Arif Hacılının Ərdoğana ilginc çağırışına reaksiyalar

11.07.2017 - 11:31

İqbal Ağazadə: “Bu tipli çağırışların real addımlar baxımından heç bir effekti yoxdur”; Sərdar Cəlaloğlu: “İşğal olunmuş torpaqları Türkiyə ordusunun azad etməsi fikri uğursuz yanaşmadır”; Əli Əliyev: “Arif bəyin təklifini piar aksiya sayıram”

Müsavat Partiyasının başqanı Arif Hacılının facebookda yazdığı “Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyənin problemidir. Sayın cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT-i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya Təşkilatı (”Amnesty International”ın nəzərdə tutur-red.) nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə ordusuna əmr vermir? Nədən və kimdən çəkinir?” fikirləri iki gündür sosial şəbəkədə və bir sıra media orqanlarında müzakirə mövzusuna çevrilib.

Bəziləri təcrübəli siyasətçinin belə bir fikir yazmasının təəccüb, heyrət yaratdığını, bəziləri onun haqlı olduğunu qeyd edir.
Bəs Arif Hacılının müxalifət düşərgəsindəki həmkarları-partiya sədrləri bu məsələdə hansı mövqedədirlər.

Onlar da Ərdoğandan Qarabağ azad etmək üçün Türkiyə ordusuna əmr verməyi gözləyirmi?

AXP sədri Pənah Hüseyn bildirdi ki, hər bir şəxsin, siyasətçinin öz fikrini bildirmək, təklif və çağırış etmək hüququ var:“Mən bu məsələdə heç bir fikir bildirmək, şərh vermək istəmirəm. Arif bəyin də fikrinə hörmətlə yanaşıram. Ancaq belə bir mövqeni bölüşüb-bölüşməməklə bağlı şərhim yoxdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində bu gün dinamik dövr və savaş dönəmi deyil. Beynəlxalq təşkilatlar da israrla tələb edirlər ki, atəşkəs davam etməlidir:“Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə yaşamır. Bu məsələlərdə Azərbaycanın təkbaşına, heç kimi saya saymadan ata biləcəyi addım yoxdur. Ona görə də hesab edirəm ki, bu tipli çağırışların siyasi cəhətdən effekti ola bilər, amma real hüquqi baxımdan, atıla biləcək real addımlar baxımından bunun heç bir effekti yoxdur. İkincisi, kənardan kiminsə bizim torpaqlarımızı azad etməsi o zaman mümkündür ki, biz müharibə edək, aktiv müharibə dönəmində olaq və kimsə də bizə üçüncü tərəf kimi yardım etsin. Biz özümüz atəşkəs müqaviləsi imzalamışıq və atəşkəsə sadiq olduğumuzu bəyan ediriksə, başqasını necə çağıra bilərik ki, gəl bizim torpaqları azad elə?!”

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarını Türkiyə ordusunun azad etməsi fikri uğursuz yanaşmadır: “Əvvəla, Türkiyə Azərbaycan dövlətinin rəsmi razılığı olmadan birtərəfli qaydada əmrlə Azərbaycan ərazilərini azad etmək üçün hərbi əməliyyata qoşula bilməz. Türkiyənin belə addım atması mümkün deyil. Azərbaycan dövləti istəmədiyi halda Türkiyə hakimiyyəti birtərəfli qaydada qərar verə bilməz. Türkiyənin Suriya və İraqa ordu yeritməsi ilə bu məsələni eyniləşdirmək olmaz.

Ərdoğanın Türkiyənin problemlərini həll edərkən beynəlxalq birliyin bir çox hallarda mövqeyinə məhəl qoymaması tamamilə düzgün yanaşmadır. Çünki Rokfellər də etiraf elədi ki, onların planı Türkiyəni 6 yerə bölməkdir. Ərdoğan gözləməməlidir ki, gəlib Türkiyəni 6 yerə bölsünlər. Ərdoğan Türkiyəni qorumaq üçün addımlar atmalıdır. Əgər bu addımlar bu gün güclülər üçün işləməyən, yalnız zəiflər üçün işləyən beynəlxalq hüquqa zidd olursa, yenə də Ərdoğan düz edir. Guya ABŞ, Almaniya, Rusiya beynəlxalq hüquqa hörmət edir?! Bu gün Türkiyənin davranışına başqa don geyindirib ironiyalı yanaşma düzgün deyil”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, torpaqlarımızın azad edilməsinə Türkiyənin cəlbini düzgün saymır: “Belə gedişat hər iki ölkənin ziyanına, dünyanın bizə qarşı gəlməsinə səbəb olar. Vətənimizin işğaldakı ərazisi əsgərimizin qeyrəti və şücaəti ilə azad edilməlidir. Onsuz da Türkiyə bütün vasitələrlə dəstəyini nümayiş etdirir. Əminəm ki, hay-küy yaratmadan çox işə nail olmaq mümkündür. Hörmətli Arif bəyin təklifini isə piar aksiya sayıram”.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96266

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930