Üzü Rusiyaya Azərbaycan

27.08.2014 - 10:27

Mujik Rusiyası

Mujik kimdir? Mujik gerçək bir idealı olmayan, nə üçün yaşadığını özü
də bilməyən, yalnız bugünlə yaşayan, dərin düşüncədən uzaq adamdır.
Rusiya keçənlərdə olduğu kimi, bu gün də mujiklər ölkəsidir. Rusiyanı az
da olsa gəzib-dolaşan kimsə bunu hər addımda görə bilər. Mujiklər
ölkəsi Rusiya – başı-ayağı bilinməyən, bir ucunda gün doğanda, o biri
ucunda gün batan ucsuz-bucaqsız yarımdünya ölkə! Bu ölkədə genişlənmək
istəyi kütləvi psixoz yerindədir.

III

Burada, demək olar, hamı ölkənin sonsuzluğadək genişlənməyini
istəyir. Nə olur-olsun, necə olur-olsun ölkə genişlənsin. Qanunçuluq?
Olmasa da olar! Düzgünlük? Olmasa da olar! Çağın gərəklərinə uyğun
normal yaşayış? Olmasa da olar! Təki Rusiya indikindən daha geniş, daha
güclü olsun! Ən azı I Pyotrdan bu yana Rusiyada güc bütün toplumun –
bütün ölkənin gəlişməsi – yüksəlişi ilə deyil, başda duran yönəticinin
(pravitelin) güclü – “dəmir əli” ilə ölçülür: mujik psixologiyası! Bu
gün Rusiya belə bir yönətici – Putinlə güclüdür. Mujik Rusiyası buna
görə Putini çox sevir. Putin Krımı tutandan sonra mujik Rusiyasının
kumirinə çevrilib.

Statistika göstəricilərinə görə, Rusiyada güclü cinsin 90%-nin, başqa
sözlə desək, yüzdə doxsanının potensiya problemi var. Bu elə-belə söz
deyil, gerçək statistikadır. Impotentliyin nədənləri olaraq bunlar
göstərilir: alkoqolizm, siqaret çəkmək, narkotik, stress. Rusiya bütün
bu öldürücü görsənişlərin geniş, özü boyda bataqlığına çevrilmiş
ölkədir. Buna görə son 25 ildə Rusiyada 40 min KÖY ölüb, yoxa çıxıb.
Buna görə Rusiya bütövlükdə diriliyini itirən ölgün, ölümcül bir ölkəyə
çevrilib. Putinə bu ölkəni sağlamlaşdırıb, gəlişdirib,
dirildib-dirçəldib ayağa qaldırmaq gərəkirkən Putin bu yerdə sürünən
ölkənin sınırlarını daha da genişləndirməyə girişir: bir yandan Avrasiya
Birliyi yaratmaqla, o biri yandan haralardasa ələ düşən olanaqdan
yararlanaraq saldırı-aqressiya variantına əl atmaqla. 

Öz ölkəsini gərəyincə yönətə bilməyən rus yönəticisi, öz ölkəsində
ağalıq edə bilməyən rus toplumu özgə ölkələri yönətmək, özgə toplumlara
ağalıq etmək kimi ağılsız-yaramaz istəklərə yüklənmək görsənişlərilə
gerçəkdən fenomen-anlaşılmazlıqdır. Iyirmi ildən bəri çeşidli
maxinasiyalar yoluyla Rusiyanın başında duran, iyirmi ildən bəri
Rusiyanı korrupsiya-çürümə bataqlığına batıran Putin Avrasiya adı
altında daha böyük Rusiya – yeni SSRI yaratmağa çalışır. Ancaq Putin
burasını da gözəl bilir: geostrateji baxımdan olduqca önəmli, eləcə də
doğal resurslarına görə vazkeçilməz Ukrayna ilə Azərbaycansız SSRI –
yeni daha böyük Rusiya alınmayacaq! 

