Əli Babayev: GUAM təşkilata üzv olan ölkələrə iqtisadi və siyasi mənfəət gətirməyib

01.12.2016 - 15:45

ebGürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevlə müsahibə

– Əli müəllim, Gürcüstanda keçirilmiş son parlament seçkilərini necə dəyərləndirərdiniz və ölkə üçün vacib olan bu siyasi prosesdə yerli azərbaycanlılar nə qədər fəal oldular?

– Parlament seçkiləri olduqca azad ve demokratik keçirildi. Seçki prosesini müşahidə edən bütün xarici və beynəlxalq müşahidəçilər də bu nəticəyə gəldilər. Bəzi seçki məntəqələrində ikinci mərhələ keçirildi və bu da onu sübut edir ki, seçkidə heç bir saxtakarlığa yol verilmədi. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası əsassız olaraq saxtakarlıqların olduğunu bəyan edirdi. Hesab edirəm ki, Gürcüstanda Mixail Saakaşvilinin dövrü başa çatıb. Gürcüstan ictimaiyyətində eks-prezidentin tərəfdarları getdikcə azalır. Bunu son parlament seçkilərinin nəticələri də sübut edir.  Mixail Saakaşvilinin partiyasında seçkilərdən sonra ciddi fikir ayrılıqları yaranıb və mən istisna etmirəm ki,  “Vahid Milli Hərəkat” partiyasının parçalanması artıq qaçılmazdır.

Seçki qabağı dövrdə bizdə məlumatlar vardi ki, “Vahid Milli Hərəkat” partiyası Marneulidə təxribatlar hazırlayıb. Lakin buna baxmayaraq, Marneulidə bu partiya ciddi olaraq məğlub oldu. Əgər 2012-ci ildə keçirilmiş parlament seçkilərində Rustavi şəhərini çıxmaqla bütün Kvemo-Kartli regionunda Saakaşvilinin partiyası  qələbə qazançışdısa, 2016-cı ildə isə partiya bu regionda məğlub oldu. Gürcüstan azərbaycanlıları bu seçkilərdə çox fəal oldular və mən deyərdim ki, artıq azərbaycanlılar ağı qaradan seçə bilirlər.

Hakim “Gürcü arzusu”nun çöxluq təşkil etdiyi yeni parlamentdən gözləntilərimiz çoxdur. Yeni parlamentin üzvləri əsasən gənclərdən ibarətdir. Mən inanıram ki, yeni parlament effektiv işləyəcək son illərdə əsasən də əhalinin sosial rifahına yönəlmiş yeni qanunlar qəbul etməkdə davam edəcək.

– Yeni seçilmiş azərbaycanlı deputatlar barədə fikrinizi öyrənmək istərdik.

– Azərbaycan icmasının sayını nəzərə alaraq parlamentdə ən azı 8-9 azərbaycanlı deputat təmsil olunmalıdı. Son parament seçkilərinin nəticəsi olaraq 4 azərbaycanlı deputat mandatı qazandı. Düzünü desəm, yeni deputatlara böyük ümidlər bağlaya bilmirəm. Çünki deputatlarımız Gürcüstanın dövlət dilini lazımı səviyyədə bilmirlər. Gürcüstan qanunvericiliyinə görə, dövlət dilini bilməyən şəxs deputat ola bilməz. Deputatlarımız parlamentdə Azərbaycan icmasının problemlərini parlamentdə qaldıra bilmirlər. Çünki təəssüflər olsun ki, gürcü dilini bilmirlər. Məsələn, “Gürcü arzusu”ndan Mahir Dərziyevin ikinci dəfə deputat seçilməsi bizim üçün olduqca gözlənilməz oldu. Ümid edirəm ki, növbəti dörd ildə o nəhayət gürcü dilini öyrənməyə başlayacaq. “Gürcü arzusu”ndan seçilmiş digər deputat Savalan Mirzəyev də uzun müddət indi müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının tərəfdarı olub və indi mövqeyini dəyişib. Bizim, deputat Ruslan Hacıyevə böyük ümidlərimiz var. O, söz verib ki, gürcü dilini tələb olunan səviyyədə öyrənəcək. Digər azərbaycanlı deputatlarla müqayisədə o layiqli deputat ola biləcək və azərbaycanlıların səsini parlamentə çatdıracaq.

– Gürcüstanın yeni hökuməti formlaşır. Necə hesab edirsiniz bundan sonra Gürcüstanın Rusiya da daxil olmaqla qonşu ölkələrlə münasibətləri necə inkişaf edəcək?

