İranın İsrailə hücumunun PƏRDƏARXASI MƏQAMLARI…

16.04.2024 - 11:33

Bugünlərdə, daha dəqiq desək, aprelin 13-də İran dronlarla İsrail ərazisinə çoxsaylı zərbə endirib. Bu barədə İranın BMT-dəki nümayəndəliyinin yaydığı məlumatda deyilir ki, BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilən hərbi əməliyyat sionist rejimin İranın Dəməşqdəki diplomatik binalarına hücumuna cavab idi. Məlumatda həmçinin, məsələnin yekunlaşdığı bildirilsə də, “İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha sərt olacaq”, – deyə əlavə olunub.

ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” nəşri isə rəsmi şəxslərə istinadla bildirib ki, İsrail bazar günü səhər tezdən İrana hücum etmək qərarına gəlib, lakin bu plan baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra ləğv edilib. Belə ki, Bayden İsrailə ehtiyatlı davranmağı və İranın hava hücumlarından uğurla müdafiə olunduqdan sonra Yaxın Şərqdə gərginliyin qarşısını almağı tövsiyə edib. ABŞ prezidenti eyni zamanda, İsrailin İrana cavab hücumunu dəstəkləməyəcəyini də bəyan edib. “Nyu York Tayms”ın iddiasına görə, Tehran genişmiqyaslı müharibə istəmir, amma İran və ya İsrailin artıq kölgədən çıxan münaqişəni qızışdırmağa qərar verib-verməyəcəyi bəlli deyil: “İran vəd etdiyi kimi İsrailə hücum etdikdən sonra daha geniş müharibədən qaçmaq istəyəcək, rəsmilər və analitiklər qeyd edirlər ki, iranlılar mülki əhali arasında itkilərin qarşısını almaq üçün yalnız hərbi obyektləri hədəfə alıblar və hücumlarını əvvəlcədən elan ediblər”. İran Beynəlxalq Böhran Qrupunun direktoru Əli Vaezi isə deyib ki, İran hökuməti Dəməşqə zərbənin strateji bir dönüş nöqtəsi olduğu qənaətinə gəlib: “İranın illərdir İsraillə apardığı kölgə müharibəsi indi ABŞ-ın da daxil ola biləcəyi çox real və zərərli münaqişəyə çevrilmək təhlükəsi yaradır”.

“İsrailə qarşı hücum daxili auditoriyaya hesablanmış addım idi və İran rejimi bununla “üzünün” qorunmasını təmin etdi”

Beləliklə, prosesləri təhlil etdikdə aydın şəkildə görünür ki, İranın İsrailə qarşı hücumu daxili auditoriyaya hesablanmış addım idi. Mövzuya məhz bu konteksdən yanaşan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə bildirib ki, İran bu hücumu həyata keçirməklə daxildə “üzünün” qorunmasını təmin etdi: “İranın İsrailə qarşı PUA və ballistik raketlərlə hücumu heç bir nəticə vermədi. Kiçik bir nəticə olaraq Livandan “Hizbullah” Qolan təpələrində İsrailin hərbi mövqelərini vurması oldu. Bununla da Tehran İsrailə hücumu dayandırdığını elan etdi. Hesab edirəm ki, İran bu hücumu həyata keçirməklə daxildə “üzünün” qorunmasını təmin etdi. İsrailə qarşı bu hücum Tehran üçün daxili bir mesaj idi. Ona görə də İsrail bu hücuma qarşı İrana əks-hücuma keçmədi. Təbii ki, Vaşinqton İsrailin cavab tədbirlərinə icazə vermədi. Çünki bu, regionda ABŞ-ın iştirakı ilə yeni müharibəyə gətirib çıxara bilərdi”.

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İranla müharibə Baydenin reytinqinə mənfi təsir edə bilərdi: “Çünki ABŞ vətəndaşları İranla müharibənin əleyhinədir. İraq və Əfqanıstan müharibəsindən çıxarılan nəticə ABŞ vətəndaşlarının Yaxın Şərqdə növbəti müharibə əleyhinə çıxmasına əsas səbəblərdən biridir. ABŞ hər iki müharibədə öz geosiyasi mövqelərini zəiflədib və Əfqanıstanda uzun illər müharibə apardığı Talibana hakimiyyəti verib çıxıb. Əslində, İran rejimi də müharibədə maraqlı deyil. Çünki Qərblə müharibə İran rejiminin zəifləməsinə və növbəti mərhələdə hakimiyyətinin sonuna gətirə bilər. Düşünürəm ki, Vaşinqton və Tehran arasında qapalı danışıqlar nəticəsində İsrail-İran hərbi qarşıdurması baş vermədi. Suriyada tərəflər arasında qapalı görüşlər geniş eskalasiyanın qarşısını aldı”.

“İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası Rusiya-Ukrayna müharibəsi arxa plana keçib”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib. Elxan Şahinoğlu da hesab edir ki, İranın İsrailə raket zərbələri endirməsi Tehranın imicini xilas etmək üçün idi: “Çünki günlər keçir, İsrailə cavab verilmirdi, bu da beynəlxalq aləmdə İranın zəifliyi görüntüsünü gücləndirirdi. İran İsrail ərazisinə yüzlərlə raker tuşlamasına baxmayaraq, İsrailə zərər böyük deyil, raketlərin əksəriyyəti havada neytrallaşdırılıb. Əgər İsrail raket zərbələrinə cavab verməsə, Tehran işini bitmiş hesab edəcək. Ancaq İsrail cəmi bir raketlə İranın konsulluq binasını dağıtmış, İran İslam Keşikçilərinin generallarını öldürmüşdü. İranın raket zərbələri nəticəsində isə İsraildə ölən yoxdur. Yəni, İranın cavabı adekvat olmadı, gücü bu qədərdir. Bu bir növ Amerikanın iranlı general Qasım Süleymanini öldürməsinə bənzəyir. İran intiqam vədi vermiş, ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket tuşlamışdı. Bununla da məsələ bitmişdi. Hadisələrin iki istiqamətdən biri üzrə inkişafı mümkündür və bu istiqamətləri İsrailin baş naziri Benyamin Netanyahu müəyyənləşdirəcək. Tehran məsələnin bitməsini istəyir, ancaq bunu Tel-Əviv istəyirmi, bəlli deyil. Birinci variant odur ki, Benyamin Netanyahu da Tehran kimi məsələni bitmiş hesab edəcək və İranla müharibəyə girişməyəcək. ABŞ prezidenti Cozef Baydenin də istəyi budur. İkinci variant isə odur ki, Netanyahu İranı yenə hansısa formada vurmağa çalışacaq. Bu isə genişmiqyaslı müharibənin başlamasına və Avrasiya bölgəsinin müharibəyə cəlb edilməsi demək olacaq. Tel-Əvivin Qəzza problemini həll etmədən İranla müharibəyə başlaması İsrailin maraqlarına cavab vermir. İki cəbhədə savaşmaq çətin olacaq. Məntiqlə Tel-Əviv İran məsələsini sonraya saxlamalıdır”.

“İsrailə ciddi nəticəsi olmayan raket zərbələri İranın əməlinin dilindən zəif olduğunu göstərdi”

Politoloqun fikrincə, İran-İsrail gərginliyini diqqətlə izləyən iki tərəf də var: “Bunun biri Rusiya, digəri İrandan maliyyələşən və silahlanan Hizbullah, Həmas, husilər kimi qruplardır. İran-İsrail gərginliyi Kremlin işinə yarayır. Birincisi, Qərbin diqqəti istər-istəməz Rusiya-Ukrayna müharibəsindən yayınır. İkincisi, Rusiya İranla strateji tərəfdaş olsa da, Tehranın Suriyada möhkəmlənərək Bəşər Əsəd rejimi üzərindən nəzarət etməsini istəmir. Çünki bu halda Əsəd rejiminin Moskvadan asılılığı azalır. İranın vəd etdiyinin əksinə olaraq İsrailə ciddi nəticəsi olmayan raket zərbələri Hizbullah, Həmas və husilərə rəhbərlik edənləri də düşündürəcək. Onlar da İranın əməlinin dilindən zəif olduğunu gördülər”.

“Müharibə alovlanarsa, Vaşinqton İsrail başda olmaqla bölgədəki digər müttəfiqlərinə hərbi dəstək vermək məcburiyyətində qalacaq ki, bu da prezident seçkisinə hazırlaşan Bayden üçün xoşagəlməz ssenaridir”

Tehranın telefon diplomatiyasına başladığını vurğulayan Elxan Şahinoğlunun sözlərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian müxtəlif dövlətlərdəki həmkarlarına zəng edərək “bizdən bu qədər” deyərək İsrailə növbəti hücum planlaşdırmadıqlarını bildirib: “Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinken də okeanın o tayından zənglər edərək digər həmkarlarıyla Yaxın Şərqdəki son vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasını müzakirə edirlər. İran və ABŞ düşmən olsalar da, bu iki ölkənin hazırda ortaq istəyi var: İsrail İrana zərbə endirməsin. İran bunu ona görə istəmir ki, bu müharibədə qalib çıxacağına əmin deyil. ABŞ isə İsrailin İrana zərbə endirməsini ona görə istəmir ki, müharibənin alovu ətrafa yayılacaq və Vaşinqton başda İsrail olmaqla bölgədəki digər müttəfiqlərinə hərbi dəstək vermək məcburiyyətində qalacaq ki, prezident seçkisinə hazırlaşan Ağ Ev sahibi Cozef Bayden üçün bu xoşagəlməz ssenaridir. Bu səbəbdən Vaşinqtonun İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqi artıb. Ancaq mühafizəkar siyasətçi olan Netanyahunu durdurmaq asan olmayacaq. Əks halda Netanyahu İranın Suriyadakı konsulluğuna hücum əmri verməzdi. Deməli, Netanyahu bundan sonrasını da planlaşdırıb”.

