İddiaları ilə imkanları tərs gələn dövlət – İRAN

15.04.2024 - 16:16

Aprelin 1-də İsrail təyyarələrinin İranın Dəşməşqdəki konsulluğunu bombalamasından sonra İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bunun qisasını alacağını bəyan etmişdi. Yeri gəlmişkən, İsrail vurulan binanın konsulluq olmadığını iddia edir.

Nəhayət, İranın gözlənilən səs-küylü hücumu baş verdi və o, tam uğursuzluqla sonuclandı. KİV-lərin məlumatına görə, bu hücum zamanı 185 PUA, 110 yer-yer tipli raket və 36 qanadlı raketdən istifadə olunub. Ancaq nəticədə İsrail heç bir ciddi zərər görməyib. PUA və raketlərin hamısı vurulub. İsrail hələlik cavab verməyib, ABŞ Prezidenti Co Bayden isə İsraili təkidlə İrana zərbə vurmamağa çağırıb.

Amma İran öz uğursuz həmlələrini gülünc qələbə şousuna çevirməyə cəhd göstərir. Belə ki, İran parlamenti “qələbəni” təmtəraqla qeyd edib. İran televiziyası isə hansısa meşə yanğınının arxiv kadrlarını İsraildə baş verən partlayışlar kimi nümayiş etdirib. Saxta ruh yüksəkliyi yaratmaq və daxili istehlaka hesablanmış bu cür dezinformasiya İranın nə dərəcədə qorxduğunun təzahür formasıdır.

Ümumiyyətlə, yaxşı olardı ki, cərəyan edən hadisələrin mahiyyətinə daha dərindən varmaq üçün İranın yaxın tarixinə qısaca ekskursiya edək.

İran İsrailə qarşı niyə düşmən mövqeyindədir? Bu suala mütləq cavab vermək lazımdır. Əvvəla, düşmən olmağı İsrail yox, İran seçib və bundan sonra İsrail də İrana qarşı müvafiq siyasət yürüdür.

İslam inqilabından öncəki dönəmlərdə İran şahı Məhəmməd Rza Pəhləvi İsrail ilə dost olmasa da, onunla neytral münasibətlər qurmuşdu və ərəblərdən fərqli olaraq onlara neft də satırdı. Şahın ideologiyası əsas etibarı ilə İranın vaxtilə böyük imperiya olmasının xatırladılmasına və monarxiya rəhbərliyi altında modernləşmək üzərində qurulmuşdu. Dini elitaya qarşı kəskin addımlar atılmasa da, Pəhləvi xanədanlığı ona öncül mövqe vermirdi. Ərəb dünyasının xatirinə İsrail ilə qarşıdurmaya getmək həmin dövrdə İran üçün heç bir məna kəsb edə bilməzdi.

Ancaq 1979-cu ildə İranda teokratik dövlət sistemi meydana gələndən sonra Tehranın xarici siyasəti mühüm və radikal dəyişikliyə uğradı. İran islam dövləti ideoloji-dini doktrinaya müvafiq surətdə formalaşdı və o vaxtdan indiyədək bütün siyasət məhz bu paradiqmaya uyğun yürüdülür.

İranın məqsədi nədir?

İran nə istəyir və onun gələcəklə bağlı məqsədi nədir? İran bütün müsəlmanların onun bayrağı altında birləşməsinimi istəyir?

Bu, tam absurd bir fikirdir. Ətrafda nə qədər sünnü məzhəbli ölkələr var, onlar nəyə görə İranı lider seçməlidirlər? İran 40 ildən artıqdır ki, Pakistan və Səudiyyə Ərəbistanı ilə münasibətlərindəki gəriginliyi nəinki yoluna qoya bilib, əksinə, hələ vəziyyət daha da kritikləşib. Ümumiyyətlə, hələ ayətullah Xomeyni zamanından başladılmış İslam inqilabının yayılması ideyası özünü doğrultmadı. Əslində, bu, heç mümkün də deyildi. Görəsən, İran hər hansı adi regional dövlət yox, öz üzərinə müqəddəs missiya götürmüş böyük məmələkət olmaq niyyətindədirmi? O, bunu indiki şərtlər daxilində və mövcud potensiallamı həyata keçirmək istəyir? Əgər belədirsə, bu, heç bir əndazəyə sığmayan böyüklük maniyasıdır.