– Gürcüstan hökumətində dəyişikliklərə baxmayaraq, Gürcüstan əlbəttə ki, Azərbaycan və Gürcüstanla dostluq və strateji əməkdaşlığını davam etdirəcək. Bildiyiniz kimi, Gürcüstan, Azərbaycan və Türkiyə regionda qarşılıqlı faydalı irimiqyasli energetik və nəqliyyat layihələri həyata keçirilər. Məlum olduğu kimi, Azərbaycan və Türkiyə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdir.

Gürcüstanın Rusiya ilə münasibətlərinə gəldikdə isə deyə bilərəm ki, bu münasibətlərin normallaşması Gürcüstana ilk növbədə iqtisadi cəhətdən çox əlverişli ola bilər. Lakin ərazi bütövlüyü problemi bu münasibətlərin tam norlamallaşmasına ciddi maneə yaradır. Lakin buna baxmayaraq, son illərdə iki ölkə arasında humanitar və iqtisadi sahələrdə yaxınlaşma hiss olunur. Rusiya qonşu və böyük ölkədir və bu münasibətlər sözsüz olmalıdır. Məsələn, bu ilin yayında Rusiyadan Gürcüstana gəlmiş turistlərin sayı rekord həddə çatdı. Rusiyanın bir sıra şirkətləri Gürcüstan bazarı ilə ciddi maraqlanmağa başlayıblar. İqtisadi münasibətlər çox vacibdir, belə ki, Rusiya bazarı gürcü məhsulları üçün həmişə əsas ixrac bazarı olub. Bu bazarı itirmək olmaz.

Bilirsiz ki, Rusiya Gürcüstanla viza rejimini sadələşdirib və Rusiyada yaşayan miqrantlar arasında Gürcüstan vətəndaşları çoxluq təşkil edir. Hesab edirəm ki, Gürcüstan da bu istiqamətdə müəyyən addımlar atmalıdır. Son statistikaya görə Gürcüstana daxil olan pül köçürmələrinin böyük hissəsi Rusiyanın payına düşür. Buna görə də hesab edirəm ki, Rusiya ilə münasibətlər inkişaf etdirilməlidir. Bir sıra beynəlxalq təşkilatlar dəfələrlə Gürcüstanı qonşu Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb.

– Necə hesab edirsiniz gələcək perspektivdə Avrasiya İtifaqı Gürcüstan üçün cəlbedici ola bilərmi?

– Avrasiya İttifaqı üzv ölkələr arasında iqtisadi münasibətlərin sadələşdirilməsi üçün yaradılıb və həmin ölkələrə gömrük güzəştləri təklif edir. Bəzi politoloq və siyasətçilər yanlış olaraq beleə bir fikir yayıblar ki, guya Avrasiya İttifaqı Sovetlər birliyinin bərpasıdır. Bu ittifaqda ölkələr ilk növbədə iqtisadi mənfəətlər əldə edirlər və hər bir üzv ölkə üçün əsas məqsəd budur. Buna görə də hesab edirəm ki, perspektivdə Gürcüstanın Avrasiya İttifaqına daxil olması iqtisadi mənfəət baxımından aktual ola bilər, belə ki, Avrasiya İttifaqının bazarı cəlbedicidir.

– Gürcüstan GUAM təşkilatının üzvüdür. Sizcə ölkənin bu təşkilata üzvlüyü ona hər hansı bir mənfəət gətiribmi?

GUAM ilkin olaraq dörd dövlət arasında inteqrasiya prosesi kimi yaradılmışdır. Lakin həyat göstərdi ki, bu təşkilatda iqtisadiyyatdan daha çox siyasətə yer ayrılıb. Təşkilat bu ölkələrin xalqlarının daha yaxşı yaşaması üçün deyil, MDB ölkələri arasında yaradılmış iqtisadi strukturlara alternativ yaratmaq məqsədilə yaradılıb. Buna görə də hesab edirik ki, GUAM-a üzv ölkələrin rəhbərlərinin öz xalqlarının maraqları çərçivəsində hərəkət etmələrinin vaxtı yetişib. Xalqın maraqları isə ondan ibarətdir ki, heç bir iqtisadi və siyasi mənfəət gətirməyən təşkilatdan çıxmaq lazımdır. Bu təşkilat xalqın ümidlərini doğrultmadı. Buna görə də onun inkişafı və möhkəmlənməsinə böyük ümidlər bəsləmək olmaz. Belə ki, GUAM-a üzv ölkələrdə dönməz proseslər baş verir. Buna misal olaraq Moldovada İqor Dodonun prezident seçilməsini göstərmək olar. Hesab edirəm ki, ölkə rəhbərliyi hər hansı iqtisadi birliyə siyasi məqsədlərlə deyil, xalq üçün iqtisadi mənfəətlər məqsədilə daxil olmalıdır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83519

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930