Buna görə Putin bu gün Ukraynada bütün resurslarını işə salmaqla
ölüm-dirim savaşı aparır. Buna görə Putin qurduqları, uzun illərdən bəri
allərində-ovuclarında tutduqları əliyevçi rejimlə birgə de-fakto əldə
saxladığı Azərbaycana eləcə də de-yure yiyələnməyə çalışır. 21 ildən
bəri Azərbaycanda qurulan Azərbaycana düşmən satqın rejim, bu rejimi
oluşduran kimsələr illərdən bəri oğurluq-soyğunçuluq yolu ilə
topladıqları milyonları, milyardları qoruyub saxlamaq qarantiyası ilə
Putin Rusiyasının bir parçası olmağa yüyürə-yüyürə gedərlər,
gedəsidirlər, bir sıra görsənişlərdən göründüyü kimi, gedirlər. Putinin
Krımı tutub almaqla “qardaş” Ukraynanı parçalaması, “qardaş” dediyi
Ukraynada törətdiyi, törətməkdə olduğu qırğınlar onların vecinə də
deyil; təki Putin onlara, onların oğurluq milyonlarına, milyardlarına
toxunulmazlıq hüququ tanısın. Onlar kriminal Putin Rusiyasında belə
toxunulmazlıqların haralaradək toxunulmaz olduğunu ağıllarının ucundan
belə keçirmək istəmirlər.

Onlar demokratiya qanunçuluğundan qorxaraq avtoritar Putin
Rusiyasının bir parçasına çevrilməyi qurtuluş qurşağı olaraq
dəyərləndirirlər. Biz onları qınaya bilmərik: olanları budur –
oğru-kriminal rejim oluşduranlardan bundan artıq nəsə gözləmək
anormallıq olardı… 

Putinin savaşı

Putin özünü Rusiya, rusluq, slavyanlıq uğrunda savaş aparan kimsə
olaraq göstərməyə çalışır. Gerçəkdəsə bu belə deyil; o, Rusiya, rusluq,
slavyanlıq demaqogiyası ilə pərdələnib mujik Rusiyanı özünün
arxa-dayağına çevirməklə, avtoritar dünyagörüşünə, keqebeşnik
özəlliklərinə uyğun olaraq formalaşdırdığı rejimi uzun illər qoruyub
saxlamaq istəyir. Avrasiya proyekti də, Krımın tutulması, Ukraynada
aprılan savaş kimi görsənişlər də ona bundan ötrü gərəkdir. Bircə Krım
faktı ABŞ-ın, Avropanın bəlli sanksiyaları olmadan belə Rusiyanı böyük
sorunlarla üzləşdirib. Sözü gedən sanksiyalarla bağlı Rusiyanın itkiləri
hələ indidən 300 milyarda yaxınlaşmaqdadır. Bundan başqa, Krıma böyük,
çox böyük pullar yönəltməli olan Putin hökuməti indidən ölkəiçi sosial
proyektlərin çoxuna yenidən baxmalı, onların bir çoxunun üstündən iri
bir cız çəkməli olub. Belə proyektlərin biri Lena çayı üzərində
tikilməli olan böyük körpü idi. Pul çatışmazlığı üzündən körpünün
tikintisi ertələnib. Putin indiyədək dönə-dönə onun hakimiyəti dönəmində
Rusiyada pensiya yaşının (60 yaş) artırılmayacağını bildirmişdi. Bir
çox başqa sosial qərarlar kimi bu qərara da yenidən baxmaq gərəyi
yaranıb. Krım tək deyil; Ukrayna da bir yandan Rusiyanın milyonlarını,
milyardlarını çəkib udmaqdadır. Rusiyalı uzmanların bildirdiyinə görə,
Rusiyanın dövlət büdcəsi 100% neft-qaz satışından əldə edilən gəlirlərə
bağlıdır. Bu isə ölkədə ekonomikanın yoxluğu deməkdir. Güclü ekonomikası
olmayan ölkə uzun sürə böyük itkilərin qarşısında duruş gətirə bilməz.
Bu baxımdan, indiki sürəc içində Rusiyanın bütünlüklə çökəcəyi gün
uzaqda deyil. 