 

 

İran Fələstin-İsrail münaqişəsini həll etmək istəyirmi? Tutaq ki, belədir. Bəs, o, bunu necə və hansı üsullarla edəcək? İsrailin bir dövlət kimi məhv edlməsiyləmi? İran İsraili necə və hansı imkanlarla məhv edə bilər ki? Bunun üçün ilk növbədə İsrailin qüdrətli müttəfiqi ABŞ-nin öhdəsindən gəlmək lazımdır. İran texnoloji cəhətdən Amerika və İsraildən qat-qat geridir. Bu cür geriliklə İsraillə müharibəyə girişmək İrana nə qazandıra bilər?

Sözsüz ki, İran hakimiyyəti islam aləminin rəğbətini qazanmaq üçün fələstinlilərə, Livandakı şiələrə, Yəməndəki husilərə dəstək olmağa başladı. İran İsraillə Fələstin arasında bitmək bilməyən münaqişədə ərəb dövlətlərindən daha radikal mövqe nümayiş etdirməklə, demək istəyir ki, ey müsəlmanlar, məzlum hala salınmış fələstinlilərin əsl dostu mənəm. İranın dini rəhbərliyi lap əzəldən İsraili düşmən elan etməklə ölkə daxilində insanları öz ətrafında sıx birləşdirmək məqsədi güdür. Hələ qədimdən də bəllidir ki, xarici düşmənin mövcudluğu əhalinin daxildən səfərbər olunması üçün ən gözəl və səmərəli üsullardan biridir. İranda da məhz bu fənddən neçə illərdir ki, məharətlə istifadə edirlər və onlar bu cür əlverişli təbliğat mövzusunu qətiyyən itirmək istəməzlər. Təbii ki, təkcə düşmən obrazı yetərli deyil. Bununla yanaşı, İranın güclü olması da əyani olaraq nümayiş etdirilməlidir.

İranın İsrailə qarşı istifadə etdyi proksilər...

Qasim Süleymani öldürldükdən sonra İran rəhbərləri bəyan etmişdilər ki, Amerikadan amansız qisas alacaqlar. Həmin vaxt İran qəflətən yaxalanmışdı, ABŞ-yə qarşı təhdidlərini reallaşdırmaq üçün bir şeylər etməliydilər. İraqdakı ABŞ bazasının ətrafına bir neçə raket tullamaqla məsələni qapatdılar. Donald Trampın dediyinə görə, hətta iranlılar onları öncədən xəbərdar ediblərmiş ki, bəs, biz məcburuq və sairə.

 

 

 

İran İsrailə və Qərb dünyasına sözlü meydan oxumaqla nə vaxta qədər manevr edə bilər? İranın İsrailə qarşı ən təsirli silahı “Hizbullah”dır. İran özü birbaşa müharibəyə qoşulmamaq üçün “Hizbullah”, ”HƏMAS” və husilərdən vəkalət gücü – proksi qüvvələr kimi istifadə edir. Nəticədə aparılan avantürist siyasət sayəsində fələstinlilər, yəmənlilər və Livan əhalisi zərbələrə və məhrumiyyətlərə məruz qalırlar…

İran İsrail ilə birbaşa toqquşmadan çəkinir

İran İsrailə qarşı öz ərazisindən yalnız raket və dron hücumları həyata keçirə bilər. Suriyada isə hələlik İranın o dərəcədə böyük quru gücü yoxdur. İran öz quru qüvvələrini İraqdan və Suriyadan keçirib İsrail istiqamətinə gətirə bilməz. Əgər bunu etməyə cəhd göstərərsə, İsrail təyyarələri onları yoldaca məhv edər. Həm də ki, həmin yollarda ABŞ hərbi kontingenti yerləşdirilib. ABŞ aviadaşıyıcılarının da rolunu unutmayaq, Amerika ən kritik halda İsraili müdafiə etmək üçün təkcə aviasiyası ilə müharibəyə qoşulsa, İranı çökdürər.