“Tamaşa dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə qeyd edib ki, hamı öz rolunu gözəl oynadı, hər bir siyasi aktyor, yəni İran, İsrail və ABŞ karlı çıxdı: “Bu yaxşıdır, əsas odur ki, böyük müharibə olmasın. Belə ki, İran qabağından yemədi, cavab verdi, imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə “zərbə” endirəcəyini elan etməklə bu addımı atdı. Bölgədəki “proksiləri” də, işin içində olduğunu, onların sözünə baxdığını göstərdi və elan etdi ki, bununla da onlar daha heç bir addım atmayacaqlar. İsrail isə Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı, daxildə dəstəyi azalan indiki hökumət, atılan 99% PUA və raketləri “məhv” edərək daxildə nüfuzunu “təmir” etdi”.

ABŞ-a gəlincə, REAL-ən icra katibi bildirib ki, Vaşinqton İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi: “Hətta tamaşanın zamanı da razılaşdırılmışdı. Şənbədən bazara keçən gecə, yəni, dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın. Bir daha deyim ki, bunun tamaşa olması yaxşıdır, deməli hələ dünyada diplomatiya ölməyib”.

“Bu, açıq-aşkar öncədən razılaşdırılmış bir əməliyyatın yola verilməsinə bənzəyən davranış kimi görünürdü”

Siyasi şərhçi Fuad Qəhrəmanlı isə bu qənaətdədir ki, İranın uzaqmənzilli raketlərdən istifadə etməməsinin səbəbi hücumun miqyasını mümkün qədər kiçik göstərməyə və bununla da cavab zərbəsi olmamasına çalışmaqdır: “İran rəhbərliyi yaxşı bilir ki, bu dronların hamısı hədəfə çatmamış vurulacaq, onlardan heç biri “dəmir qalxanı” keçmək imkanında deyil. Yəqin ki, dini lider Xamenei çıxıb deyəcək ki, biz İsraili cəzalandırdıq, gücümüzu sionistlərə göstərdik. Ya bu buraxdıqları dronlar İsraildə hara dəydi, nə zərər verdi məsələsinin üstündən sükutla keçəcəklər, ya da öncədən bu məqsədlə çəkilmiş animasiya filmini nümayişi etdirib İsrailin necə alovlar içində yandığını İran cəmiyyətinə nümayiş etdirib Qasım Süleymani olayında olduğu kimi cəmiyyəti manipulyasiya edəcəklər”.