Putin “qardaş” dediyi Ukraynada bütün parametrlər üzrə savaş aparır:
informasiya savaşından tutmuş hərbi-diplomatik savaşadək. Bu amansız
Putin savaşının konkret görsənişlərindən biri: Rusiyanın I kanalı başda
olmaqla televiziyalar Slavyanskın Lenin meydanında ukraynalıların 5
yaşlı rus uşağını çarmıxa çəkdiklərini bildirmişdi. Sonrakı araşdırmalar
çarmıxa çəkmə faktının yalan olması bir yana, Slavyanskda Lenin adına
meydanın olmadığı faktını ortaya çıxardı. “Bizim” Iradə Zeynalova başda
olmaqla o yalanı yayan jurnalistlərin, televizyaların biri də ən azı
bilmədən yalan danışdığını demədi – rejimə belə gərək idi. Biz buna
bənzər yalanları Rusiyanın başında durduğu Qarabağ savaşında gördük: o
savaş boyunca Rusiya telekanalları ermənilərin etdikləri vəhşilikləri
azərbaycanlıların ayağına yazırdılar.

Bugünlər Rusiya çoxsaylı pul itkiləri üzündən ağır durumla üzləşib.
Ağır durumunu yüngülləşdirmək üçün Rusiya üzünü Azərbaycana çevirib,
Azərbaycanla daha çox yaxınlaşmağa, Azərbaycandan daha çox nələrsə
qoparmağa çalışır. Elə bugünlərdə ermənilərin törətdikləri bəlli
qırğının arxasında da Rusiyanın dayandığı hamıya aydındır: Rusiya
hansısa itkilərinin yerini Azərbaycanı qorxutmaqla doldurmağa çalışır.
Bu qorxutmanın üstündən rusiyalı siyasətçilər utanıb-qızarmadan
Azərbaycanla bağlı hansısa umacaqlarını dilə gətirir, açıq-aydın
Azərbaycanın sanksiyalarla sıxışdırılan Rusiyaya yardım etməsini
istəyirlər. Azərbaycanda 21 ildən bəri qurduqları, illərlə arxa
durduqları rejimi yaxşı tanıdıqlarından onlar istədikləri yardımı
alacaqlarına arxayındırlar. 

Bütün Sovet hakimiyəti boyunca “Ermənistan” dotasiyada oldu,
Azərbaycan donor funksiyasını yerinə yetirdi. Buna baxmayaraq, bütün
Sovet hakimiyəti boyunca “Ermənistan”, ermənilik Moskvadan qayğı,
Azərbaycansa qamçı gördü. Sovet hakimiyətinin ilkin çağlarında
Azərbaycan torpaqlarında qanlı qırğın yoluyla “Ermənistan” yaradan
ruslar, Sovet dağılan çağlarda da Azərbaycanın Qarabağ bölgəsində qanlı
qırğın yoluyla II “Ermənistan” yaratdılar. Son 25 ildə Moskva
“Ermənistana”, erməniliyə milyardlarla dollar dəyərində yardımlarda
bulunub, bulunmaqdadır. Azərbaycana qarşı erməniyönlü çoxillik
informasiya savaşı da öz yerində. Uzaq-yaxın keçmişdə olduğu kimi, bu
savaşın başında bu gün də birbaşa rusiyalı siyasətçilər dayanır. 