 

 

İran öz hərbi potensialına bələddir və bilir ki, İsrailin Hərbi Hava Qüvvələri radarlara yaxalanmayan ən müsair və çoxfunksiylaı “F-35” qırıcı təyyarələriylə təchiz olunub. Suriyada hava məkanını qoruya bilməyən İran ordusu eyni aqibəti öz ərazisində də yaşayacağını anlamamış deyil. Əgər genişmiqyaslı müharibə başlayarsa, cografi vəziyyətə uyğun olaraq tərəflər bir-birinə qarşı hava hücumlarına keçməlidirlər. Bu halda “F-35”-lər heç bir çətinlik çəkmədən İran ərazisindəki istər hərbi,istərsə də mühüm strateji mülki obyektləri məhv edəcək. İran ərazisinin böyüklüyü burada elə də önəm daşımayacaq, çünki hədəflər öncədən müəyyənləşəcək. İsrailin ixtiyarında 39 ədəd “F-35” təyyarəsi var və bu da bir həftə müddətində İrandakı təxminən 300-400 vacib hədəfin vurulması üçün kifayət edər. Əlbəttə, hər hansı müharibədə qələbəni quru qoşunları təmin etməlidir, lakin buradakı siyasi-iqtisadi və psixoloji parametrləri nəzərə alsaq, görərik ki, İrana vurulan avia zərbələrin dağıdıcılıq effekti İsrailin qələbəsi analmına gələcək.

Bundan sonra İranda daxili dinamik təlatüm yaşanacaq və 45 illik yenilməzlik illüziyası ortadan qalxacaq. Həm də ki, klerikal sistemin özülü olan şiə doktrinasının ictimai dayaqları sarsılacaq. İran rəhbərliyi həmişə çalışb ki, özlərini cəsarətli, yenilməz və hətta ABŞ kimi nəhəngi məhv edə biləcək qüdrətli obrazda təsvir etsinlər. Amma İran hakim elitası əsl həqiqətdə reallığı anlayır və düşməndən necə qisas aldığının imitasiyasını edir.

İran rəhbərliyi İsrail ilə toqquşmanın ağır nəticələrini anlayırmı?

 

Yəqin ki, İran öz potensialını hesablamağı bacarır və qüvvələr nisbətini düzgün dəyərləndirir. İranın iddiası ilə imkanları arasında uyğunsuzluq, daha doğrusu, tərs mütənasiblik var. İran İsrail ilə birbaşa və geniş miqyaslı müharibəyə girişərsə, ağır nəticələrə gətirib çıxaran məğlubiyyətlə üzləşəcək.

Qətiyyən elə fikir yaranmasın ki, İrandakı hakim komanda reallığı əsla dərk etməyən fanatik və radikal dindarlardan ibarətdir. Bu adamlar praqmatikdirlər və böyük səhvlər etməməyə, tələyə düşməməyə çalışrlar.

Deməli, İran görüntü yaratmağa məcburdur, başqa çıxış yolu yoxdur. İran elə davranır ki, guya o, müasir dünyamızın strateji xəttini müəyyənləşdirəcək əsas güclərdən biridir. Ancaq reallıq tam başqadır. Tehran rejimi yaxşı bilir ki, hələ Yaxın Şərq regionunda İrana qarşı ABŞ və ya İsrail heç bir ciddi həmlə etməyib. Daha doğrusu, İranı məhv etmək istəməyib. Görünür, hələ ki, bu, onların da maraqlarına uyğun deyil…

Vaqif Nəsibov

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031