Hücumun nəticəsinə gəlincə, Fuad Qəhrəmanlı qeyd edib ki, İran üçün bu əməliyyat İsrailə zərər vurmaq, gerçək qisas almaq üçün deyil, daha çox ondan gözlənilən cavabı verdiyini göstərib özünün dövlət prestijini qurtarmaq üçün lazım idi: “İranın İsrailə qarşı həyata keçirdiyi hava hücumu əvvəlcədən təxmin etdiyimiz kimi uğursuzluqla nəticələndi. Bu hücum əsasən “”Şahed 136” dronları və bir neçə uzaqmənzilli raket vasitəsilə ilə həyata keçrildi. Paralel olaraq eyni vaxtda Livanın cənubundan Hizbullah da yüzlərlə raketlə İran hücumuna dəstək verdi. Ancaq İran dronlarının böyük əksəriyyəti İsrailə çatmamış İordaniya səmasında zərərsizləşdirildi. Hizbullahın atdığı raketlərin də demək olar ki, hamısı “dəmir qalxan” tərəfindən məhv edildi. Yalnız bir ballistik “Xeybər” raketinin İsrail ərazisinə düşdüyü bildirilir. İran dronları hələ İsrailə çatmamış bu ölkənin BMT- dəki nümayəndəsi bəyanat verərək İranın əməliyyatı dərhal dayandırdığını bəyan etdi. Buradan da göründü ki, İran üçün bu əməliyyat İsrailə zərər vurmaq, gerçək qisas almaq üçün deyil, daha çox ondan gözlənilən cavabı verdiyini göstərib özünün dövlət prestijini qurtarmaq üçün lazım idi. Yoxsa, etdiyin hücumun nəticəsini bilmədən necə hərbi əməliyyatı bitmiş saymaq olar? Bu İran təcrübəsində ilk dəfə deyil. Xatırladaq ki, Tramp da bir müsahibəsində demişdi ki, İran ondan xahiş etmişdi ki, ABŞ o zaman İraqdakı bir bazasını boşaltsın və Tehran onun həndəvərinə bir-iki raket atıb Qasım Süleymaninin qisasını aldığı ilə bağlı bir görüntü yaratsın. İsrailin reaksiyasından da göründü ki, bu dəfə də bənzər ssenari olması ehtimalı çox yüksək idi. Onsuz da məlumatlar var idi ki, ABŞ öncədən hər iki tərəfə kontrollu davranmaq, müharibəyə yol açacaq irimiqyaslı əməliyyatlara əl atmamaq barədə sərt xəbərdarlıq edib. Diqqət edin, İranın hücum başladığını duyurmasından sonra İsrail savaş kabinəsi dərhal toplandı və bundan sonra kabinet üzləri oturub saatlar içində yol gələn İran dronlarını gözləməklə məşğul idilər. Halbuki, İsrailin savaş strategiyası düşmənə qabaqlayıcı, önləyici zərbə doktrininə əsaslanır. Təsəvvür edin, Netanyahu kimi qırğı, heç bir qayda tanımayan və İranı hədəfə gətirmək üçün bəhanə gəzən bir adam nəinki qabaqlayıcı hücum təşəbbüsü ilə çıxış etmir, Tehrana preventiv zərbələr endirmir, oturub gözləyir ki, dronlar nə zaman gəlib İsrailə yetişəcək. Bu, açıq-aşkar öncədən razılaşdırılmış bir əməliyyatın yola verilməsinə bənzəyən davranış kimi görünürdü”.

“Məzlumların qanı üzərindən öz dövlət prestijini qorumağa çalışan və razılaşdırılmış döyüş səhnələşdirən İran bundan sonra durub hələ bir islam təəssübkeşliyindən danısacaq, avam kütlələri manipulyasiya edəcək”

Siyasi şərhçi bildirib ki, İsrail “müharibə kabineti” cavab zərbəsi ilə bağlı Netanyahuhuya qərar qəbul etmək səlahiyyəti verərək, BMT Təhlükəsizlik Şurasının İranı qınamaq üçün toplantısını cagırmaq təşəbbüsü ilə çıxış edib: “Bu isə prosesin bundan sonra daha çox diplomatik çərçivədə davam edəcəyini göstərir. Əgər İsrail daxilndə ictimai rəy basqısı olarsa İsrailin də məhdud sayda raketlə İran ərazisinə zərbə endirməsi ehtimalı istisna edilmir. Ancaq zaman keçdikcə bu ehtimal da azalır. Digər bir nüans da budur ki, İranın niyyəti əgər İsrailə zərbə vurmaq, qisas almaq idisə, o zaman dronlar İsrailə çatmamış niyə Tehranda tələm-tələsik əməliyyatın bitdiyi barədə bəyanat verildi? Buraxılan raket və dronların zərər vurduğunu bilmədən əməliyyatı bitirmək, ortada hər hansı qisas məqsədinin olmadığını, daha çox təbliğat üçün görüntü yaratmaq olduğu təəssüratı yaratmırmı? Ehtimal ki, bu dəfə də regionda yeni bir müharibə çıxmasında maraqlı olmayan ABŞ son günlər İsrailə sərtləşən münasibətini yumşaltmaq qarşılığında Netanyahunu İranın heç bir zərər vurmayacaq hücumunu sakit qarşılamağa razı sala bilib. İsrailin bu məsələdə itirəcəyi bir şey yoxdur, əksinə, Fələstində törətdiklərindən sonra İran hücum təhlükəsi görüntüsü fonunda bu münasibətin dəyişməsi gerçəkdən də Təl-Əviv üçün bu oyundan uduşla çıxmaq deməkdir. Bu təkcə ABŞ-la bağlı deyil, çox güman ki, İsrail İran hücumu qarşısında bu cür reaksiyasız görünməklə, bütövlükdə Qərb ictimai rəyində öz əleyhinə olan münasibəti də xeyli dərəcədə öz xeyrinə dəyişə biləcəyinə ümid edir. İran isə öz maraqlarına görə İsrailə bu uduşu qazandırmaqla ona Fələstin məsələsində yeni bir kartblanş vermiş oldu. Məzlumların qanı üzərindən öz dövlət prestijini qorumağa çalışan və razılaşdırılmış döyüş səhnələşdirən İran bundan sonra durub hələ bir islam təəssübkeşliyindən danısacaq, avam kütlələri manipulyasiya edəcək”.(hurriyyet.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200070

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031