qayıdana kimi mərhum qardaşıma 30 min manat da pul verdilər…”

Lakin bundan sonra Niyazı Bayramov Allahverdiyevlərə qarşı münasibətini tamamilə dəyişir. Daha sonra şikayətçi öz ərizəsində yazır: “Bu yaxınlarda alim qardaşım Allahverdiyev Elşad İsa oğlu bu işlə bağlı Niyazı Bayramova müraciət etmişdir. Lakin o, qardaşıma cavabında yazdı ki, qardaşların dillərindən məktub veriblər ki, biz Niyazı Bayramovdan 40 min manat pul və Eldar müəlimin göstərişindən sonra daha 30 min manat pul almışıq və bu pulları aldığımıza görə gələcəkdə heç bir iddiamızın olmayacağını bildirmişik. Sən demə, bunların hamısı vəd olunan torpaq sahəsinmi bizə verməmək üçün əvvəlcədən planlaşdırılmış hiylə imiş. Bu gün isə bizim sənədləri cırdırandan sonra başçı bizə deyir ki, obyektisizdən almamışıq, əvvəlki sahibindən almışıq. Lakin notariusda bütün sənədlərin surətləri var. Həmçinin başçının özünün yazdığı məktubdan da məlum olur ki, obyekti mərhum qardaşımdan alıb. İndi bizim də tələbimiz budur ki, saxladığı 60 min manatın əvəzinə ya vəd etdiyi torpağı versin, ya da pulu qaytarsın. Mərhum qardaşım uzun sürən get-gəldən xəstəlik tapdı və ürək infaktı ilə dünyasını dəyişdi. Bizim himayəmizdə isə onun 3 az yaşlı övladı və xəstə yoldaşı qalmışdır. Cənab Eldar Qəribov onlardan aldığı torpağın pulunu verib. Onlar isə öz mövqeylərinə arxayın olub bizə olan borclarını vermək istəmirlər. İndi isə Niyazi Bayramov yeni metodlar seçib. Bəzi insanların əlindən torpaq sahəsini oyunbazlıqla, məhkəmə yolu ilə alıb öz müştərilərinə satırlar. Bəzilərini isə hədə-qorxu ilə əlindən alıb satırlar. Buna misal kimi Azər Qasımovun 0.87 sot torpaq sahəsini necə əlindən alıb satdıqlarını göstərmək olar. Həmçinin Əhmədov Fəxrəddinin Kür çayının qırağında yerləşən 1 ha yaxın yerini əlindən alıb, əvəzində isə 8 sot, Axmaz adlandırılan yerdən torpaq sahəsi veriblər. Niyazı Bayramov şəhəri sanki hərrac meydanına döndərib. Həta Əmlak Komitəsinə məxsus olan binalar da dolayı yollarla boşaldılıb satılır. Misal üçün, Heydər Əliyev prospekti 36 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən kitabxana, 20 yanvar küçəsindəki Vaqif adına uşaq kitabxanası, 9 nömrəli məktəbin həyətyanı sahəsinin yarısını çox baha qiymətə satıb…”Qeyd edək ki, Babək Allahverdiyevin təqdim etdiyi və müxtəlif maxinasiya obyektinə çevrildiyi iddia olunan obyekt və ərazilərin siyahısı kifayət qədər böyükdür. Bu barədə növbəti saylarımızda daha ətraflı açıqlamalar təqdim etmək niyyətindəyik. Bununla belə, irəli sürülən ittihamlara Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin də münasibətini öyrənmək bizim üçün olduqca maraqlı olardı. Mövzuya qayıdacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27911

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930