“Basta” saytı və Müsavat Partiyasının feysbuk səhifəsinə haker hücumu olub

31.01.2020 - 17:06

“Basta” saytı və Müsavat Partiyasının feysbuk səhifəsinə haker hücumu olub.

Bu haqda “Basta” saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli məlumat verib.

“Bu gün “Basta” saytının feysbuk səhifəsi ələ keçirilib. Səhifəyə qoyulan yazılar və abunəçiləri siliblər. “Basta” səhifəsinin 108 min abunəçisindən artıq cəmi 77 min abunəçi qalıb. Həmçinin son 6 ayda bu səhifədə etdiyimiz paylaşımlar silinib. Silinmə davam edir. Adminlərimiz problemi aradan qaldırmağa çalışırlar” – deyə, Mustafa Hacıbəyli bildirib.

Müsavat yetkilisi hesab edir ki bu hücum seçkilərlə bağlıdır.

“Biz seçki prosesini çox fəal işıqlandırırıq. Pozuntular barədə məlumatlar yayırıq. Təkcə dünən saytımızda həm Bakıda, həm Astarada, həm də Bərdədə baş verən kobud pozuntular barədə faktlar dərc etmişik. “Basta” saytı ilə eyni saatlarda həm Müsavat Partiyasının həm də Müsavat Gənclər Təşkilatının feysbuk səhifələrinə hücumun olması məsələnin seçkilərlə bağlı olduğuna şübhə yeri qoymur. Müsavat bu seçkidə ən çox namizədlə iştirak edən müxalifət partiyasıdır. Əslində bu hücum, gözlənilən idi” – deyə, M.Hacıbəyli qeyd edib.

Baş redaktor əlavə edib ki, feysbuk səhifələri ələ keçirilsə də, Basta saytı fəaliyyətini davam etdirir: “Oxucular bizim harada yazdığımızı bilirlər. Səhifələri bərpa etməyə çalışacayıq. İstənilən halda bizi susdurmaq mümkün deyil. Sözümüzü demək üçün məkan tapacayıq”.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 21-də Mustafa Hacıbəylini dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib.

2 ili sınaq müddəti olan şərti həbs cəzası Gəncə işi ilə bağlıdır.

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Açıqlamada “Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142113

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930