Rusyanın ermənisevər siyasəti necə dəyişməzdirsə, antiAzərbaycan –
antiTürk siyasəti də eləcə dəyişməzdir. Rusiya siyasətçilərinin, demək
olar, hamısı ermənisevər, antiAzərbaycan-antiTürk baxışlıdır. Başqaları
bir yana, başında Yuri Polyakovun durduğu “Literaturnaya qazeta” il
uzunu, illərlə ermənilərə, erməniyönlü yazılara qəzetində geniş yer
verməklə qalmır, “Strana Nairi” başlığıyla erməniliyə birdən 4 səhifə
yazı-buraxılış ayırır. Bu 4 səhifəlik buraxılışda dünyanın ayrı-ayrı
yerlərində yaşayan ermənilərə verilən üç gələnəksəl (qəzet özü belə
yazır) sualdan birincisi belə olur: “1.Hansı durumun doğurduğu nədən
olaraq siz tarixi Ökənizdən uzaqda doğulub böyüməli oldunuz?” Sualın
qoyuluşuna baxın! Burada erkəkli-dişili danışdırılan ermənilərə
yönəldici sual verilir, faktik olaraq Türkləri-Türklüyü söyüb-yamanlamaq
diktə olunur. Tarix faktlarından bəlli olduğu kimi, Rusyanın özünün
yetişdirdiyi, arxasında özünün dayandığı yalançı “erməni genosidi”
beləcə yalnız erməniliyin deyil, eləcə də dərin düşüncədən, gerçəyə
varmaq çalışqanlığından uzaq MUJIK Rusiyasının gündəm faktoruna
çevrilir. Bəlli olduğu kimi, Yuri Polyakov Kremlə, Putin ideyalarına
bağlı yazar-jurnalistlərdən sayılır!

Açıq-aydın göründüyü kimi, Putin Rusiyanı Batıdan-Avropadan
uzaqlaşdırıb Çinə yaxınlaşdırmağa çalışır. Rusiyada Putinin bu
siyasətini düzgün sayıb alqışlayın bir çox tanınmış
politiklər-politoloqlar var. Bu kökündən yanlış siyasəti bəyənib
alqışlamağa dəyərmi? Sözsüz, yox! Burada çox saya bir nədən var: Avropa
çox istəsə belə, Rusiyanı uda bilməz; azman, acgöz Çin isə onsuz da boş
olan, yuxarıda göstərilən nədənlər üzündən getdikcə daha da boşalan
Rusiyanı bütünlüklə udmaq üçün əlverişli moment gözləyir. Buna görə
Putin ölkəsini bu olduqca qorxulu gerçəklikdən qorumaq üçün bir yandan
Avropa ilə, o biri yandan ölkəsini çevrələyən Türk dövlətləri ilə
imperiya ambisiyalarından uzaq, tən hüquqlu ilişkilər qurmalı, bu
ilişkiləri bütün parametrlərlə yüksəyə qaldırmalı idi. Bunun yerinə nə
baş verir? Yuxarıda dönə-dönə deyildiyi kimi, Rusiyada yaşı yüz illəri
ötən antiTürk siyasətlərinə üstünlük qazandırılır, geniş meydan
 verilir. 

Keçən yüzilliklərdə olduğu kimi kazaklar bu gün də Rusiyada üstün güc
olaraq tanınırlar. Putin kazak gücünü yaxşı bildiyindən kazak
birlikərinin başında rejimə bağlı kimsələri oturtmaqla bu gücü kontrol
altında saxlamağa çalışır. Başqa yerlərdəki kazakları deyə bilmərəm,
Qafqazdakı kazaklar, görünür, gərəkərsə, Qafqazı əldə saxlamaq, eləcə də
hansısa Putin aqressiyalarını gerçəkləşdirmək üçün gizli ordu durumuna
gətirilib. Rusiya qəzetlərində kazaklarla bağlı yazılara baxdım. Bu
yazılarda kazaklar gerçəyə uyğun olaraq Türk deyil, rus-slavyan deyə
göstərilir. Bu da Rusiyanın, birbaşa Putinin antiTürk siyasət
yürütməsinin konkret görsənişlərindəndir. Deyəsən, Puşkinin “Əyil
Qafqaz, Yermolov gəlir!” buyruğu yenidən aktuallaşır…

Üzü Rusiyaya Azərbaycan üç yazıda göstərilən (bütünlüklə
göstərilməyən) fakt-siyasət toplusu ilə üzləşəcək Azərbaycan deməkdir.
Bizə belə Azərbaycan gərəkdirmi?!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=11331

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930