Müxalifətin metodları dəyişməlidirmi?

26.08.2014 - 09:55

Eyni hədəfə qarşı mübarizə hədsiz uzun çəkdi deyə, müxalifətlə bağlı
iddiaları da çox tez-tez eşidirik. Zamanında bu iddiaların bir çoxunu
təhlil etmişik. Bu günlərdə tez-tez eşidildiyi üçün onlardan birinin
üzərində dayanaq. Həmin iddialardan biri də budur ki, “müxalifət
metodlarını dəyişməlidir”. 

Yəni iddia budur ki, müxalifət mübarizə metodlarını dəyişməlidir.
Prinsipcə, bu sözü deyən adam mövcud hakimiyyətin dəyişməsini istəyən
adam olmalıdır. Amma əksər hallarda bu sözün altından da “təki
müxalifətə qarşı bir söz olsun” deyə çalışanlar peyda olur, amma bu sözü
səmimi deyənlər də var.

Bəs müxalifət hansı metodlardan imtina etməli, hansılara üstünlük
verməlidir? Şəxsən mən hər dəfə bunu sormaq istəyirəm. Bu metodlardan
birini nə üçün söyləyən yoxdur?!

Təbii ki, bizim müxalif qurumların obyektiv və subyektiv olan
zəifliklərini təhlil etmək olar, təhlil edilir də, edilməlidir də.
Tənqidlər də həmçinin. Daha çox çalışılmalıdır, daha konkret və daha
ardıcıl addımlar izlənilməlidir və s. Təbii ki, müxalifətin ritorikası
da, vitrini də, sıra sayı və əhatəsi də, imkanları da zənginləşməlidir.
Çox şeyə ehtiyac var. Birlik məsələlərindən tutmuş, adi davranışlara
qədər müxalif cinaha xeyli arzular və iradlar söyləmək olar.

Bəs bu yeni metodlar nə olmalıdır? Ən çətin şərtlər altında, ən
məhdud imkanlarla müxalifət nələrə əl atmır axı. Bəlkə biz doğrudan da
bilmirik. Səmimi olaraq bu qayğını bölüşənlər söyləməlidir bunu. Söhbət
adamlardan, liderlərdən getmir, kimi bəyənirsiniz, kimi bəyənmirsiniz,
bu da öz yerində. Mübarizənin hansı yeni metodları seçilməlidir? Varmı
belə üsullar?

Bir vaxtlar müxalifəti radikal metodları seçməkdə günahlandırırdılar,
guya kimsə əlinə silah alıb kiməsə atəş açır. Amma yumşaq üzünə
dönənlərin təcrübəsi göstərdi ki, bu üsulla heç cib müxalifəti də
düzəltmək olmur. 

Hakimiyyətin boz təbliğatçıları və dönüklük yolu tutan müxaliflər
uzun müddət mitinqləri tənqidə tuturdular, elə indi də belə edənlər var.
Lakin mitinqləri qaragüruhçuluq sayanlar da bilir ki, kütləvi
aksiyalarsız ölkədə dəyişikliyə nail olmaq mümkün deyil. Bizim çağımızda
bütün xalqlar haqlarını meydanlarda alıblar. Sonuncu prezident
seçkilərini götürək: müxalifət vahid namizədlə çıxış edirdi və onun
çıxışları qədərincə parlaq oldu. Qələbəsi də real idi. Amma MSK səsləri
növbəti dəfə saxtalaşdıranda meydanda bu durumu dəyişdirəcək qədər
narazı səs toplaşmadı. 

Uzun müddət deyilir ki, yeni liderlər, yeni qurumlar yaranmalıdır.
Onlar da yarandı və yenə də yarana bilər. Amma yollar ki eynidir. Bu
tarixi əhvalatı, tamam başqa bir mövzuda olsa da, bir dəfə də
yazmışam… 

…Hökmdar Ptolemeyin vaxtında iki cür yol olurmuş. Biri hamı üçün.
Digəri çar və onun yaxınları üçün – qısa, kəsə və rahat. Bir gün hökmdar
həndəsə öyrənmək istəyir və Evklidi yanına çağırır. Soruşur ki,
həndəsini öyrənməyin kəsə və rahat yolu varmı?

Evklid də deyir:

– Xeyr, həndəsədə rahat hökmdar yolu yoxdur.

Bizim dərə-təpəli siyasət üçün də belədir. Üstəlik, şərtlər kimi,
yollar və metodlar da eyni deyilmi? Hətta tutaq ki, gedilən yollar
doğrudan da yanlışdır. Bəs nə etmək olar? Kiminsə təklifi, fikri varmı?

Müxalifət həmişə seçkiləri udur, deməli, hər şey pis deyil. Amma
səsləri qorumağa meydana qədərincə insan çıxmır. Bu da onu göstərir ki,
repressiyalar və təzyiqlər nəticəsində xalqın meydana çıxmaqdan
çəkinməsinə başqa adlar qoymaq heç nə vermir bizə. Təbii ki, kiminsə
mübarizədən kənarda qalmasına başqa amillər də təsir edə bilər. Hesab
edək ki, kimsə elə mənim yazılarımdan narazı qalıb və müxalifətə yaxın
gəlmir. Amma əsas amil bu deyil axı. Əsas amil amansız repressiyaların
yaratdığı xofun aşıla bilməməsidir. Yoxsa niyə meydana gəlməyən insanlar
seçkidə müxalifətə səs verir?

Amma yenə də könül istər ki, yeni metodlar deyilsin, səsləndirilsin…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=11296

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930