Getmə, qurban olum, getmə …

09.06.2018 - 21:20

Ağlım kəsəndən Elçibəyi ağlım kəsdiyi qədər tanımağa, öyrənməyə başlamışam. Bəlkə dəəzbərləməyə çalışmışam demək daha düzgün olar. Çünki Elçibəy taleyi, Elçibəy kimliyi ilahi kəlam kimidir, onu ya sadəcə olduğu kimi bütün varlığınla qəbul edirsən, ya da düşüncəndə hansısa suala zərrə qədər də yer olarsa, demək, Elçibəy sevgin tam deyil. Bəlkə də kimlərəsə görə bu, bütləşdirmə kimi görünə bilər, amma sevginin və inamın dilində “niyə?”, “necə?” sualı olmur, sadəcə sevirsən və inanırsan.
Onun haqqında əlimə keçən hər kitabdan, çıxışlarından, fərqli insanların xatirələrindən həyatının müxtəlif dövrlərdə baş verənləri, fikirlərini yadda saxlamağa çalışmışam. Amma qəribə də olsa, təxminən bir il əvvəl rastıma çıxan videoda BƏYə ünvanlanmış “getmə, qurban olum sənə, getmə” sözləri və bu sözlərin deyildiyi an mənim üçün Elçibəy taleyindəən təsirli, ən yaralı iz buraxan məqam kimi yadımda qalıb. Adətən “getmək” anlayışı Elçibəylə bağlı mövzularda işlənəndə hələ də müzakirə olunan və çoxları tərəfindən birmənalı qarşılanmayan 17 iyun gedişinə aid edilir. Amma bu “getmə” o getmək üçün deyilmirdi …

Videoda 1997-ci ilin 30 oktyabrında BƏY Bakıya dönərkən Kələki sakinləri ilə sağollaşmasını, ‒əslində halallaşmasını, vidalaşmasını, onlarla son görüşünü‒ camaatın BƏYi yola salmasını tarixə çevirən çox təsirli, nadir səhnələr var. BƏYin sağollaşdığı adamlardan biri, çarpayıda xəstə yatan yaşlı bir nənənin (bu xitab adını belə bilmədiyim o qadının insana doğma gəlməsindən qaynaqlanır) dilindən qopan “getmə, qurban olum sənə, getmə” yalvarışı bəlkə də BƏYi gələcəkdə onu gözləyən acılıqlardan qorumaq cəhdi idi. Ümidsizcəsinə, göz yaşları içində edilən cəhd. Əslində BƏYin bu yalvarışa cavab olaraq “hamı gedir, mən də gedirəm də Bakıya” deməsi adətən yaxın adamı baş verə biləcək hansısa hadisədən arxayınlaşdırmaq üçün deyilən yarızarafat cavab olsa da, ardınca “niyə, nə olacaq ki?!” sualı özünün də nələrinsəvə yaxşı olmayan nələrinsə baş verəcəyindənəvvəlcədən xəbərdar olmasına işarə idi.
Bu məqamın yaddaşımda iz buraxması səhnənin sentimallığı ilə yox, BƏY Bakıya dönəndən sonra baş verənlərin fonunda nənənin öz qorxusunda, BƏYi buraxmaq istəməməsində nə qədər haqlı olduğu ilə bağlıdır. Elə buna görə bəlkə də adını bilmədiyim və ola bilsin ki, indi BƏYlə eyni dünyanın havasını udan o nənə bu həyatda Elçibəyi ən çox istəyən, ona bir şey olmasından ən çox qorxan adam imiş. BƏY Bakıya gəldi, amma onun gəlişi özünün dediyin kimi hamının Bakıya getməsi ilə eyni ola bilməzdi və olmadı da.
Kaş ki,getməyəydin, BƏY … Bəlkə də bu sözümə görə məni qınayacaqsız. Amma əksəriyyətinin BƏYin Kələkiyə getməsi ilə bağlı “kaş ki, getməyəydi” fikrinəəks olaraq, mən BƏYin kaş ki, Kələkidən getməməsini arzulayardım. Bəlkə o nənə qədər içdən, uşaq və ahıl saflığı ilə bacarmasam da, bu, mənim keçmişlə bağlı arzumdur; bütün arzular gələcəyə bağlı olmaz ki. Və yalnız arzudur, əvvəldə dediyim kimi, BƏYin hansısa addımınınəksini doğru zənn etmək nə ağlın, nə də qəlbin ucundan belə keçməz. Kələki həm coğrafi, həm də mənəvi-ruhani baxımdan Bakıdan daha ucada olduğu üçün “kaş ki, getməməydin” istəyini Kələkidən Bakıya nəzərən demək daha doğru olar.
Kaş ki, getməyəydin, BƏY. Bakıda baş verənlərə daha yaxın olmağın səni həm də səndən gen gəzməyən xəyanətlərə, “avtomobil qəzası xərçəngdən daha təhlükəlidir” deməklə ruhən qalib gəldiyin xəstəliyə, özündən qat-qat çox istədiyin millətindən ayrılmağınayaxınlaşdırdı. Bakıdan uzaqda olsan belə, varlığın bir ideologiyaya bərabər idi. Uzaqda bir kənd bütövlüyün mərkəzi idi və ordan bütövlüyü yaşadan beyinlərə yollar gedirdi. Gəlməsəydin, kim bilir, çoxdan səninlə birgə “dönmədiyimiz, varmadığımız yol” ilə gedirdik. Kaş ki…
… 1999-cu il. Aprelin 16-ı. Saat üçə səkkiz dəqiqə işləmiş (Təəccüblənməyin, unudulası bir tarix deyil. Bu tarixdə və saatda yaşadığım bir neçə dəqiqəyə görə sonralar çox adam mənə qibtə hissi ilə “xoşbəxt adamsan” deyib). Xalq Cəbhəsi partiyasının Xəqani 33-də yerləşən qərargahı. BƏY dəhlizi bürüyən “Elçibəy! Elçibəy!” sədaları ilə qərargaha girib ətrafdakıları salamlaya-salamlaya otağına tərəf gedirdi. Qapıya çatanda dayandı, arxaya çevrildi və “Bu balaca bəy kimdir belə?” sualı iləgənclərin arasında az-qala görünməz olan on üç yaşlı uşağa yaxınlaşdı. Həmin vaxt onsuz da hara düşdüyünü tam dərk edə bilməyən bu sətirlərin müəllifinin sonrakı bir neçə dəqiqədə yaşadıqlarını ‒ömrün Elçibəyli anlarını təsvir etməyə ehtiyac yoxdur, ölkənin birinci şəxsi olmuş insanın əl boyda uşağa belə diqqət ayırmaq böyüklüyündə olduğunu qeyd eyməyim yetər.
Getməsəydin, bəlkə də səni görmək heç vaxt qismətimdə olmayacaqdı, BƏY. Amma olsun, sənin sağ olmağın yetərdi … Sən isə getdin, BƏY. Dilə gətirilən və ürəklərdə qalan “Getmə, qurban olum, getmə” yalvarışları səni saxlaya bilmədi.
Getdin … Amma hələ də ali məktəbə qəbul olunduqdan sonra səni ziyarət edib test üsulu üçün sənə “çox sağ ol” deyənlər var və olacaq da.
Getdin … “Hər şeyin bir zamana ehtiyacı var” deyib çox mətləbləri, sirləri də özünlə apardın. Zaman illər əvvəl “Elçibəy qaçıb getdi” kimi fikirləri “kaş ki, getməyəydi, qalaydı” etirafı ilə əvəzlədi. Gün gələcək hər şeyin ehtiyac duyduğu zaman o gedişin siyasi və milli böyüklüyünü də beyinlərə yeridəcək.
Amma sənin şeirdən bir parçanı yaşaya-yaşaya səsləndirməyini əcaib hesab edən külbeyinlər yenə də olacaq. Onları da qınamaq olmaz, beyinləri də boz rəngdədir, külün rəngi də bozdur. Onlar “Yəmən türküsü”nü zümzümə edə-edə gözlərində gilənənən damlanın ucalığını da heç vaxt görə biıməyəcəklər.
Ona baxanda başlarından papaqları düşəcək qədər uca olan damlanı…
Amma əvvəlcə başda da gərək papaq olsun …
Səni görmək üçün ürəyin gərəkdiyi kimi, BƏY …
… 80 il əvvəl bu dünyaya bu millətin taleyindən bir daha GETMƏmək üçün GƏLdin, BƏY, mübarək olsun!
BƏYinin doğum günü mübarək olsun, Azərbaycan!

Əliağa Şərəfxanlı

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120245

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930